Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1586/2025 23.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh X4 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ona məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, İsmət Qayıbov küçəsi 23 saylı yaşayış sahəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılaraq, dövlət reyestrində çıxarış və torpaq sahəsinin planölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndi, İsmət Qayıbov küçəsi 23 saylı yaşayış sahəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılaraq, dövlət reyestrində çıxarış və torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Məmmədli bələdiyyəsinin 8 noyabr 2002-ci il tarixli qərarına əsasən iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı 4 oktyabr 2004-cü il tarixli 195 nömrəli kassa mədaxil orderinə əsasən 840000 (səkkiz yüz qırx min) manat pul vəsaitini Məhəmmədi bələdiyyəsinin hesabına ödəmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçı cavabdeh orqana müraciət etsə də, 29 may 2024-cü il tarixli, 3-21-3-32/2-Y-0007-8/2024 nömrəli məktubla ərizənin icrasından imtina edilmişdir. İmtinanın əsası kimi alqı-satqı aktının müraciətə əlavə edilmədiyi, Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiqlənmədiyi və hüquqmüəyyənedici aktda göstərilən torpaq sahəsi ilə faktiki torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğu bildirilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin sonuncu şifahi məhkəmə baxışı iclası 23 iyul 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatı ilə iddia tələbində qeyd edilənləri müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və məhkəməyə təqdim edilmiş yazılı etiraz, Abşeron rayonu, Məmmədli kəndində yerləşən müvafiq 0,10 ha torpaq sahəsi üzrə aparılmış araşdırma nəticəsində Abşeron rayon Məmmədli bələdiyyəsi tərəfindən iddiaçıya 0,10 ha torpaq sahəsinin 8 noyabr 2002-ci il tarixdə, 85/31 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsi; müraciət üzrə əlavə edilmiş Abşeron rayon Məmmədli bələdiyyəsinin yerqurulusu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq bələdiyyə, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənməməsi; yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olması, yəni həmin daşınmaz əmlakın hüquqmüəyyənedici sənəd üzrə 0,10 ha olduğu halda, faktiki olaraq iddiaçının istifadəsində 0,0614 ha torpaq sahəsinin olması ilə əsaslandırmışdır. Bu səbəblərindən ərizənin icrasından imtina edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Məhkəmə sorğusu nəticəsində X2 rayon Filialından daxil olmuş Abşeron rayonu, Məhəmmədi bələdiyyəsinin 08 noyabr 2002-ci il tarixli 85/31 nömrəli qərarının surətinə əsasən 0,10 ha torpaq sahəsinin iddiaçı üçün ayrıldığı müəyyən edilmişdir. İşə əlavə edilmiş 04 oktyabr 2004-cü il tarixli, 195 nömrəli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən Məhəmmədi bələdiyyəsinin hesabına 840000 (səkkiz yüz qırx min) manat məbləğində pul vəsaitinin köçürüldüyü görünməkdədir. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 4 saylı Abşeron Ərazi İdarəsindən daxil olmuş sorğuya cavab məktubunda iddiaçının faktiki olaraq istifadəsində olan torpaq sahəsinin xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktına əsasən 0,1115 ha olduğu müəyyən edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, torpaq sahəsi iddiaçıya Abşeron rayon Məhəmmədi bələdiyyəsinin qərarı ilə ayrılmışdır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Abşeron rayonu olduğu üçün həmin orqanın – 4 saylı Abşeron Ərazi İdarəsinin səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Abşeron rayonu, Məmmədli kəndi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).
Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 9.1-ci maddə: Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqındasənədinqəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 6.1-ci maddə: Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddə: Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddə: Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.
Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə 5-ci bənd: Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərinicarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki,son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayonu, Məmmədli kəndi, İsmət Qayıbov küçəsi 23 saylı yaşayış sahəsində yerləşən 0,10 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı ayrılmış və iddiaçı tərəfindən bələdiyyənin hesabına müvafiq məbləğdə pul vəsaiti köçürülmüşdür. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqandan müraciət etmiş, lakin cavabdeh tərəfindən aşağıdakı səbəblərdən ərizənin icrasından imtina edilmişdir: 1) Alqı-satqı aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsi; 2) Müraciət üzrə əlavə edilmiş Abşeron rayon Məmmədli bələdiyyəsinin yerqurulusu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq bələdiyyə, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənməməsi; 3) Hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin 0,10 ha olduğu halda, faktiki olaraq iddiaçının istifadəsində 0,0614 ha torpaq sahəsinin olması; Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından edilən imtina öz təsdiqini tapmır. Belə ki: İlkin imtinaya münasibətdə qeyd olunur ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,10 ha torpaq sahəsi Abşeron rayonu, Məmmədli bələdiyyəsinin 8 noyabr 2002ci il tarixli, 85/31 nömrəli qərar ilə iddiaçıya ayrılmış və nəticədə İddiaçı tərəfindən bələdiyyənin hesabına müvafiq məbləğdə pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X2 rayon Filialından sorğuya cavab məktubu qismində iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə daxil olmuş və həmin sənədlərin daxilində torpaq sahəsinin alqı-satqısına dair aktın surəti mövcud olmamışdır. Bu hissədə məhkəmə qeyd edir ki, iddiaçıya müvafiq qərarlarla torpaq sahəsi ayrılması nəticəsində tərtib edilmiş “Torpaqların alqı-satqısı Aktı”nın aktının Arxiv idarəsində aşkar edilməməsi iddiaçının təqsiri olmamaqla onun torpaq sahəsinə dair gözlənilən mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olmamalıdır. Əks halda bu vətəndaşın konstitusion hüququnun pozulması ilə nəticələnə bilər. İkinci imtinaya münasibətdə qeyd edilməlidir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsininİnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Yəni, başqa sözlə desək torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı müqaviləsinin fərqli tarixdə bağlanması halının mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınamasında (arayışın verilməsində) imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan bu halların torpaq sahəsinin ayrılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Sonuncu imtinaya münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş və daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktı tərtib edilmişdir. Həmin aktda da qeyd olunduğu üzrə faktiki olaraq iddiaçının istifadəsində 0,1115 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Qeyd olunan halların iddiaçının adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın imtinalarının əsassız olmasına dəlalət edir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının adına müvafiq torpaq sahəsinin satılmasına dair inzibati aktın – qərarın qüvvədə olması, qeyd edilən inzibati aktın hüququn qeydiyyata alınması üçün əsas kimi çıxış etməsi, iddiaçının sözügedən torpaq sahəsində uzun müddətdir ki yaşaması, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halların əsassız olması səbəbindən iddia təmin edilməli, Abşeron rayonu, Məmmədli kəndi, İsmət Qayıbov küçəsi 23 saylı yaşayış sahəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparılaraq, dövlət reyestrində çıxarış və torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Abşeron rayonu, Məmmədli kəndi, İsmət Qayıbov küçəsi 23 saylı yaşayış sahəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, dövlət reyestrində çıxarış və torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev