Məhkəmə qərarları › İş №2-1(118)-1573/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1573/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1573/2022 16.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ayrılması öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ayrılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli, Ş- 16-068 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1983-cü ildə anadan olmuşdur. xx.xx.2001-xx.xx.2005-ci illərdə H.Əliyev adına Hərbi Məktəbdə təhsil almışdır. AR MNnin 22 iyul 2016-cı il tarixli, 0501 saylı əmri ilə xəstəliyə görə həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Ehtiyatda olan baş leytenantdır. Mənzili olmadığı üçün Sumqayıt şəhər icra Hakimiyyəti tərəfindən 12 noyabr 2021-ci ildə mənzil növbəsinə götürülmüşdür (növbədə 145-ci adamdır). İddiaçı, mənzil kirayə xərclərinin ödənilməsi xahişi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Sumqayıt şəhər İH-ti Başçısı aparatı xx.xx.2022-ci il tarixli, Ş-16-068 saylı məktubla xahişini rədd etmişdir. Həmin məktubda cavabdeh imtinaya səbəb kimi “2-ci qrup hərbi xidmət əlili kimi mənzil uçotuna” alındığından qanunvericliyin tələbinə görə müvafiq yaşayış sahəsinin kirayəsi üçün ona kompensasiyanın ödənilməsi şamil edilmədiyi göstərilmişdir. iddiaçı aşağıda qeyd edilənlərə əsasən imtinanı əsassız sayır. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 174 saylı qərarına əsasən “yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş, ştatların ixtisarına görə ehtiyata və istefaya buraxılmış və yerli İcra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərəvə miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya yaşayış evinin tikintisi üçün torpaq sahəsi almanadək müvəqqi yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir”. Yuxarıda qeyd etdiyi kimi xəstəliklə əlaqədar hərbi xidmətdən istefaya buraxılmışdır. mənzili olmadığına görə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 12 noyabr 2021-ci ildə mənzil növbəsinə götürülmüşdür. Növbəsi 145-dir. Hesab edir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ayrılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı 2-ci qrup hərbi xidmət əlilidir. O, hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlil kimi xx.xx.2021-ci il tarixdən imtiyazı əsasında yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki,15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli İcra hakimiyyəti başçıları hərbi qulluqçuların mənzil sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göstərilən qanun normasına əsasən hərbi xidmət əlillərinə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ayrılmasını istəyir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 0501 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 42.0.2-ci maddəsinə əsasən (xəstəliyə görə) istefaya buraxılmışdır. xx.xx.2016-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində hərbi qeydiyyata alınmışdır. (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin 30 iyun 2022-ci il tarixli, 169 saylı arayışı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən verilmiş İddiaçı barədə sonuncu müayinəyə dair məlumatda qeyd edilir ki, İddiaçı xx.xx.2018-ci il tarixində hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlilik təyin edilmişdir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, İddiaçı 2-ci qrup hərbi xidmət əlilidir. O, hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlil kimi xx.xx.2021-ci il tarixdən imtiyazı əsasında yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Hərbi xidmət əlillərinə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənlməsi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Ordusunun vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri, o cümlədən hərbi xidmət keçən vətəndaşların hüquq və vəzifələrini müəyyən edən "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli qanunu qəbul edilmişdir. Həmin qanuna görə, hərbi qulluqçunun statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyənləşdirilən, hərbi xidmətin xüsusiyyətləri ilə bağlı əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. İstinad olunan hərbi qanunvericilikdə hərbi qulluqçuların konstitiusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istehfaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyaların təmin edilməsini nəzərdə tutmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü hissəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Habelə “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının birinci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. İstinad olunan normativ hüquqi aktda mənzil kirayəsi xərclərinin ödənilməsi məbləği, məsələn Sumqayıt şəhəri üçün bu məbləğin 100 manat təşkil etməsi, eləcə də mənzil kirayəsi xərclərinin ödənilməsi qaydasının yalnız nağdsız qaydada, yəni pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilərək ödənilməsi qaydası nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvericilikdə xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün yalnız nağdsız qaydada kompensasiya ödənilməli olduğu qeyd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı xəstəliklə (ikinci dərəcəli əlillik) əlaqədar hərbi xidmətdən istefaya buraxılmışdır. Bu halda məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmaqla yanaşı, eyni zamanda istinad etdiyi hüquqi əsaslandırma anlaşılan deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ayrılması öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya (aylıq kirayə xərci) ayrılması öhdəliyi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar