Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1584/2023 09.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvülərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli,1 saylı Fərmanına əsasən mərhum qardaşı X4 adının həmin 1997-ci il avqustun 2-dək həlak olmuş,ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların Siyahısına salınması vəzifəsini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə iddiaçının qardaşı X4 Qarabağ uğrunda müharibədə şəhid olmasının tanınması və şəhidlərimizin sığortası kimi nəzərdə tutulmuş 11000 manat pulun ona ödənilməsi öhdəliyinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X6 xx.xx.1994-cü ildə Qarabağda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Oğlunu itirən anaları Rzayeva Hamayyə Musa qızı, xx.xx.2005-ci il tarixdə hipertoniya xəstəliyindən dünyasını dəyişmişdir. Anasından sonra ailənin yeganə sağ qalan üzvüdür,varisidir. Yoldaşı yoxdur, yaşlı qadındır, maddi çətinlik çəkir. Prezidentimiz ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvülərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı hər bir şəhid ailəsinə 11 000 manat məbləğində birdəfəlik yardım edilməsi ilə bağlı Fərman vermişdir. Anası sağlığında çox çalışmışdır, bu yardımı ala bilməmişdir. İddiaçı da pulu hələ də ala bilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 oktyabr 2019-cu il tarixli, **********8 saylı məktubundan aydın olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş siyahıda qardaşı X4 adı aşkar olunmamışdır. Müdafiə Naziri cənab Zakir Məmmədova ərizə yazıb göstərmişdir ki, qardaşı xx.xx.1994-cü il tarixdə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş və Sumqayıt şəhər "Şəhidlər Xiyabanında" dəfn olunmuşdur. Onun şəhid olmasını Sumqayıt Şəhər Hərbi Komissarlığı və Sumqayıt şəhər vətəndaşlara xidmət idarəsinin rəisi verdikləri arayışla təsdiq edirlər. Ərizəyə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Əjdər Babazadənin imzası ilə 04 və 08 11.2022-ci il tarixlərdə aldığı xx.xx.2022- ci il tarixli,R/4302 saylı və xx.xx.2022-ci il tarixli,R/4362 saylı məktublardan aydın olur ki, 11 000 manatı ödəməkdən imtina edilmişdir. Səbəbi kimi "1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş,ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahı"sında mərhum qardaşı X4 adı keçməməsi göstərilir. Görünür ərizəsi araşdırılmamışdır. 1992-ci ildə Qarabağda günahsız soydaşlarımıza qarşı erməni silahlı seperatçıların qəddar davranışlarına qardaşı dözməmiş, Sumqayıt Şəhər icra Hakimiyyətinə ərizə verib könüllü Qarabağa getmişdir. Aradan bir neçə ay keçmiş qardaşı evə gəlmişdir. Bədəni yara tökmüşdü, pal paltarı bit birə ilə dolu idi. Evdə müalicə edib yaralarını sağaltmışdırlar. Aradan bir ay keçmiş yenə müharibəyə getmişdir. 1994-cü ilin avqust ayının 26-da xəbər tutmuşdurlar ki, bud və xaya nahiyyəsindən ağır yaralanmış,Sabunçu xəstəxanasına gətirilmişdir. Onlar xəstəxanaya çatanda qardaşı artıq ölmüşdü. Hərbçilər meyidini maşına qoyub Sumqayıta gətirmişdilər. Əvvəl şəhər qəbirstanlığında dəfn olunmuş, sonradan mərhum X2 göstərişi ilə Şəhidlər Xiyabanı yaradılmış, Sumqayıtdakı bütün şəhidlərin, qardaşı Şahinin də qəbri həmin Xiyabana köçürülmüşdür. Qardaşı şəhid deyilsə, bəs niyə qəbri Şəhidlər Xiyabanındadır. Bundan böyük cavabdehə nə sübut olar? Qardaşı Ağdərə bölgəsində ağır yaralanmışdır. Qardaşının Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmasını öncə onun Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunması faktı təsdiqləyir. - Daha sonra Sumqayıt şəhər Hərbi Komissarı, polkovnik leytenant Aydın Mikayılovun 4-cü Bölmənin Rəisi mayor Kənan Məmmədovla birgə imzalayıb anasına verdikləri xx.xx.2007 tarixli arayışdır. Arayışda qardaşının "həqiqəqtən erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə xx.xx.1994-cu il tarixdə şəhid olmuşdur”. -14 oktyabr 1994-cü il tarixdə Sumqayıt şəhər WAQ (Qeydiyyat) Şöbəsinin 1309 saylı Reesterində qeydə alınmış Ölüm haqqında verdiyi arayışlarda təsdiq olunur ki, qardaşı ağ ciyər xəstəsi olmuş və Qarabağda döyüş zamanı aldığı güllə yarasından Bakı şəhərində ölmüşdür. -Sumqayıt şəhəri Vətəndaşlara Xidmət İdarəsinin rəisi F.M.Əsədovun xx.xx.2019-cu il tarixli, 07 saylı arayışında qardaşının 26 avqust 1994-cü il tarixdə şəhid olduğunu və Sumqayıt Şəhidlər Xiyabanında dəfn olduğunu təsdiqləyir. -Sumqayıt şəhər Hərbi Komissarı polkovnik A.Q.Ələsgərovun anasına verdiyi xx.xx.1995-ci il tarixli, 5/594 saylı arayışında qardaşı X4 həqiqətən erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının Müdafiəsi uğrunda gedən döyüşdə xx.xx.1994-cü ildə şəhid olmuşdur. -Sumqayıt şəhər Qeydiyyat şöbəsinin verdiyi 13 sentyabr 2018-ci il tarixli, xx/xx- 3075/69 saylı Şəhadətnamədə göstərilir ki, qardaşı X6 26 avqust 1994-cü il tarixdə ölmüşdür. Ölüm haqqında 14 oktyabr 1994-cü 11 tarixli 1309 saylı akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbı: Ağ ciyər vərəmi. Qarabağ döyüşlərində iştirak etmiş və odlu silah yaralanması olmuşdur. Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun Dpvlət notariusu T.M.Mustafazadənin 20 aprel 2007-ci ii tarixdə verdiyi və 2V-60 saylı Reyesterdə qeydə alınmış "X8 Hüququ Haqqında" Şəhadətnamə ilə anası Rzayeva Hamayyə Musa qızının vərəsəsi kimi tanınmışdır. -Sumqayıt şəhər məhkəməsinin 2-2958 saylı,09 noyabr 2006-cı il tarixli qətnaməsi ilə iddiaçının və X4 anabir, ataayrı ögey bacı-qardaş olduğu təsdiqlənir. -Qardaşı şəhid olandan sonra anası Qarabağa döyüş bölgəsinə getmişdir. Yevlaxda bir hərbiçi anasına demişdir ki, düşmən mərmisi qərargahı dağıtmış, od düşmüş və bütün sənədlər yanmışdır. Sonra anasına Rzayev Şahin ün:374450. QŞuşa -50,P/ya yazılmış zapiska verərək deyiblər qərargah buradır oda yanmışdır. İndi heç ora getmək belə olmur. İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə: Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. "Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında" qanunun 3-cü maddəsinə əsasən Hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır.Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin 1-ci hissəində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları ilə müvafiq icbari sığorta müqaviləsi bağlamaqdan İmtina edə bilməz.Həmin Qanunun 4-cü maddəsinə əsəsən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir manat məbləğində sığorta edilir. Hərbi qulluqçuların statusu haqqında qanunun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Sərhəd Qoşunlarına və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş,ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvülərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6.2-ci bəndinə əsasən hərbi qulluqçunun adının Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını müəyyən etmə, bu Fərmanın digər tələbləridə nəzərə alınmaqla birdəfəlik ödəmənin veriməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etmək səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvülərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli,1 saylı Fərmanına əsasən mərhum qardaşım X4 adının həmin 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların Siyahısına salınması vəzifəsini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinə "Məcbur etmə" haqqında iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qardaşı X4 Qarabağ uğrunda müharibədə şəhid olmasının tanınması və şəhidlərimizin sığortası kimi nəzərdə tutulmuş 11000 manat pulun iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 06 mart 2023-cü il tarixdə keçirdiyi iş üzrə şifahi icraat qaydasında məhkəmə iclası zamanı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayəndəsinin məhkəməyə təqdim etdiyi Etiraz ərizəsindən və məhkəməyə verdiyi izahatdan aydın oldu ki, qardaşı X4 Qarabağ savaşında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, şəhid olması mübahisə predmeti deyildir və qardaşının şəhidliyi danılmır, yaxud şübhə altına alınmır. Sadəcə hərbi idarəetmə orqanları tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahısında adı aşkarlanmamışdır. Məhz bu səbəbdən də qardaşının adının həmin siyahıya salınmasından imtina edilmişdir. Bildirir ki, qardaşı 1992-94-cü illərdə Qarabağn müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə fəal iştirak etmiş, ən çətin döyüşlərdə şücaət göstərmişdir. 1994 avqustun 26da qardaşı döyüş zamanı xaya və bud nahiyyəsindən ağır yaralandığı üçün Bakı şəhərinə, Sabunçu xəstəxanasına gətirilmiş, ancaq az sonra burada ölmüşdür. Bildirir ki, qardaşı 1992-ci il tarixdə Sumqayıt Şəhər icra Hakimiyyətinə ərizə ilə müraciət edərək könüllü Qarabağa döyüşməyə getmişdir. Görünür bu səbəbdən onun Qarabağ uğrunda döyüşdə həlak olması haqda məlumatlar aidiyyəti hərbi idarəetmə orqanlarında yoxdur. Ancaq işin içində olan arayışlardan da və anasına şəhid anası kimi edilən güzəştlərlə bağlı sənədlərdən aydın olur ki, Sumqayıt Hərbi Komissarlığında qardaşının şəhid olması ilə bağlı məlumat və sənəd olmuşdur. Anası şəhid anası kimi Komissarlığın tədbirlərinə dəvət olunurdu, Şahinə görə təqaüd alırdı və s. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvülərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli,1 saylı Fərmanına əsasən mərhum qardaşı X4 adının həmin 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların Siyahısına salınmasını istəyir. Məhkəmə araşdırması zamanı məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin 27 mart 2023-cü il tarixli, 3-43-50/2-552/2023 saylı və 14 iyul 2023-cü il tarixli 3-43-50/2-1446/2023 saylı məktublarında qeyd edilmişdir ki; xx.xx.1968-ci il təvəllüdlü X6 müddətli həqiqi hərbi xidmət keçməmiş, SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsinin hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə yararlı hesab edilərək , xx.xx.1995-ci il tarixdə yaşa görə ehtiyata verilmişdir. Arxiv sənədlərinə əsasən mərhum X6 tərəflərindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə səfərbər edilməmişdir. 1968-ci il təvəllüdlü mərhum Şahin Rzayevin yaralanması, şəhid olması və ya hansı səbəbdən vəfat etməsi barədə SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsində heç bir məlumat yoxdur. Mərhumun qeydiyyat kartasının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin 27 mart 2023-cü il tarixli, 3-43-50/2-552/2023 saylı və 14 iyul 2023-cü il tarixli 3-43-50/2-1446/2023 saylı məktubları) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əmək pensiyaları və müavinətlər üzrə məlumat bazasında mərhum Rzayeva Hamayyə Musa qızına sosial ödəniş olaraq yalnız xx.xx.2004-cü il tarixində əlilliyə görə əmək pensiyası təyin edildiyi müəyyən edilmişdir. Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialına mərhumun pensiya işinin təqdim edilməsi üçün sorğu verilmişdir. Lakin mərhumun pensiya işi aşkar edilməmişdir. Qeyd olunan səbəbdən əlilliyə görə əmək pensiyasının tərkibində mərhuma şəhid ailə üzvü kimi əlavənin ödənilib-ödənilməməsini müəyyən etmək mümkün olmamışdır. (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 07 aprel 2023-cü il tarixli, 3-17-1/2-74632/2023 saylı məktubu) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 07 iyun 2023-cü il tarixli, 4/2-3069 saylı məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissədən daxil olmuş “Şəxsi heyətin qayıtmaz, əsir düşənləri, itkiləri, itkin düşənləri, yaralananlar haqqında siyahılar, məlumatlar” qovluğunda (əsas: 30.07 - 27.10, məlumatlar 1992-ci ili əhatə edir, səh-49, sıra-7, məlumatda qəbul tarixi xx.xx.1992-ci il yazılmışdır, yaralandığı yer göstərilməmişdir) qeyd edilmiş “Yevlax batalyonunun xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan yaralananlarının siyahısında” sıravi X4 adı qeyd olunmuşdur. “Yevlax batalyonu” komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. X4 xidmət keçdiyi hərbi hissənin nömrəsi, yaralanma tarixi, həlak olma tarixi (il, ay) göstərilmədiyindən barəsində araşdırmalar Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş müraciətlər əsasında aparılmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X4 ölümü ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi iş materiallarına əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, X4 xx.xx.1994-cü il tarixdə ölüm səbəbi : “ağ ciyər vərəmi xəstəsinin qəbul edilərkən anamnezində Qarabağ döyüşlərində iştirak etmiş və orda odlu silah yaralanması olmuşdur” və ölüm yeri: Bakı şəhəri qeyd edilməklə Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən 14 oktyabr 1994-cü il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Ölüm haqqında 14 oktyabr 1994-cü il tarixdə 1309 №li akt qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş arayışlarda X4 xx.xx.1994-cü il tarixdə şəhid olduğu qeyd edilmiş , ailəsi Respublika Nazirlər Kabinetinin 16 mart 1992-ci il tarixli 131 saylı Qərarına uyğun olaraq nəzərdə tutulmuş güzəştlərdən tam istifadə etmək hüququna malik hesab edilmişdir. X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 saylı, xx.xx.1994-cü il tarixli şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına uyğun olaraq imtiyazlardan istifadə etmək hüququna malik hesab edilmişdir. X6 faktiki olaraq Şəhidlər Xiyabanında dəfn edilmişdir. Lakin məhkəmə araşdırması zamanı qeyd edilənlərin ziddinə olaraq, X4 xx.xx.1995-ci il tarixdə yaşa görə ehtiyata verilməsi barədə rəsmi məlumat qeydiyyatı aparılmış, onun şəhid statusunun olması dövlət qurumunda saxlanılan məlumatlarla öz təsdiqini tapmamışdır. Buna görə də cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etmək etmək səlahiyyəti olmamışdır. Lakin məhkəmə hesab edir ki, X4 şəhidlər xiyabanında dəfn edilməsi nəzərə alınaraq onun X5 zamanı döyüşlərdə yaralanması nəticəsində həlak olması və şəhidlər xiyabanında dəfn olunması fakt təsdiqi formasında müəyyən edilə bilər. Bundan sonra isə iddiaçının təkrar inzibati orqana müraciəti istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, X4 X5 zamanı döyüşlərdə yaralanması nəticəsində həlak olması və şəhidlər xiyabanında dəfn olunmasının müəyyən edilməsi ilə bağlı hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Bundan sonra isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçı hazırki tələblə cavabdeh orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1584/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1584/2023
09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver