Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1573/2023 02.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Qusar rayon Avaran Bələdiyyəsinə qarşı “cavabdehin ona vurduğu mənəvi və maddi ziyanın əvəzi olaraq, 2011-2022-ci illərdə cəmi - 3000 AZN, həyətyanı bağ sahəsindən kənd məhsullarından orta hesabla mümkün olan gəlir cəmi - 18000 AZN, Dəri istehsalı emalatxanasından və ev kirayəsindən mümkün olan orta hesab 10 ildə gəlir, cəmi - 29000 AZN pul vəsaitin, ümumilikdə 50.000 manat pulun onun nümayəndəsi Səmədov E.S. kart hesabına ödənilməsi barədə qərar çıxarılması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 1994-cü ildə ümumi ailə razılığı ilə Qusarın Avaran kəndində ümumi torpaq sahəsi 25 sot və ev 32 kv. sahəsi almış, tam olaraq Azərbaycan Respublikasının Qanununa əsasən notarial qaydada alqı-satqısı ilə və Bakı şəhəri Abşeron rayonu İnventarlaşdırma İdarəsinin 1995-ci il tarixli Qeydiyyat vəsiqəsi. 1995-2003-cü ilədək hər yaz, yay fəslində Avaran kəndinə ailəsi həmin əraziyə gedib. Lakin 2003-2011-ci illərdə səhhətinin pisləşməsi nəticəsində kəndə gedə bilməmiş, bu səbəbdən ev baxımsız qalmışdır. Bu fürsəti Avaran kəndinin Bələdiyyə sədri əldən buraxmayıb və saxta sənəd tərtib edərək Babayev H.P. ona məxsus olan 25 sot torpağı və evi tam şəkildə Sumqayıt şəhər sakini olan X5 boş torpaq adı ilə 2007-ci ildə satmışdır. Onun oğlu və nümayəndəsi X10 2011-ci ildə həmin kəndə gedərkən evə daxil ola bilməyib. Sahə tamamilə hasarlanıb, sahə yararsız hala düşdüyünü görüb və dərhal məhkəməyə iddia verib 2011-2022-ci illərdə. Hal-hazırda olduğu kimi məhkəmələr davam edir. Düzdür evi və 25 sot torpaq özünə qaytarılıb. xx.xx.2019-cu il tarixdə növbəti məhkəmə bildirişini eşidərkən yoldaşı X11 xəstələnib və dünyasını dəyişib. (Ölüm haqqında şəhadətnaməsi). 2011-ci ildə oğlu Səmədov E.S. kəndə gedərkən orada məskunlaşaraq qış fəslində dəri istehsalı emalatxanası açmaq və yay aylarında isə evi əsaslı təmir edib kirayə vermək fikiri ilə getmişdir. Eyni zamanda 1995-2003-cü illərdə olduğu kimi bağ məhsullardan faydalanmaq istəyib (alma, qoz, moruq, gilas və sairə). Bunların hamısından onlar məhrum olmuşlar. Onları 10-11 il sənədli qanuni həyətinə buraxmayıblar(Mustafayeva R.). Hesab edir ki, o bir mülkiyyətçi olaraq maddi və mənəvi ziyan çəkmiş, ailəsi əziyyət çəkib və nəticədə həyat yoldaşını itirmişdir. Əvvəlki illərdə onlar kartof əkmiş ildə 150 kq, alma - ildə 5 ağac - 200 kq, qoz - 7 ağac - 130 kq. Oğlu Səmədov E.S. nəzərində tutmuş dəri istehsalı orta hesab - ildə 2000 AZN, evin kirayəsi yay ayları günlük - 50 manat, ildə orta hesab 1500 manat qazanc əldə etmək olur. Bütün bunlardan məhrum olmağının səbəbkarı Avaran kənd Bələdiyyə sədri Babayev H.P. və hesab edir ki, Babayevin qanunsuz hərəkəti müəyyən pul vəsaiti ilə əvəz edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh qismində Qusar rayon Avaran Bələdiyyəsinin tanınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin nümayəndəsi uzun müddətdir ki, Cavabdeh sədri işləyir. 2007-ci ilin axırlarında X3 ona müraciət edərək İddiaçı məxsus torpaq sahəsini və orada yerləşən tikilini almaq istədiyini bildirmişdir. Həmin torpaq sahəsinə baxış keçirdikdə, orada bir mərtəbəli, 3 otaqdan ibarət, ciy kərpicdən inşa edilmiş tövlə tipli tikili olduğunu və tövlədə qonşunun ot saxladığını müəyyən etmişdir. Həmin torpaq sahəsinə dair sənədləri yoxladıqda, bələdiyyə mülkiyyətində olduğunu müəyyən etmişdir. X4 müraciəti əsasında Cavabdeh 32 saylı 05 noyabr həmin torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X2. Bu barədə torpaqların alqı-satqısına dair akt tərtib edildi, X8 bələdiyyənin hesabına pul ödədi. O İddiaçı qızma heç bir ziyan vurmamış, belə ki, həmin torpaq sahəsində iddia ərizəsinə göstərildiyi, alma, qoz, moruq, gilas və sairə ağacları olmayıb, orda ümumiyyətlə ağac olmayıb, həmin sahədə iddiaçı heç vaxt kartof əkməyib. Orada iddiaçının oğlunun dəri istehsalı emalatxanasının istifadəyə verilməsi fərziyələrdir. Odur ki yuxarıda göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iştrak edən X9 özünün Avaran Bələdiyyəsinin sədri olmasına bildirsədə buna dair müvafiq sənədlərinin məhkəməyə təqdim etməməsi (bələdiyyə sədri təyin edilməsi haqqında qərarın itirildiyini bildirmiş) səbəbindən cavabdehin nümayəndəsi qismində verdiyi ifadəsi məhkəmə qərarına əlavə edilmədi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubuna dair xəbərnamələrin surəti, cavabdehin etiraz ərizəsi, Qusar Rayon Məhkəməsinin 2(029)-905/2019 nömrəli, 23 sentyabr 2019-cu il tarixli qətnaməsinin surəti, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-82/2018 nömrəli, 30 aprel 2018-ci il tarixli qərarının surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-169/2019 nömrəli, 23 yanvar 2019-cu il tarixli qərarının surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3932/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qərarının surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsindən istifadə etdiyi vaxtdan yaranmış olur. Qusar rayon Avaran Bələdiyyəsi iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müvafiq bələdiyyə hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi bələdiyyənin ərazi hüdudları daxilində yerləşir. Belə olduğu tədqirdə bələdiyə hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia tələbindən məlum olur ki, iddiaçının tələbi onun mülkiyyətində olan torpaq sahəsində istifadə edə bilməməsinə görə cavabdehdən kompensasiya alınması ilə bağlıdır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı müvafiq orqana müraciət etmiş, lakin onun müraciəti inzibati orqan tərəfindən cavablandırılmamışdır. Belə olan təqdirdə iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmış olur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia kompensasiyanın verilməsi ilə bağlı olduğuna və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Qusar rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ailə üzvlərinin sahibliyində Qusarın Avaran kəndində 25 sot torpaq sahəsi və inşa edilmiş tikili olmuşdur. Həmin torpaq sahəsi Cavabdeh 32 nömrəli, xx.xx.2007-ci tarixli qərarı ilə X1. İddiaçı sonradan müəyyən edib ki, bələdiyyə tərəfindən satılan torpaq sahəsi onun sahibliyində olmuş torpaq sahəsidir və bu səbəbdən də məhkəmə mübahisələri olmuşdur. Nəticədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-82/2018 nömrəli, 30 aprel 2018-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 32 nömrəli, xx.xx.2007-ci tarixli qərarı iddiaçıya aid olan hissədə ləğv edilmiş və həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-169/2019 nömrəli, 23 yanvar 2019-cu il tarixli qərarı ilə qanuni qüvvəyə minmişdir. Eyni zamanda iddiaçı sahibliyində olmuş torpaq saəhəsi və tikilidən cavabdehələri boşaldmaq üçün mülki mühakimə icraatında məhkəməyə müraciət etmiş, Qusar Rayon Məhkəməsinin 2(029)-905/2019 nömrəli, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi iddiası təmin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3932/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli qərarı həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hal-hazırda iddiaçı uzun illər ərzində məhrum olmuş əmlakından istifadə edilməməsinə görə cavabdeh inzibati orqandan 50000 manat kompensasiya tələb edir, lakin məhkəməyə ona vurulmuş həmin ziyanın sübutu haqqında heç bir əsaslı dəlil təqdim etməmişdir. Belə ki, iddiaçı həmin torpaq sahəsinin onun sahibliyində olması təmin edilsəydi həmin torpaq sahəsindən istifadə etməsi, o cümlədən turizm məqsədləri üçün istifadə edə biləcəyi ilə bağlı söylədiyi fikirlər mücərrəd xarakterlidir. Yəni torpaq sahəsinin iddiaçının faktiki sahibliyində olması qeyd olunan hərəkətlərin (torpaqdan turizm və digər məqsədlər üçün istifadə edərək gəlir götürməsi) edilməsinə dəlalət edə bilməz. Başqa sözlə desək iddiaçıya dəyən maddi zərərin və həmin zərədən irəli gələn mənəvi zərərin nədən ibarət olması aşkar olunmadı. Ziyanla bağlı tələb edilən kompensasiya İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulmuşdur və həmin tələbin hüquqi əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrində öz əksini tapmışdır. Qeyd olunan Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsi ilə bağlı (mənəvi ziyanla bağlı fiziki və mənəvi iztirabların keçirilməsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının olmasına baxmayaraq məhkəmə hesab edir ki, hazırkı mübahisəyə qeyd olunan müddəanın tətbiq edilməsi həyata keçirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Qusar rayon Avaran Bələdiyyəsinə qarşı “cavabdehin ona vurduğu mənəvi və maddi ziyanın əvəzi olaraq, 2011-2022-ci illərdə cəmi - 3000 AZN, həyətyanı bağ sahəsindən kənd məhsullarından orta hesabla mümkün olan gəlir cəmi - 18000 AZN, Dəri istehsalı emalatxanasından və ev kirayəsindən mümkün olan orta hesab 10 ildə gəlir, cəmi - 29000 AZN pul vəsaitin, ümumilikdə 50.000 manat pulun onun nümayəndəsi Səmədov E.S. kart hesabına ödənilməsi barədə qərar çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1573/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1573/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver