Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1582/2024 22.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ona JN-0150 nömrəli kod 30329038 seriyalı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında ona məxsus olan Quba rayonu, Çiçi kəndində yerləşən 1,56 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 07 yanvar 2003-cü il tarixli JN-0761 KOD 30304018 N-li Torpağa Mülkiyyət Hüququna dair cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona JN-0150 nömrəli kod 30329038 seriyalı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında ona məxsus olan Quba rayonu Çiçi kəndində yerləşən 1,56 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona JN-0150 nömrəli kod 30329038 seriyalı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında ona məxsus olan Quba rayonu, Çiçi kəndində yerləşən 1,56 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu, Çiçi kəndi ərazisində yerləşən 1,56 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq sənədləri də toplamaqla cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh təşkilat ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda iddiaçının qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, JN-0150 nömrəli kod 30329038 seriyalı “Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı” daşınmaz əmlakın dövlət reyestrinə təhvil verilməmişdir və dövlət aktının nömrəsi elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır və guya ona məxsus olan 1,56 ha torpaq sahəsinə dair başqa şəxslərin adına çıxarışlar verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası tam əsassızdır və iddiaçıya bu torpaq sahəsi Dövlət aktı əsasında verilmiş və həmin aktın cavabdeh təşkilata təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabına salınmaması və elektron bazada göstərilməməsi iddiaçının günahı deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinni məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinini iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, ərizəyə əlavə olunmuş JN-0150 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Qeyd olunan JN-0150 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Bundan əlavə, 1,56 ha torpaq sahəsinə elektron məlumat bazasına əsasən digər şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İş materiallarında olan : - JN-0150 KOD 30329038 seriyalı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, İddiaçı dövlət aktında göstərilən və Quba rayonu, Çiçi kəndi ərazisində yerləşən 1,56 hektar torpaq sahəsini Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-ə-1254 saylı alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. - Məhkəmənin sorğusuna əsasən Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4-ə-1254 saylı alqı-satqı müqaviləsinin xx.xx.2005-ci il tarixdə və X2 ilə X3 arasında rəsmiləşdirilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, JN-150 saylı KOD 30329038 "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitablarında qeydiyyatdan keçməmişdir. Dövlət aktının təsdiq edilmiş surəti məhkəmə tədim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) -8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; (...) Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Göstərilən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəsi gedən torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə etdiyini, həmin alqı-satqı müqaviləsinin onda qalan müsxəsini DTXK-nin Quba rayon şöbəsinə təqdim edərək Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını aldığını iddia edir. Məhkəməyə təqdim edilən Dövlət Aktında həmin sənədin Quba rayon Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-ə-1254 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən verildiyi qeyd edilmişdir. Məhkəmə həmin alqı-satq müqavilsi üzrə notariat işinin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət etmişdir. Lakin arxiv orqanından arxivə təhvil verilmiş 4-ə-1254 saylı alqı-satqı müqaviləsinin xx.xx.2005-ci il tarixdə və X2 ilə X3 arasında rəsmiləşdirildiyi müəyyən edilmişdir. Eyni zamanda cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş JN-150 kod 30329038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” Dövlət Torpaq və Xəritəçəkmə Komiəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarınını verilməsi kitabından qeydiyyatdan keçmədiyini bildirmişdir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Hazırkı iş üzrə yuxarıda göstərilən hallar nəzərə alındıqda isə məlum olur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrılmasına əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə notariat işi mövcud deyildir. Beliklə, müəyyən edilmişdir ki, onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Məhkəmə hesab edir ki, iddiaçıya Torpağa mülkiyyət hüququn dair dövlət aktı verilsə də, həmin dövlət aktının verilməsi üçün əsas kimi göstərilmiş alqı-satqı müqaviləsi mövcud olmadığından həmin sənəd mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəd kimi əsas götürülə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Hazırki halda iddiaçı torpaq sahəsinin notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1582/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1582/2024
22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver