Məhkəmə qərarları › İş №2-1(118)-1577/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1577/2021

02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1577/2021 02.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçılardan İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat müavinətin verilməsi” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 8 saylı Ərazi Məşğulluq Mərkəzinə qarşı iddia qaldıraraq “190 manat müavinətin verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 məhkəməyə özünün və digər İddiaçı1 ərizəsini təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cəlb edilməsini və işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Digər İddiaçı1 və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə onlara məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclası İddiaçı1 və cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçıların ərizəsi təmin edilməli, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən həmin məcəllənin 8.1.1-8.1.3 maddəsində nəzərdə tutulan hallar istisna olmaqla iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi aidiyyətin müəyyən olunmasında həmin norma ümumi norma kimi çıxış edir. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya xüsusi norma kimi çıxış edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-8.1.3-cü maddələrinə uyğun olaraq baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Göründüyü kimi iddiaçının olduğu yerin məhkəməsi tərəfindən sözügedən məcəllənin 8.1.2-ci maddəsinin tətbiqi ilə işə baxıla bilməsi, iddianın mübahisələndirmə haqqında iddia olması ilə məhdudlaşmışdır. Hazırkı iddia isə məcburetmə haqqında iddia olduğuna görə sözügedən məcəllənin 8.1.2-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Hazırkı mübahisə üzrə aidiyyətin müəyyən olunmasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsidə tətbiq oluna bilməz. Həmin maddəyə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi qanunverici bu maddənin tətbiq edilə bilməsi üçün tərəflər xidməti hüquq münasibətlərinin mövcud olmasını şərt olaraq göstərir. Lakin hazırkı işdə tərəflər arasında belə münasibətlərin olması müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə xüsusi norma rolunu oynayan, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-8.1.3 maddələri tətbiq edilməyəcəyinə görə, bu halda ümumi norma rolunu oynayan, həmin məcəllənin 8.1.4-cü maddəsi tətbiq edilməli və işə cavabdehin olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 isə Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat müavinətin verilməsi” tələbinə dair iddia ərizəsinə baxılması ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “190 manat müavinətin verilməsi”nə dair iddiası üzrə 2- 1(118)-1577/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar