Məhkəmə qərarları › İş №2-1(118)-1591/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1591/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1591/2022 05.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Musttafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı “iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə qarşı iddia qaldıraraq “İddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Qanuni nümayəndə ərizə ilə müraciət edərək iddia tələbi üzrə iddiaçının əsl İddiaçı ilə əvəz edilməsini və onun iddiaçının qanuni nümayəndəsi kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Əhmədov X5 rayonunda anadan olmuuşdur, məcburi köçkün kimi Xırdalan şəhərində yaşayır, xx.xx.2004-cü ildə ailə qurmuşdur. xx.xx.2005-ci ildə oğlu İddiaçı anadan olmuşdur. Ailədə atası, anası məcburi köçkündür. İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəsinin verilməsinə dair cavabdehə müraciət etmişdir, lakin cavabdeh müracitələrinə etiraz etmişdir. Bu səbəbdən də hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunmalı olduğunu hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Qanuni nümayəndə müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, Qanuni nümayəndə “övladı İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciətləri Komitənin 01/1080 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəsinin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Həyat yoldaşı X2 daimi qeydiyyatı Siyəzən şəhəri, M.Zəkiyev küçəsi, ev 27, mənzil 14 ünvanında olduğu üçün tələbinin müsbət həlli Komitənin imkanı xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi haqqında Əsanamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkədaxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalara”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun 1-ci maddəsinə əsasən, məcburi köçkün – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin” statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun 10-cu amddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasın Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uşotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra nüqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyta keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin üməyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınlaın və X4 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasın Qaçqınlaın və X4 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə iğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 1i ünvanına yaşayış yeri üzrə qeydiyyatda olsa da, İddiaçı anası X1 rayonu, Siyəzən şəhəri, M.Zəkiyev küçəsi, ev 27, mənzil 14 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildiririk ki, X6 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçı anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Siyəzən rayonu, Siyəzən şəhəri" olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ö'ka daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”m 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası "məcburi köçkün’’ statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Göründüyü kimi o uşaqlara məcburi köçkün statusu verilir ki,1. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2. Hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin almış uşaqlara. Beləliklə, iddiaçıya münasibətdə yuxarıda sadalanan hər iki şərtdən biri ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Beləliklə, İddiaçı anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında' Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslə'ə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar’a müvafiq olaraq, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. İddiaçı yetkinlik yaşına çatanadək “məcburi köçkün” statusuna malik şəxsin himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Hazırda da elə məcburi köçkün ailələri vardır ki, ailə üzvləri arasında “məcburi köçkün” statusu olmayan yetkinlik yaşına çatmamış şəxslər var və həmin şəxslər “məcburi köçkün” statusu olan şəxsin himayəsində olduğundan güzəştlərdən istifadə edirlər. Lakin onlar yetkinlik yaşına çatdıqdan sonra onlara verilən güzəştlər dayandırılır və qanunvericiliyin təiəbinə uyğun deyilsə, həmin şəxslərə “məcburi köçkün” statusu verilmir. Yəni, həmin uşaqlar güzəştlərdən istifadə edirsə, bu o demək deyildir ki, onlar mütləq “məcburi köçkün” statusuna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlara əsaslandırılmalıdır. Bununla yanaşı bildiririk ki, hazırki inzibati iş üzrə iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı Qanuni nümayəndə İddiaçı hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə öz adlarından müraciət etmişdirlər. xx.xx.2005-ci il təvəllüdlü İddiaçı isə məhdud fəaliyyət qabiliyyətli şəxsdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.3-cü maddəsinə əsasən,məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin apaarılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, nabelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən, yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 15.1-ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilsin ki. işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. Həmin Qərarın 15.2-ci bəndinə əsasən, tərəfin tam inzibati prosessual hüququ qabiliyyətinə, həm də mülki və ümumi hüququ normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri). Yuxarıda göstərilən qanunvericilik normalarının məntiqi yekunu olaraq qeyd olunmalıdır ki, İddiaçı məhdud fəaliyyət qabiliyyətli şəxs olduğundan, hazırki iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməli, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalı idi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının qanuni nümayəndəsi gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - AZ-İ№ 659762 saylı, 25 oktyabr 2005-ci il tarixli “Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il təvəllüdlü olmaqla, atası Qanuni nümayəndə, anası X3r. - AZ-İ № 000901 saylı “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Qanuni nümayəndə ilə X6 arasındakı nikah 24 dekabr 2004-cü il tarixdə qeydə alınmışdır. - AA seriyalı 468455 saylı “Məcburi köçkün vəsiqəsi”nin surətindən görünür ki, Qanuni nümayəndə məcburi köçkün kimi qeydiyyata alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Qubadlı rayon İcra Hakimiyyəti başçısının Sarıyataq kənd İnzibati Ərazi İdarəsi dairəsi üzrə nümayəndəliyinin 10-20.17 №-li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Sarıyataq kənd sakini İddiaçı məcburi köçkün statusuna malikdir və hər ay 60 (altmış) manat yemək xərci alır. - Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Qanuni nümayəndə ünvanladığı 02 mart 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya “məcburi köçkün” statusunun verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi həyata keçirir. İstinad edilmiş normaların mənasında görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. İddiaçının atası Qanuni nümayəndə məcburi köçkün statusuna malikdir və 2005-ci il təvəllüdlü övladı İddiaçı onun himayəsində olmuşdur. Yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu şəxs qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. İş materiallarına əlavə edilmiş, Qubadlı rayon İcra Hakimiyyəti başçısının Sarıyataq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 10-20.17, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı məcburi köçkün statusuna malikdir və hər ay 60 manat yemək xərci müavinəti alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsi sonradan qəbul edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından iddiaçıya münasibətdə geriyə tətbiq edilməməlidir. Belə ki, Qaydalarda nəzərdə tutulmuş “valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan” anlayışı ən azından Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd kimi qiymətləndirilməklə bu əsas üzrə işin hallarına münasibətdə tətbiq edilə bilməzdi. Həmin maddəyə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət (...) cinsindən (...) asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar