Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1595/2021 01.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi qarşı “2-Saylı Ərazi Vergilər Baş İdarəsinin, X3 Cəmiyyətinin 14.07.2021-ci il tarixə olan 1.840.027 man 32 qəp (bir milyon səkkiz yüz qırx min iyirmi yeddi man 32 qəp) artıq ödəməsinin, İnter-Textile ASC-yə qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi qarşı “2-Saylı Ərazi Vergilər Baş İdarəsinin, X3 Cəmiyyətinin 14.07.2021-ci il tarixə olan 1.840.027 man 32 qəp (bir milyon səkkiz yüz qırx min iyirmi yeddi man 32 qəp) artıq ödəməsinin, İnter-Textile ASC-yə qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15 İyul 2015-ci il tarixli 570 saylı Fərmanının icrası ilə bağlı İnter-Textile ASC-ni Aqrarkredit Səhmdar Kredit Təşkilatının idarəedilməsinə verilmişdir. Həmin səbəbdən İnter-Textile ASC-nin bütün əmlakları yenidən qiymətləndiriləcək, Sumqayıt İnzibati-İqtisadi Məkəməsinin 06 Oktyabr 2016-cı il tarixli 2-2(85)-1607/2016 saylı Qətnaməsinə əsasən Aqrarkredit Səhmdar Kredit Təşkilatınana verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 Dekabr 2017-ci il tarixli, 1704 saylı Fərmanının 2-ci hissəsinə əsasən Aqrarkredit Səhimdar Kredit Təşkilatı tərəfindən 23 İyul 2018-ci il tarixdə, AKT əsasında İnter-Textile ASC-yə məxsus bütün əmlaklar yeni yaradılmış Azərbaycan Sənayə Korperasiyası Açıq Səhmdar Cəmiyyətinə verilmişdir. Həmin tarixdən İnter-Textile ASC-nin fəaliyyəti tam dayanmışdır. Göstərilən dövrdən işçilərin əmək haqları, istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabları və əmək haqqında hesablanmış sosial-sığorta haqlarının ödənilməsi mümükün olmamışdır. Göstərilən dövrdə İnter-Textile ASC-nin Dövlət Büdcəsinə 05.06.2018-ci il tarixə 2.028.401,51 qəp (iki milion iyirmi səkkiz min dört yüz bir man 51 qəp) artıq ödəməsi olub. 05.06.2018-ci il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsinə və Azərbaycan Respublikası vergilər Nazirliyinə müraciət olunaraq, xahiş edilib ki, artıq ödəməni qaytarsınlar, qaytarılacaq vəsait əmək haqqı və sosial sığorta borcunun ödənilməsinə xərclənəcək, 05.07.2018-ci il tarixdə, təkrarən Vergilər Nazirliyinə müraciət olunub, Vergi Məcəlləsinin 24.0.10 maddəsinə əsasən artıq ödəmənin qaytarılması barədə tədbir görmək Vergi Orqanının vəzifəsidir. Vergi Məcəlləmin 87.3 maddəsinə əsasən, vergin ödəyicisinin ərazisinə əsasən 45 gün ərzində, artıq ödəmə vergi ödəyicisinə qaytarılmalıdır. Lakin 2 Saylı Ərazi Vergilər İdarəsi müraciətlərin heç birinə əhəmiyyət verməyib. Hal-Hazırda 2 Saylı Ərazi Vergilər İdarəsi, Dövlət Sosial Müdafiə Fonduna olan 926.918,58 (doqquz yüz iyirmi altı min doqquz yüz on səkkiz man 58 qəp) borcu və borca əlavə olaraq, ona hesablanmış 306066 man 29 qəp (Üç yüz altı min altmış altı man 29 qəp) faiz borcunu tələb edir. Göstərilən sosial sığorta borcunun əvəzləşdirilməsi üçün, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyat Nazirliyinə müraciət olunub, lakin artıq ödəmə ilə, sosial sığorta borcunun əvəzləşdirilməsinə mümükün olmadığı bildirilib. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin günahı ucbatından, sosial sığorta borca əlavə olaraq 306066 man 29 qəp (üç yüz altı min altmış altı man 29 qəp) faiz heablanıb. Əgər artıq ödəmə vaxtında İnter-Textile ASC-yə qaytarılsa, işçilərin əmək haqqıları, son haqq-hesabları və sosial sığorta üzrə DSMF-yə olan borclar tam şəkildə ödənilmiş olardı. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, covid pasportu olmadığına görə iclasda iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxıb iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbinin dəlillərini əsassız hesab edirlər. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi artıq ödəməsi 02.04.2008-ci il tarixdən yaranmışdır. Buna görə də vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən artıq ödəmənin tələb etmək müddəti bitdiyindən İddiaçı ASC-nin artıq ödənilmiş artıq ödənilmiş vergi borcunun iddiaçıya qaytarılması tələbinə dair iddiası əsassızdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddia tələbi 2 əsasa görə mümkün sayılmamalıdır. 1) Hazırkı iddia tələbinin verilməsində iddiaçının subyektiv hüququnun olmaması, 2) Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququnu ötürdüyünə görə, Nəzərə alınmalıdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli 2-2(85)-1607/2016 saylı qətnaməsinə əsasən İddiaçı ASC-dən "xxxx" QSC-nin xeyrinə 3.286.404,61 manat pulun tutulması, həmin məbləğin İddiaçı ASC-nin daşınmaz və daşınar əmlaklarına yönəldilməsi, həmin əmlaklar üzərində İddiaçı ASC-nin mülkiyyət hüquqlarına xitam verilməsi və həmin əmlaklar üzərində Aqrarkredit” QSC-nin mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraaya yönəldilmiş və (23.07.2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 saylı Fərmanının 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədi ilə yaradılmış) Təhvil-Təslim Komissiyasının 22 may 2018-ci il tarixli qərarı ilə (iclas protokolu N-14), "xxxx" ASC-dən problemli aktivlərin əvəzində əldə edilmiş ünvan 1 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əsas vəsaitlərinin "xxxx" QSC-dən "xxxx" ASC-yə təhvil verilməsi barədə akt imzalanmışdır. Yəni Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 oktyabr 2016cı il tarixli 2-2(85)-1607/2016 saylı qətnaməsinə əsasən Aqrarkredit” QSC-nin mülkiyyətinə keçmiş bütün əmlaklar Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 saylı Fərmanına əsasən “Azərbaycan Sənaye Korporasiyası ASC-nin mülkiyyətinə verilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC tərəfindən vergi orqanına ödənilmiş artıq ödəmələrin geri tələb edilməsi onun mülkiyyət hüququnun bir hissəsi kimi qəbul edilməlidir və iddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında bu hüququnu itirməsi səbəbindən artıq ödənilmiş ödənilmiş vergilərin geri qaytarılmasında subyektiv hüququ malik deyil. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iddiaçı hazırkı iddia tələbini qaldırmaq üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş prosessual müddətləri ötürüb. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyaların qaytarılması Qaydalan”nın 2.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 4.4-cü maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir. İddiaçının şəxsi hesab vərəqəsinə nəzər saldıqda artıq ödəmələrin son tarixinin 08.10.2013-cü ildə olması müəyyən olunur. Həmin tarixdən sonra iddiaçı tərəfindən hər hansı bir ödəniş həyata keçirilmir və əvəzləşmələrin sahəsində artıq ödənilmiş məbləğin dəyəri 1.840.027,32 manata qədər endirilmişdir. Bu isə nəzərədə tutulmuş 5 illik müddətin keçməsinə dəlalət edir. Ona görə də məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi qarşı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin, X3 Cəmiyyətinin 14.07.2021-ci il tarixə olan 1.840.027 man 32 qəp (bir milyon səkkiz yüz qırx min iyirmi yeddi man 32 qəp) artıq ödəməsinin, "xxxx" ASC-yə qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1595/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1595/2021
01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver