Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1596/2021 25.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı Cavabdeh1 və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin üzərinə iddiaçının 30 oktyabr 2020-ci il tarixdən dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin binasında (Ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi 70), inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 30 oktyabr 2020-ci il tarixdən dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin 21.01.2021-ci il tarixli məktubunda qeyd edilir ki, ərizələrinizə və onlara əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Lakin göründüyü kimi sizin dövlət qulluğu stajınız 15 ildən az, yəni 11 il 5 ay 24 gün təşkil edir ki, buna görə də sizə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin 06 mart 2018-ci ilədək olan redaksiyasında qeyd olunmuşdur ki, dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minumum həddi 5 ildir. İddiaçının da həmin dövrdə tələb edilən stajdan artıq iş stajı olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh etiraz ərizəsi təqdim edərək onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 fevral 2019-cu il tarixli **********2 saylı əmri ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və Bakı şəhəri İdarəsi haqqında əsasnamələri təsdiq edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. İddiaçının iddia tələbi ilə bağlı qeyd olunur ki, əmək kitabçasında qeyd edilən dövlət qulluğu stajı 11 il 05 ay 24 gün təşkil edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinin tələbinə görə yaşa görə əmək pensiyası üçün dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı staj mövcud olmalıdır. Ümumi staj isə 25 il olmalıdır. Həmin qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh1 və vəkili Vəkil iştirak edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi məhkəmədə etirazla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə tərəflər sənədlər təqdim etmişdir. Həmin sənədlərə daxildir: İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir ki, o, xx.xx.1950-ci ildə Sabirabad rayonunun Xəlfəli kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan cavabdehin 21.01.2021-ci il tarixli, **********4 nömrəli imtina məktubundan görünür ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az (11 il 5 ay 24 gün) təşkil edir ki, bu səbəbdən də iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 30.10.2020-ci il tarixli əmrdən çıxarışına əsasən iddiaçının pensiya yaşına çatması ilə əlaqədar olaraq öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi əmr edilmişdir. İddiaçıya məxsus əmək kitabçasının surəti ilə müəyyən edilir ki, iddiaçı 06.05.2009cu ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Dövlət əhəmiyyətli obyektlər üzrə baş məsləhətçi – baş müfəttiş vəzifəsinə təyin edilmiş, 27.09.2011-ci ildə keçirilən ştat dəyişikliyi ilə əlaqədar olaraq həmin müfəttişliyin Dövlət əhəmiyyətli obyektlər üzrə Dövlət Tikinti Müfəttişliyinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. İddiaçıya 17.11.2011-ci il tarixdə kiçik dövlət qulluqçusu, 15.11.2013-cü ildə 3-cü dərəcə dövlət qulluqçusu, 18.11.2015-ci ildə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcələri verilmişdir. 30.10.2021-ci ildə iddiaçının pensiya yaşına çatması ilə əlaqədar olaraq öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Məhkəmə tərəfindən iddia tələbi araşdırılarkən həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. Çünki, cavabdeh orqan iddiaçının müraciəti əsasında öhdəliyin icrasından imtina etmişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsi və iddianın tələbə cavab verməli olan inzibati orqana yönəldilməsidir. İddia buna cavab verməli olan inzibati orqana qarşı yönəlmiş və iddiaçı əvvəlcədən cavabdeh orqana müraciət etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. İddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddiadır. Belə ki, qüvvədə olan qanunvericilik müəyyən hallarda vətəndaşların əmək pensiyası təminatı hüququnu tanımaqla bu hüququn gerçəkləşdirilməsi üçün həmin şəxslərə müxtəlif növ əmək pensiyası, o cümlədən yaşa, əlilliyə, ailə başçısının itirildiyinə görə əmək pensiyasının verilməsinin şərtlərini müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İşdən göründüyü kimi iddiaçı ona 30 oktyabr 2020-ci il tarixdən dövlət qulluqçusu kimi pensiya təyinatı aparılmasını istəyir. Lakin cavabdeh orqan imtinasında qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən dövlət qulluğu stajı 11 il 05 ay 24 gün təşkil edir. Yəni, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinin tələbinə görə yaşa görə əmək pensiyasının təyin olunması üçün dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı staja malik olma nəzərdə tutulmuşdur. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək aşağıdakıları rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yaranması zamanı “Dövlət qulluğu haqqında” Qanunun 06 mart 2018-ci ilədək olan redaksiyasına istinad olunmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanununun 23.2-ci maddəsinə (06 mart 2018-ci ilədək olan redaksiyada) əsasən dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 il olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 1-ci bəndinin 3-cü hissəsinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Göründüyü kimi, iddiaçının pensiya hüququ 2017-ci ilin 1 iyuluna qədər yaranmış, lakin cavabdeh orqana müraciəti isə 2021-ci il tarixdə olmuşdur. Əmək kitabçasının surətindən də göründüyü kimi onun 25 ildən artıq stajı olmuşdur. Eyni zamanda iddiaçı 06 may 2009-cu ildən 30 oktyabr 2020-ci il tarixə qədər dövlət qulluqçusu kimi 11 il 5 ay 24 gün staja yəni, dövlət qulluqçusu kimi pensiya verilməsi üçün lazım olan xidmət illərinin minumum həddindən (5 il) artıq staja malik olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddia tələbi təmin edilməli, ona 30.10.2020-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Cavabdeh1 30 oktyabr 2020-ci il tarixdən dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1596/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1596/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver