Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1579/2021 22.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçı, cavabdeh təşkilatın nümayəndəsi X2 iştrakları ilə, İddiaçı Cavabdehnə qarşı “icarəsində olan Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0,0306 ha torpaq sahəsində inşa edilmiş 571 kv.m ölçüdə qeyri-yaşayış binası üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə" dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında yazılı icrsaat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki,Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0,0306 ha torpaq sahəsi üzərində icarə hüququnu notarial qaydada təstiq edilmiş alqı-satqı müqaviləsi əsasında 14.12.2018-ci ildə iddiaçı tərəfindən X3 alınmış və həmin torpaq sahəsi üzərində iddiaçının icarə hüququ 18.12.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyesterində qeydiyyat alınmışdır. Qeyd olunan torpaq sahəsinin üzərində səlahiyyətli dövlət orqanları ilə razılaşdırılmış eskiz layihəsi əsasında iddiaçı tərəfindən 571 kv.m ölçüdə qeyri-yaşayış binası inşa etdirilmişdir. Tikintiyə icazə verilməsi haqqında Sumqayıt şəhər İcra Hakimiyyətinin 30.11.2012-ci il tarixli sərəncamı, habelə 05.04.2013-cü il tarixli istismara qəbul aktı və texniki baxış rəyi X4 adına verilmişdir. X8 birgə ahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə sənədlərin Cavad Nəsirovun adına verilməsinə bir o qədərdə əhəmiyyət verməmişdir. Lakin sonradan Cavad Nəsirov qeyd olunan tikilinin iddiaçının adına rəsmiləşdirilməsi üçün notarial qaydada təstiq edilmiş razılıq ərizəsi vermişdir.Qanunvericiliyin tələblərinə uyğun olaraq tikintisi başa çatandan sonra səlahiyyətli qurum həmin qeyri-yaşayış binasının istismarına hazırlıq aktını vermiş, bundan sonra da Sumqayıt şəhər icra hakimiyyəti başçısı tərəfindən tikinti obyektinin istismarına icazə sənədi də verilmişdir. Lakin inşa etdirdiyi həmin sahibkarlıq obyekti və onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə, qeyri-yaşayış binasının yerlədiyi torpaq sahəsinə dair isə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi bildirilərək, hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edildi. Halbuki, inşa etdirdiyi qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi bələdiyyə tərəfindən 29.10.2029-cu ilədək icarəyə verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və müəyyən edilmişdir ki, qeyri-yaşayış binası üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsasında aparılır. Belə ki, həm torpaq sahəsi üzərində inşa edilmiş tikilinin müvafiq icra hakimiyyəti orqanı (Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi) ilə razılaşdırılmış eskiz layihəsində, həm də istismara qəbul aktının ayrılmaz hissəsi olan texniki baxış rəyində tikilinin ümumi sahəsi düzgün göstərildiyi halda, istismara qəbul aktının özündə tikilinin ümumi sahəsi qrafasında səhvən tikilinin deyil, torpaq sahəsinin ölçüsü (306 kv.metr) göstərilmiş, daha sonra qələmlə həmin yazının yanında 592.14 kv. metr qeyd edilmişdir. Qeyd edilən uyğunsuzluğa görə Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə ona 09.07.2021-ci il tarixli **********66 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin təşəbbüsü ilə dindrilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində mühəndis –inventarlaşdırıcı vəzifəsində işləyən X5 izahat verərək, bildirmidir ki, qeyd olunan qeyri yaşayış binası inşa edildikdən sonra binanın müayinəsi, yəni ölçülərinin eskiz lahiyəyə uyğun olub olmamı onun tərəfindən həyata keçirilmişdir. Aparılan müyainə zamanı məlum olmuşdur ki, tikilinin ümumi sahəsi 571 kv. metr təşkil edir və bu ölçü eskiz lahiyyədə göstərilən ölçü ilə eynilik təşkil edir. Bununla əlaqədar müayinə baxışı aktı tərtib edilərək səlahiyyətli şəxslərin iştrakı ilə imzalanmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: X7 ilə İddiaçı arasında Sumqayıt şəhəri,21-ci mikrorayonda yerləşən 0.036 ha torpaq sahəsi üzərində yaranmış icarə hüququnun alqı-satqısı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti, 0.036 ha torpaq sahəsinin İddiaçı xeyrinə yüklü edilməsi barədə DƏDTRX-nin verdiyi çıxarışın və plan ölçü sənədinin surəti, 306 kv.m torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinin lahiyələşdirilməsinə icazə verilməsi haqqında Sumqayıt şəhər İcra Hakimiyyətinin 30 noyabr 2012-ci il tarixli 303 saylı sərəncamı, tikinti quraşdırma işlərinin başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 05 aprel 2013-cü il tarixli 431 saylı aktı, texniki baxış rəyi, Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsində yerləşən 2 mərtəbəli ticarət mərkəzinin İddiaçı adına rəsmiləşdirilməsinə dair X4 notarial qaydada imzası təstiq edilmiş razılıq ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Adulxalıq oğlu Sumqayıt şəhəri, Qismət Qayıbov küçəsində yerləşən 2 mərtəbəli yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən qeydiyyata alınmışdır. Qeyd olunan müraciətə: 1) inşa edilmiş qeyri-yaşayış binasına dair tərtib edilmiş eskiz lahiyəsi 2) istismara qəbul aktı 3) tikinti obyektinin istismara icazə sənədi 4) qeyri yaşayış binasının altında yerləşən torpaq sahəsinin üzərində olan icarə hüquqalrının alqı-satqısı müqaviləsi və 5) torpaq sahəsinin üzərində yaranmış hüquqların DƏDRX-də qeydə alınması haqqında çıxarış əlavə edilmişdir. DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi qeyd olunan sənədləri araşdırdıqdan sonra istismara qəbul aktında tikilinin ümumi sahəsi qrafasında səhvən tikilinin 306 kv.m olmasını əsas gətirərək iddiaçının müraciətinə müsbət cavab verməmişdir. Buna görədə inzibati orqan müraciətdə göstərilən və yeni inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, özü tərəfindən inşa edilmiş və Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh təşkilat iddia tələbinə dair məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş və etiraz ərizəsində iddia tələbinin İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən mümkün hesab edilməməsini bildirmiş, o cümlədən iddiaçının tələbinin hansı səbəbdən həyata keçirilə bilmədiyini göstərmişdir. İlk növbədə məhkəmə iddia tələbinin mümkünlük məsələsinin araşdırmasını zəruri hesab edir. Məhkəmə cavabdeh təşkilat tərəfindən etirazında İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq iddianının qeyri-mümkün hesab edilməsinə dair gətirdiyi arqumenti əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X6 (sonradan həmin hüquqlar Cavad Nəsirov tərəfindən verilmiş və imzası notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında İddiaçı ötürülmüşdür) Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazində qeyri-yaşayış binasının inşa edilməsinə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş, həmin tikili inşa edildikdən sonra istismara qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların əmələ gəlməsinə səbəb olur. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində öz əksini tapmış hüquqlarından yararlanaraq inşa etdirdiyi qeyri yaşayış binasına mülkiyyət hüquqlarını qeydə alınmasını istəyir. Lakin DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi X1 35-ci maddəsində qeyd olunmuş-müraciət edən şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslanmadığına istinad edir. Məhkəmə hesab edir ki, İddiaçı konstitusion hüquqlarının həyata keçirilməsində sərbəstdir və bu hüquqlardan həyata keçirilməsində maraqlarının nədən ibarət olmasını əsaslandırmağa borclu deyil. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı cavabdeh təşkilatın gətirdiyi arqument əsassızıdr və iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı hər hansı bir maneə mövcud deyil. Cavabdeh təşkilatın etiraz ərizəsində qeyri-yaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumen Sumqayıt şəhəri, 21-ci mikrorayonda inşa edilmiş qeyri-yaşayış binasına dair verilmiş istismara qəbul sənədində tikilinin səhvən 306 kv.m olmasından ibarət olmuşdur. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, tikilin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Nəzərə alınmalıdır ki, İddiaçı iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiə dair iddialar üzrə müdaxilənin zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi üzərinə düşür. "xxxx" MMC-nin tərtib etdiyi qeyri yaşayış binasının eskiz lahiyəsində göstərilən 2 mərtəbəli tikili ümumi sahəsinin 581,4 kv.m olması, texniki baxış rəyində isə ümumi tikilinin sahəsi göstərilməmişdir. Lakin nəzərə alınmalıdır ki, sözü gedən texniki rəydə əks olunmuş sxemdə qeyri yaşayış binasının 2 mərtəbədən ibarət olması, 1-ci mərtəbənin 278.64 kv.m, 2-ci mərtəbənin isə 261.09 kv.m olması göstərilmişdir. Bundan başqa Sumqayıt Şəhər İcra Hakimiyyətinin 71 saylı 17 iyun 2011-ci il tarixli sərəncamı ilə təyin edilmiş komissiya tərəfindən verilmiş istismara qəbul edilmə aktında qeyri yaşayış binasının 306 kv.m torpaq sahəsində inşa edildiyi, iki mərtəbədən ibarət olduğu və tikilinin 306 kv.m olması göstərilmişdir. Göründüyü kimi istismara qəbul aktında tikilinin 306 kv.m olması texnii səhv olaraq göstərilmişdir,çünki hər mərtəbəninin sahəsi 200 kv.m artıq olduğu tədqirdə inşa edilmiş tiklinin 306 kv.m olması mümkün deyil. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı cavabdeh təşkilatdan mövcud tikilinin müayinəsi barədə tərtib edilmiş aktı alınmış və inşa edilmiş qeyri-yaşayış binasının ümumi sahəsinin 571 kv.m olması məlum olmuşdur. Lakin DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi Sumqayıt şəhəri, 21-ci mikrorayonda inşa edilmiş qeyri-yaşayış binasına müayinə baxışı keçirildikdən sonra tikilinin faktiki ölçüsünün 571 kv.m olmasını bildirməsinə baxmayaraq, istismara qəbul aktında tikilinin ümumi sahəsinin səhv olmasına istinad edərək iddiaçının haqlı müraciətini təmin etməmişdir. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui- istifadə qadağandır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, qeyd olunan arqumenti əsas gətirərək, cavabdehin iddiaçının bütün tələblərə cavab verdiyi tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Əvvəla nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Nəzərə alınmalıdır ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Belə ki, hazır ki, iddia tələbi üzrə qeyri-yaşayış binasının inşası icra hakimiyyəti orqanlarının verdiyi razılıq əsasıda həyata keçirilib və istismara hazırlıq aktı tərtib edilib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı “icarəsində olan Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0,0306 ha torpaq sahəsində inşa edilmiş 571 kv.m ölçüdə qeyri-yaşayış binası üzərində onun xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1579/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1579/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver