Məhkəmə qərarları › İş №2-1(118)-1583/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1583/2021

22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1583/2021 22.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon, Armudpadar bələdiyyəsinin 04 fevral 2002-ci il tarixli 3 saylı qərarı ilə mərhum qızı X2 fərdi mənzil tikintisi üçün Xaçmaz rayon, Padar kəndi ərazsindən ayrılmış 800 m2 torpaq sahəsinə mülkiyyət sənədlərinin hazırlanıb verilməsindən imtinasını əsassız hesab etməklə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə X2 adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanıb verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, övladı X5 28.11.2002-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. Xaçmaz rayon, Armudpadar bələdiyyəsinin 04 fevral 2002-ci il tarixli 3 saylı qərarı ilə mərhum qızı X2 fərdi mənzil tikintisi üçün Xaçmaz rayon, Padar kəndi ərazisindən 800 kv.m torpaq sahəsi ayrılmış, torpaqların alqı-satqısına dair akt ləğv olunmuş DT və XK -nin Xaçmaz rayon Şöbəsində 17 fevral 2003-cli il tarixdə 81 sayla qeydə alınmışdır. Ləğv olunmuş DT və XK -nin Xaçmaz rayon Şöbəsinin Armudpadar bələdiyyəsinə ünvanladığı 03.09.2001-ci il tarixli 239 nömrəli arayışda qızıına ayrılmış torpaq sahəsinin bələdiyyənin perespektiv inkşaf torpaqlarına aid olması və alqı-satqı haqqında əsasnaməyə uyğun olması göstərilmişdir. Torpaq sahəsi 2002-ci il tarixdə ayrılandan sonra naturada istifadəsinə verilmiş və hazırda da ailəsinin istifadəsindədir. Armudpadar bələdiyyəsinin 10 oktyabr 2003-cü il tarixli 1 saylı qərarı ilə oğlu X3 da Padar kəndi ərazisindən 800 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi ilə mərhum qızına ayrılmış 800 kv.m torpaq sahəsi ilə yanaşıdır və bu da Xaçmaz rayon Armudpadar bələdiyyəsinin Padar kəndinin baş sxemindən ləğv olunmuş DT və XK-nin Xaçmaz rayon Şöbəsinin müdirinin təsdiqlədiyi çıxarışda da əksini tapır. X4 ayrılmış göstərilən 800 kv.m torpaq sahəsini vərəsəliklə adına keçirtmək üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, ona Xaçmaz rayonu Padar kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mərhum X2 hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmək tövsiyə olunmuşdur və o da 22.06.2021-ci il tarixli ərizə ilə həmin orqana müraciət etmiş, lakin imtina cavabını almışdır. Aşağıda şərh olunanlara əsasən hesab edir ki, qeyd olunan imtina əsassızdır. Belə ki, yuxarıda şadlanan sənədlərdən görünür ki, Xaçmaz rayonu Armudpadar bələdiyyəsinin 04.02.2002ci il tarixli 3 saylı qərarı ilə X4 800 kv.m torpaq sahəsi satılmasına icazə verilmiş və X4 təqdim olunmuş bələdiyyənin göstərilən sənədi bələdiyyənin möhürü ilə təsdiqlənmişdir. Habelə torpaqların alqı-satqısma dair aktda Armudpadar bələdiyyəsinin və ləğv olunmuş DT və XK-nin Xaçmaz rayon Şöbəsinin möhürləri ilə təsdiqlənmişdir. Eynilə Padar kəndinin baş sxemindən çıxarışda Armudpadar bələdiyyəsinin və ləğv olunmuş DT və XK -nin Xaçmaz rayon Şöbəsinin möhürü ilə təsdiqlənmişdir. Torpağın dəyərinin ödənilməsi 15 yanvar 2003-cü il tarixli 8 saylı qəbz ilə təsdiq olunur. Göründüyü kimi torpaq sahəsinin ayrılaraq X1 tam qanuni əsaslarla olmuşdur. Xaçmaz rayonu Armudpadar bələdiyyəsinin 04.02.2002-ci il tarixli 3 saylı prtokolunun qərar hissəsində X4 veilmiş 0.08 ha torpaq sahəsi barədə qeydin yazılmaması torpaq sahəsi alan vətəndaşın günahı deyildir, protokola qeydin yazılıb-yazılmamasını yoxlamaq səlahiyyəti vətəndaşa verilməmşdir. Ona görə də cavabdeh DƏDRX-in 5 saylı Ərazi İdarəsinin üzərinə hüquqlarının dövlət qeydiyyatına alınmasına dair öhdəlik qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlər araşdırılmış və 25.06.2021-ci il tarixli **********84 saylı cavab məktubunda bildirilmişdir ki, təqdim dilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınının Dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş 0.08 ha torpaq sahəsi Xaçmaz rayonu, Armudpadar bələdiyyəsinin 04.02.2002-ci il tarixli 03 saylı qərarı ilə verilmiş, ərizəyə əlavə olunmuş Xaçmaz rayon Yergüc bələdiyyəsinin 26.05.20021-ci il tarixli 35 nömrəli arayışında Xaçmaz rayon Armudpadar bələdiyyəsinin 04.02.2002-ci il tarixli 03 saylı protokolunun qərar hissəsində vətəndaş X4 verilmiş 0.08 ha torpaq sahəsi barədə qeyd yazılmamışdır. Ona görə də ərizənin icrası idarə tərəfindən mümkün olmamışdır. Həmçinin vətəndaş tərəfindən qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə bağlı heç bir münasibət bildirilməmişdir. Bununla da torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 04.02.2002-ci il tarixli 03 nömrəli X4 qızına 0,08 ha torpaq sahəsinin ayrılması haqqında qərarı, Armudpadar bələdiyyəsi ilə X5 arasında torpağın alqı-satqı haqqında müqavilə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçamaz rayon şöbəsinin 339 nömrəli 03.09.2001-ci il tarixli məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25.06.2021-ci il tarixli **********84 nömrəli imtina məktubu, etirazı, Xaçmaz rayon Yergüc Bələdiyyəsinin 02.10.2021-ci il tarixli 81 nömrəli məktubu, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14.10.2021-ci il tarixli, **********98 nömrəli məktubu, Ölüm haqqında şəhadətnamə, Xaçmaz rayon 1 saylı notariat ofisinin 821 saylı 17 noyabr 2021ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Nəzərə alınmalıdır ki, iddiaçının mərhum qızı X5 28.11.2002-ci ildə vəfat etdikdən sonra ondan miras qalmış əmlakı qanuni vərəsəsi kimi İddiaçı öz adına qəbul etmək məqsədilə Xaçmaz rayonu 1 saylı Notariat ofisinə müraciət etmiş, notariat ofisindən iddiaçıya mövcud əmlakı daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirdikdən sonra vərəsəlik məsələsinə baxılmasının mümkünlüyü izah olunmuşdur. Məhkəmə qeyd edir ki, Armudpadar Bələdiyyəsi tərəfindən iddiaçının qızı X4 ayrılmış torpaq sahəsi uzun illərdir ki, İddiaçı faktiki istifadəsində və sahibliyində olduğundan və qızı vəfat etdiyindən həmin torpaq sahəsi üzərində mərhum qızı X2 adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməsi üçün idddiaçının sübyektiv hüququ yaranmış olur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mərhum qızının mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 04.02.2002-ci il tarixli 03 nömrəli qərarının verildiyi vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 25.06.2021-ci il tarixli **********84 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, X4 Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 04.02.2002-ci il tarixli 03 nömrəli qərarı əsasında 800 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi 03 sentyabr 2001-ci ildə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsinin sxematik plan sərhədləri ölçülüb, nişangah qoyulduqdan sonra X4 təhvil verilmiş və bu barədə müvafiq sənəd rəsmiləşdirilmişdir. Torpaq sahəsinin dəyəri olan 887.892 Azn pul 15 yanvar 2003-cü ildə 8 saylı qəbz əsasında Armudpadar bələdiyyəsinin hesabına köçürülmüşdür. Həmin torpaq sahəsi hal-hazırda iddiaçının faktiki istifadəsindədir. İddiaçı mərhum qızı X2 adına ayrılmış 800 m2 torpaq sahəsi üzrə yaranmış onun mülkiyyət hüquqlarını DƏDRX-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqument aşağıdakılardan ibarətdir: 1) Armudpadar Bələdiyyəsi tərəfindən 04.02.2002-ci il tarixli 03 nömrəli protokolun qərar hissəsində X4 torpaq sahəsinin ayrılması haqqında qeydlərin aparılmaması, 2) Torpaq sahəsinin yerləşdiyi yerin məlum olamaması, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmaması. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirlən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın gətirdiyi 1-ci arqumentdə münasibətdə məhkəmə qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinin 28 oktyabr 2008-ci ilə qədər olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Qanunun qeyd olunan maddəsindən məlum olur ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmadan öncə DTXKnin müvafiq rəyi alınmalıdır. Nəzərə alınmalıdır ki, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdan öncə DTXK-nin verməli olduğu rəyin məqsədi qeyd olunan torpaq sahəsinin keyfiyyəti, kateqoriyası, dövlət və ya xüsusi mülkiyyətdə olub-olmamasını, o cümlədən torpaqların vahid registrinin həyata keçirmək məqsədi daşıyırdı. Belə ki, 04 may 2015-ci ilədək qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamənin” 1-ci bəndinin 3-cü hissəsinə görə komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhz bu səbəbdən bələdiyyə tərəfindən torpaq sahələri ayrılmamışdan öncə DTXK-nin müvafiq rəyinin alınması məcburi xarakter daşıyırdı. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq rəyin DTXK-dən əvvəlcədən və ya sonradan alınmadan torpaq sahəsinin ayrılması ciddi qanun pozuntusu hesab olunardı. Göründüyü kimi Armudpadar Bələdiyyəsinin 04.02.2002-ci il tarixli 03 nömrəli qərarı qəbul edilərkən qanunvericiliyin tələbi gözlənilmişdir. Həmin qərarın protokol qismində mərhum X4 torpaq sahəsinin ayrılması haqqında qeydlərin aparılmaması Armudpadar bələdiyyəsinin vəzifəli şəxslərinin səhlənkarlığının nəticəsi kimi nəzərə alınmalıdır. Belə ki, məhkəmə tərəfindən Armudpadar Bələdiyyəsinin 04.02.2002-ci il tarixli 03 nömrəli qərarına əsas olmuş sənədlərin təsdiqlənmiş surətləri Yergüc Bələdiyyəsindən alınmış və həmin sənədlərdən də məlum olmuşdur ki, həqiqətən də mərhum X4 Armudpadar Bələdiyyəsinin 04.02.2002-ci il tarixli 03 nömrəli qərarı qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir (DTXK-nin müvafiq rəyinin olması, alğı-satqı müqaviləsinin olması, bələdiyyənin hesabına müvafiq ödənişlərin edilməsi və s). Beləlikə məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu qəbildən gətirdiyi arqumenti əsassızdır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi 2-ci arqument ilə bağlı, yəni torpaq sahəsinin yerləşdiyi yerin məlum olamaması, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmamasına münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2 və 45.1-ci maddələrinə əsasən cavabdeh inzibati orqanın inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olduğu tədqirdə cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentdə öz əhəmiyyətini itirmiş olur. Həmçinin məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Xaçmaz rayon Armudpadar Bələdiyyəsinin 04 fevral 2002-ci il tarixli 3 saylı qərarı ilə Xaçmaz rayon Padar kəndi ərazisində mərhum X4 ayrılmış 800 m2 torpaq sahəsi üzərində X2 adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanıb verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar