Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1594/2025 08.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 dekabr 2025ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Tibbi Ərazi Bölmələrini X9 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 9 oktyabr 2020-ci il tarixli, 1166/20 nömrəli əmrindən görünür ki, İddiaçı – Qusar Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin X3 bölməsinin sürücüsü 9 oktyabr 2020-ci il tarixdən 18 oktyabr 2020-ci il tarixədək Füzuli X2 ezam olunmuşdur.
2. Azərbaycan Respublikası Qusar Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 9 oktyabr 2020-ci il tarixli, 396 nömrəli “Ezamiyyə vərəqəsi”ndən görünür ki, Əzizov X6 rayonu X2 ezam edilmiş və 9 oktyabr 2020-ci il tarixdən 18 oktyabr 2020-ci il tarixədək Füzuli rayonunda olmuşdur.
3. Tibbi Ərazi Bölmələrini X9 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 6 noyabr 2020-ci il tarixli, 1381/20 nömrəli əmrindən görünür ki, İddiaçı – Qusar Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin X3 bölməsinin sürücüsü, 7 noyabr 2020-ci il tarixdən 11 noyabr 2020-ci il tarixədək Cəbhə bölgəsinə ezam olunmuşdur.
4. Azərbaycan Respublikası Qusar Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 6 noyabr 2020-ci il tarixli, 438 nömrəli “Ezamiyyə vərəqəsi”ndən görünür ki, Əzizov X6 rayonu X2 ezam edilmişdir.
5. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “X4 Mərkəzi” publik hüquqi şəxsinin 4 mart 2024-cü il tarixli, 211 nömrəli məktubundan görünür ki, İddiaçı ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin Füzuli X2 daşınmasında iştirak etmişdir.
6. İddiaçı X4 Mərkəzi tərəfindən “44 günlük 2-ci Qarabağ müharibəsində Şəhid və Yaralıların təxliyyə edilməsində yaxından köməklik göstərdiyinə görə” Fəxri Fərmanla təltif olunmuşdur.
7. İddiaçı Qusar Rayon Mərkəzi Xəstəxanası tərəfindən “İİ Qarabağ müharibəsində iştirak etdiyinə və səhiyyə sistemində səmərəli əmək fəaliyyətinə görə” Fəxri Fərmanla təltif olunmuşdur.
8. İddiaçı məxsus AO seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
9. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 4 sentyabr 2025-ci il tarixli, 18-1/2-7667/2025 nömrəli məktubundan görünür ki, “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli, 3144 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli, 127S nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”sinin 1-ci hissəsinin onuncu abzasında göstərilmiş ərazilərdə fədakarlıq göstərən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin və onun tabeliyində olan tibb müəssisələrinin müvafiq əməkdaşlarının adlı siyahısı, “Müharibə veteranı” adının verilməsi məsələsinə baxılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 21 aprel 2022-ci il tarixli, PHŞ/1-2-2022-9476 nömrəli məktubla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı adı sözügedən siyahıda mövcuddur.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
10. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi işin hallarına (§1-8) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Qusar Mərkəzi Rayon Xəstəxanasında sürücü kimi işləyərkən 44 günlük Vətən müharibəsi vaxtı Füzuli X2 ezam olunmuş və ezamiyyət vaxtı idarə etdiyi X7 ilə yaralı və şəhid hərbiçilərin döyüş meydanlarından təxliyyə olunmasında iştirak etmiş, 9 oktyabr 2020-ci il tarixdən 18 oktyabr 2020-ci il tarixədək və 7 noyabr 2020-ci il tarixdən 11 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatları zonasında təcili yardım maşınının sürücüsü kimi fəaliyyət göstərmiş, lakin ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir.
12. İddia tələbinin maddi hüquqi əsası kimi “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli, 3144 nömrəli Sərəncamına, Azərbayca Azərbaycan Respublikasının Nazirlər Kabetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad olunmuşdur.
13. Azərbaycan Respublikası İPM-nin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
14. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2-1(118)-4907/2024 nömrəli qərardadı ilə cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir.
15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə dair cavabdehin münasibəti:
16. Cavabdeh iddia tələbinə dair münasibətini bildirərək, iddiaçının Müdafiə Nazirliyinin Komissiyasına müraciət etmədiyinə əsaslanaraq, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.
17. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2022-ci il tarixli, 127s nömrəli Sərəncamına, prosessual hüquqi əsası kimi isə İPM-in 35.1-ci, 47.2-ci maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
18. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
21. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
22. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
23. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
24. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
25. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
26. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
27. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
28. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
29. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
30. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, o, Qusar Mərkəzi Rayon Xəstəxanasında sürücü vəzifəsində işləyərkən 44 günlük Vətən müharibəsi vaxtı Füzuli X2 ezam olunmuş və ezamiyyət vaxtı idarə etdiyi X7 ilə yaralı və şəhid hərbiçilərin döyüş meydanlarından təxliyyə olunmasında iştirak etmiş, 9 oktyabr 2020-ci il tarixdən 18 oktyabr 2020-ci il tarixədək və 7 noyabr 2020-ci il tarixdən 11 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatları zonasında təcili yardım maşınının sürücüsü kimi fəaliyyət göstərmişdir.
31. Cavabdeh orqan isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hər hansı sənədin göndərilmədiyini bildirir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qeydində göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
33. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.
34. İş materiallarına əlavə edilmiş arayışdan müəyyən edilir ki, iddiaçı hərbi vəziyyətlə əlaqədar döyüşlər gedən ərazilərdən X5 Mərkəzinə yaralı hərbçilərin və şəhidlərin təxliyyəsi ilə məşğul olmuşdur.
35. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Xidməti və Azərbaycan Respublikasının Strateji X1 tərəfindən o halda verilir ki, həmin mülki şəxs yuxarıda göstərilən orqanların hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam edilmiş olsun.
36. Təqdim edilmiş sənədlərə əsasən, iddiaçı 44 günlük Vətən müharibəsi zamanı Tibbi Ərazi Bölmələrini X9 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin 9 oktyabr 2020-ci il tarixli, 1166/20 nömrəli və 6 noyabr 2020-ci il tarixli, 1381/20 nömrəli əmrləri əsasında 9 oktyabr 2020-ci il tarixdən 18 oktyabr 2020-ci il tarixədək və 7 noyabr 2020-ci il tarixdən 11 noyabr 2020-ci il tarixədək Füzuli X2 ezam olunmuş, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin Füzuli X2 daşınmasında iştirak etmiş, X4 Mərkəzi, həmçinin Qusar Rayon Mərkəzi Xəstəxanası tərəfindən müharibədə iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur.
37. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən təqdim edilmiş məlumata əsasən həmin Birliyin və onun tabeliyində olan tibb müəssisələrinin müvafiq əməkdaşlarının adlı siyahısı “Müharibə veteranı” adının verilməsi məsələsinə baxılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 21 aprel 2022-ci il tarixli, PHŞ/1-2-2022-9476 nömrəli məktubla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuş və iddiaçının adı sözügedən siyahıda mövcuddur.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ...”
39. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
40. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanı:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... 1.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...
41. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddiaçının vətən müharibəsi uğrunda gedən döyüşlər zamanı yaralı hərbçilərin və şəhidlərin Füzuli X2 təxliyə olunmasında iştirak etməsi öz təsdiqini tapdığınan iddia tələbi təmin edilməlidir.
42. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ
43. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova