Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1591/2021 06.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon İcra və probasiya şöbəsinə qarşı “5 saylı region üzrə X4 Xidmətinin inzibati tənbeh barədə 002859 saylı 25.07.2014-cu il tarixli icra sənədi üzrə icraatın xitam verilməsinə dair qərar qəbul edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 5 saylı region üzrə X4 Xidmətinin 10.07.2014-16.07.2014-cü il tarixli Plandankənar yoxlaması nəticəsində 24.07.2014-cü il tarixli 002611 saylı Aktla 002815 nömrəli 16.07.2014-cü il tarixli Göstərişin 1,2-ci bəndlərinin yerinə yetirilməsi faktı təsdiqlənmişdir. Lakin əmək müfəttişləri X2 və X3 16.07.2014-cü il tarixli 002907 saylı protokolu əsasında 25.07.2014-cü il tarixli 002859 saylı Qərarla İddiaçı MMC-ni Azərbaycan Respublikasının İXM-nin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə 5000 (beş min) manat cərimə olunmuşdur. Halbuki Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 09.07.2014-cü il tarixdə qeydiyyata alınmış yoxlamanın 23.07.2014cü il tarixli Nəticə ilə Nöqsan aşkarlanmamışdır rəyi verilmişdir. Bir tərəfdən rəsmi reyestrdə nöqsan aşkarlanmamsına dair rəy verilmiş və eyni zamanda cərimə olunma barədə qərar verilmişdir. Bu onlara görə bizə məlum olmayan bir anlaşılmamazlıqdır. Bu barədə məlumat cəmiyyətə 6 il sonra icra mərhələsində daxil olub. Qərarın mövcudulğu və digər məsələlər barəsində 5 saylı region üzrə X4 Xidmətinə müraciətinə baxmayaraq onlara heç bir cavab verilməmişdir. İddiaçı MMC Abşeron icra şöbəsinə müraciət edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci “İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir.” maddəsinə əsasən 25.07.2014-cü il tarixli icra işinin icraatına xitam verilməsini xahiş etmişdir. Lakin bu günədək cavabdeh hərəkətsizlik göstərərək müraciətimizə cavab verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 5 saylı region üzrə X4 Xidmətinin 002611 saylı Aktın surəti, 25.07.2014-cü il tarixli 002859 saylı qərarın surəti, İddiaçı MMC-nin cavabdehə ünvanladığı pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 5 saylı region X4 Xidmətinin 25.07.2014-cü il tarixli 002859 saylı qərarı əsasında İddiaçı MMC İnzibati Xətalar Məcəlləsinin 253-1.2-ci maddəsi ilə 5.000 manat məbləğində cərimə edilmiş və həmin qərar icra edilməsi üçün Cavabdehnə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinin tələblərinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Göründüy kimi 5 saylı region X4 Xidmətinin qəbul etdiyi 25.07.2014-cü il tarixli 002859 saylı qərardan 5 ildən artıq müddət keçib və İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə əsasən 5 saylı region X4 Xidmətinin 25.07.2014-cü il tarixli 002859 saylı qərarın icra edilməsinə lüzum yoxdur. Belə olan halda icra üzrə icrata xitam verilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, 5 saylı region üzrə X4 Xidmətinin inzibati tənbeh barədə 002859 saylı 25.07.2014-cu il tarixli icra sənədi üzrə icraatın xitam verilməsinə dair qərar qəbul edilməsi öhdəliyi cavabdeh Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində 5 saylı region üzrə X4 Xidmətinin inzibati tənbeh haqqında 002859 saylı 25.07.2014-cu il tarixli icra sənədi üzrə icraatın xitam verilməsinə dair qərar qəbul edilməsi öhdəliyi cavabdeh Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1591/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1591/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver