Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1575/2022 22.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “14.06.1998-ci il təvəllüdlü X3 Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 38 saylı evin, 37 saylı mənzil qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “14.06.1998-ci il təvəllüdlü X3 Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 38 saylı evin, 37 saylı mənzil qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 38 saylı evin, 37 saylı mənzili Sumqayıt şəhəri X8 İcraiyyə Komitəsi tərəfindən 16 avqust 1982-ci il tarixli 09/823 saylı Order əsasında X1 verilmiş və həmin evdə ailəliklə yaşayırlar. Mərhum həyat yoldaşı X4 19 iyun 2020-ci ildə vəfat etmişdir. 14.06.1998-ci il təvəllüdlü nəvəsi X3 məlumatı və xəbəri olmadan bu mənzilə qeydiyyata götürülmüşdür. Zarina Abbaslı mənzildə heç vaxt yaşamamış, bu mənzillə heç bir bağlılığı olmamış, onunla birgə təsərrüfat aparmamış və formal qeydiyyatda olmaqla özlərinin aynca mənzili vardır, onun harada yaşaması barədə məlumatı yoxdur. Cavabdehin mənzildə qeydiyyatda olması mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkməyinə səbəb olur. İddiaçı, X3 mənzilində formal olaraq qeydiyyatda olmasını, lakin faktiki yaşamayan və mənzildən istifadə hüququ olmayan şəxs kimi mənzil qeydiyyatından çıxarılması üçün Azərbaycan Respublikası Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən verilmiş 123-10134a saylı 01.04.2022-ci il tarixli məktubu ilə onun mənzil qeydiyyatından çıxarılmasından əsasssız olaraq imtina olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-ci maddəsinin 1-ci hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. ‘‘Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 04.04.1996-ci il tarixli Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə- müvafiq İcra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə- məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə- ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Mənzilində formal olaraq qeydiyyatda olan, lakin faktiki yaşamayan və mənzildən istifadə hüququ olmayan şəxslərin mənzildən çıxarılması üçün şəxs ərazi üzrə Polis İdarəsinə inzibati qaydada müraciət etmək hüququ vardır. Bu məsələ “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020cİ il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında da müəyyən edilir ki, mülkiyyətçi ona məxsus yaşayış sahəsində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün inzibati orqana müraciət etməlidir. Daxili İşlər Nazirliyi şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üzrə səlahiyyətli inzibati orqandır. Daxi i İşlər Nazirliyinin müvafiq ərazi qurumu kimi Polis İdarəsi ərazi üzrə bu səlahiyyəti həyata keçirir. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə əsasən yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən İmtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Bununla yanaşı, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Göründüyü kimi, yaşayış sahəsindən kənar şəxslərin qeydiyyatdan çıxarılması üçün maraqlı şəxs məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Azərbaycan Respublikası İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə iddia vasitəsi ilə iddiaçı onun arzuladığı İnzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən təkəb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktıın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə dair iddia) inzibati aktın qəbul edilmdiyi hallara şamil olunur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil 16 avqust 1982-ci il tarixli, 09/823 saylı order əsasında iddiaçının mərhum əri X2 və onun ailə üzvlərinə verilmişdir. Göründüyü kimi iddiaçının həmin mənzili özəlləşdirmək imkanları olsada, hazırda mənzil İddiaçı mülkiyyətində deyildir. Hazırda həmin mənzilə iddiaçının mülkiyyət hüququ mövcud olmadığı üçün məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçının mövcud qanunvericiliyə əsasən mənzilə mülkiyyət hüququ əldə etmək imkanı olsada, o bu hüquqdan istifadə etmədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi konstitusiya məhkəməsinin qərarındada mənzil mülkiyyətçilərinin hüquqlarının qorunduğu qeyd edilir. Lakin hazırda iddiaçı qeyd edilən mənzilə gözlənilən hüquqlarını əldə etmədən hazırkı iddianı qaldırmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən sonra təkrar inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə, təkrar məhkəməyə müraciət edə bilər. Bundan əlavə istifadə hüququna xitam verilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindəndə istifadə edilməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev