Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1583/2023 25.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “iddiaçıya 11 noyabr 2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “xx.xx.2022-ci il tarixdən iddiaçıya əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “iddiaçıya 11 noyabr 2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 05 dekabr 2021 -ci il tarixdə beynin işemik insultu dioqnozu ilə Şabran rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almışdır. Uzun müddət Şabran rayon Poliklinikasında ambulator müalicələr aldıqdan sonra xx.xx.2022-ci il tarixdə göndərişlə akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicə almışdır. Əmək qabiliyyətini itirməyə görə əlilliyin təyin olunması qaydalarına tətbiq edilən mürtəce qaydalara əsasən xəstəlik müddəti 6 (altı) ay keçəndən sonra əlilliyin təyin olunması üçün xx.xx.2022-ci il tarixdə tibbi sənədləri X4 Ekspertiza Komissiyasına təqdim etmişdir. xx.xx.2022-ci tarixdə ona imtina cavabı verilərək səbəb kimi müalicə olunmaq göstərişi verilib. Yenidən göndəriş alaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə almışdır. xx.xx.2022-ci il tarixdə növbəti dəfə əlilliyin təyin olunması üçün sənədlərini X4 Ekspertiza Komissiyasına təqdim etmişdir. Uzun müddətdən sonra xx.xx.2022-ci il tarixdə telefonuna göndərilən xəbərlə imtina verilməsi bildirilmişdir. Səbəb kimi təqdim olunan sənədin natamam doldurulması göstərilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən göstərilən imtina səbəbləri əsassızdır, ona əlillik təyin olunmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Xaçmaz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, diqnozun mətni : keçirilmiş hemorragik qansızmanın qalıq əlamətləri. Sol tərəfli dərin hemiparez. Dizartiya. Koqnitiv pozğunluqlar, mərkəzə göndərilmənin / imtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması – səbəb: müalicə müddəti yetərli deyil, ixtisaslaşdırılmış mülaicə məsləhət görülür”, səbəbi ilə imtina verilmişdir. Xaçmaz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, diqnozun mətni : kəllədaxili qansızmanın nəticələri, keçirilmiş baş beynin hemorragik qansızmasının qalıq əlamətləri, üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin xəstəliyi nəticəsində yaranan psixoorqanik sindrom, yüngül koqnitiv pozuntu, baş beynin xəstəliyi nəticəsində yaranan psixoorqanik sindrom, hemiplegya, sol tərəfli hemiparez, essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİİ dərəcə, digər ikitərəfli qonartrozlar, hər iki diz oynağının deformasiyaedici artrozu İİİ dərəcə, dizartiya və anartiya, mərkəzə göndərilmənin / imtina edilmənin səbəbi: göndərişin natamam doldurulması – səbəb : göndəriş yeni təlimata uyğun tərtib edilsin.” Səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş ‘'Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"na əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının əlillik vəziyyəti Xaçmaz rayon Mərkəzi Xəstəxanası PHŞ-nın N00001564XİZ nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması səbəbindən ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli müayinə nəticəsindən görünür ki, iddiaçıya keçirilmiş hemorragik qansızmanın qalıq əlamətləri, sol tərəfli dərin hemiparez, dizartiya, koqnitiv pozğunluqlar diaqnozları ilə “əlavə müalicəyə ehtiyacın olması – səbəb:səbəb: müalicə müddəti yetərli deyil, ixtisaslaşdırılmış müalicə məsləhət görülür” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli müayinə nəticəsindən görünür ki, iddiaçıya “göndərişin natamam doldurulması – səbəb: göndəriş yeni təlimata uyğun tərtib edilsin” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. - Xaçmaz rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli, Forma №88 saylı göndərişində qeyd edilmişdir ki, iddiaçıya “(əsas diaqnoz) İ69.1 kəllədaxili qansızmanın nəticələri, keçirilmiş baş beynin hemorragik qansızmasının qalıq əlamətləri; (ağırlaşma) F06.0 Üzvi hallyusinoz, baş beynin xəstəliyi nəticəsində yaranan psixoorqanik sindrom, koqnetiv pozğunluqlar; (ağırlaşma) G81.1 Spastik hemiplegiya, sol tərəfli hemiparez, dizarteriya; (yanaşı xəstəliklər) İ10 – essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİİ dərəcə diaqnozları qoyulmuşdur. - Xaçmaz rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Forma №88 saylı göndərişində qeyd edilmişdir ki, iddiaçıya “(əsas diaqnoz) İ69.1 kəllədaxili qansızmanın nəticələri, keçirilmiş baş beynin hemorragik qansızmasının qalıq əlamətləri; (ağırlaşma) G81 Hemiplegiya, Sol tərəfli hemiparez; (yanaşı xəstəliklər) F07.0 üzvü məşəli şəxsiyyət pozuntusu, baş beynin xəstəliyi nəticəsində yaranan psixoorqanik sindrom; F06.7 (yanaşı xəstəlik) yüngül koqnitiv pozuntu, koqnitin pozğunluqlar; İ10 (yanaşı xəstəlik) essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİİ dərəcəli; M17.4 (yanaşı xəstəlik) digər ikitərəfli ikicili qonartrozlar, hər iki diz oynağının deformasiyaedici artrozu İİİ dərəcə, R47.1 (ağırlaşma) dizartiya və anartriya, dizarteriya” diaqnozları qoyulmuşdur. - “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X2 T279/2023 saylıxx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, vərəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, 2023-cü ildə tərtib edilmiş tibbi arayışlarda qeyd edilmiş “İ69.1 – keçirilmiş hemorragik insultun qalıqları, soltərəfli hemiparez, arterial hipertenziya İİ dərəcə, soltərəfli xroniki koxlear nevrit, ikitərəfli solda İİİ, İV sağda İİ dərəcə neyrosensor tip ağıreşitmə, şəkərli diabet tip 2, dekompensasiya mərhələsi, OU-diabetik retionapatiya, VOD=0.3, VOS=0.05” diaqnozundakı xəstəliklərdən hazırda da əziyyət çəkir. Hazırda İddiaçı əziyyət çəkdiyi yuxarıda qeyd edilən xəstəliklər tam reabilitasiya olunmurlar.”
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 12 sentyaabr 1960-cı il təvəllüdlüdür. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müayinələrlə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi “müalicə müddəti yetərli deyil, ixtisaslaşdırılmış müalicə məsləhət görülür” və “göndərişin natamam doldurulması – səbəb: göndəriş yeni təlimata uyğun tərtib edilsin” göstərmişdir. Hal-hazırda isə iddiaçı ona 11 noyabr 2022-ci il tarixdən əlilliyin təyin edilməsi məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən, Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. İddiaçının müayinə olunduğu tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0); 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0, G83.2); 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9); 2.3.5. astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya (F20- F20.9); 2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9); 2.3.7. İİ mərhələ bədxassəli şişlər (C00-C97); 2.3.8. İİV-infeksiyasının İ-İİ mərhələləri (B20-B24); 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). Əsasnamənin 2.5-ci bəndinə əsasən 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.1. bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası(Q71.3, Q74, M20.0, M24.5, Z89.0); 2.5.2. birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması (Q71.3,); 2.5.3. bir əldə 1 barmaq istisna olmaqla dörd barmağın və ya onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (Q71.3, M24.6); 2.5.4. baldırın güdülü, pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası Z89.8,Z97.1); 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72- Q72.7); 2.5.6. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6); 2.5.7. bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M16.1,M24.6); 2.5.8. hər iki bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı (Q65.0, M16.2-M16.9); 2.5.9. bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, aşağı ətraf funksiyasının nəzərəçarpan dərəcədə pozuntusu (Q65.0, M16.3, M16.5); 2.5.10. bir aşağı ətrafın 7 sm qısa olması (M84.1, M96.0); 2.5.11. diz və ya bud-çanaq oynaqlarının endoprotezi (M40-M41.3); 2.5.12. üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40- M41.9); 2.5.13. əlin və ya pəncənin iflici (G83.0-G83.3); 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4); 2.5.15. çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları (K10.0-K10.9) 2.5.16. hipofizarnanizm, osteoxondropatiya, osteoxondrodist-rofiya, boyun inkişafdan kəskin qalması ilə (cırtdanboyluluq) (E23.0,E23.7); 2.5.17. hemolitikkrizlərlə müşayiət olunan (ildə dörd dəfədən az olmamaqla) qan xəstəlikləri (D66-D68.1); 2.5.18. subklinik əlamətlərlə gedən hemofiliya (D66); 2.5.19. subklinik əlamətlərlə gedən talassemiya minor (D56.1); 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) 2.5.21. kəllə sümüyünün geniş ( 3x1sm-dən artıq ) qüsuru (S02-S02.1); 2.5.22. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (Q60, N18-N18.9); 2.5.23. bir ağciyərin olmaması (Q33.3, Z90.2); 2.5.24. gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya) (F70-F79); 2.5.25. etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06). Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü maddəsində tibbi göstəriş olan xüsusi hallarda üçüncü dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Həmin Əsasnamənin 2.5-ci bəndində isə müddətsiz olaraq üçüncü dərəcə əlilliyin təyin edilmə halları qeyd edilmişdir. Əsasnamənin 2.5.25-ci maddəsinə əsasən etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması (F06) göstərişləri olan hallarda üçüncü qrup əlillik müddətsiz olaraq təyin edilir. Göründüyü kimi, iddiaçıya Xaçmaz rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli, Forma №88 saylı göndərişi ilə təyin edilmiş və ağırlaşma kimi qeyd edilmiş “F06.0 Üzvi hallyusinoz, baş beynin xəstəliyi nəticəsində yaranan psixoorqanik sindrom, koqnetiv pozğunluqlar” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.25-ci bəndində üçüncü dərəcə əlilliyin təyin edilmə halı kimi birbaşa nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində Xaçmaz rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli, Forma №88 saylı göndərişində öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi, kodu XBT 10-a uyğun olaraq – F06.0 diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.25-ci maddəsində üçüncü qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Belə olan halda isə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının əlilliyini təsdiq edən tibb müsəssisəsi tərəfindən verilmiş Forma 88 arayışına və orada qeyd edilmiş XBT 10-a əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.25-ci maddəsinə əsasən, üçüncü dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsinə tibbi göstəriş olan xəstəliklər (XBT 10-a uyğun olaraq F06.0) mövcuddur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı 11 noyabr 2022-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 11 noyabr 2022-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva