Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1596/2025 22.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X9, X4 və X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı X5, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı, X9, X4 və X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Xızı rayonu, Xələnc kəndi ərazisində yerləşən 0,05 ha və 0,03 ha həyətyanı torpaq sahələri üzərində (JN-021A və JN-021B KOD 30610028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) iddiaçıların mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xızı rayonunun Xələnc kəndində yerləşən 0,03 və 0,05 ha torpaq sahələrinə dair JN-021A və JN-021B nömrəli KOD 30610028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə adının uyğun gəlmədiyi üçün hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xızı rayonu, Xələnc kəndi ərazisində yerləşən 0,05 ha və 0,03 ha həyətyanı torpaq sahələri müvafiq olaraq JN-021A nömrəli KOD 30610028 və JN-021B KOD 30610028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərlə ona və ailə üzvlərinə ayrılmışdır. Həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının tanınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqan müvafiq şəhadətnamələrdə iddaçının adının “İddiaçı” əvəzinə “X7” olaraq yazılması səbəbindən ərizənin icrasından imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin sonuncu şifahi məhkəmə baxışı iclası 22 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı X9 (eyni zamanda digər iddiaçılar nümayəndəsi) iddia tələbinə dair dəqiqləşmə təqdim edərək Xızı rayonu, Xələnc kəndi ərazisində yerləşən 0,05 ha və 0,03 ha həyətyanı torpaq sahəsi üzərində (JN-021A və JN- 021B KOD ********) iddiaçıların mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və etirazını onunla əsaslandırmışdır ki, Xızı rayonu, Xələnc kəndi ərazisində yerləşən 0,05 ha və 0,03 ha həyətyanı torpaq sahələrinə dair JN-021A və JN-021B KOD 30610028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərdə iddiaçının ailə üzvlərinin ad və soyadlarında uyğunsuzluq aşkar edilmişdir. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, mülkiyyət hüququnun qeydiyyata alınmasına dair başqa imtina səbəbi mövcud deyildir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində iddiaçının adı İddiaçı olaraq qeyd olunmuşdur. İşdə olan Xızı rayonu, Xələnc kəndi ərazisində yerləşən 0,05 ha və 0,03 ha həyətyanı torpaq sahələrinə dair müvafiq olaraq verilmiş JN-021A və JN-021B KOD 30610028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərdə iddiaçının adı Abasova “Matəb” İlqar qızı olaraq qeyd edilmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2024-cü il tarixli arayışında Xızı rayonu, Xələnc kəndi ərazisində yerləşən 0,05 ha və 0,03 ha həyətyanı torpaq sahələrinə dair “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərdə iddaçının adının səhvən İddiaçı əvəzinə Abasova “Matəb” İlqar qızı yazıldığı qeyd olunmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, Xızı rayonu, Xələnc kəndi ərazisində yerləşən 0,05ha həyətyanı torpaq sahəsinə dair JN- 021A nömrəli KOD 30610028 olan və Xızı 0,03ha həyətyanı torpaq sahəsi üzərində JN- 021B KOD 30610028 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərlə həmin torpaq sahələri iddiaçılara ayrılmışdır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Xızı rayonu olduğu üçün həmin orqanın – 2 saylı Sumqayıt Ərazi İdarəsinin səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin 21 may 2024-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Xızı rayonu Xələnc kəndi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.5.2006-cı il iyulun 6-dəkmüvafiq icra hakimiyyəti orqanlarıtərəfindən verilmiş daşınmaz əmlak üzərindəhüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin norma Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində də qeyd olunmuşdur).
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Xızı rayonu, Xələnc kəndi ərazisində yerləşən 0,05 ha və 0,03 ha həyətyanı torpaq sahələrinə dair JN-021A və JN-021B KOD 30610028 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərdə iddaçının adı İddiaçı əvəzinə Abasova “Matəb” İlqar qızı olaraq qeyd edilmişdir. İddiaçılar İddiaçı, X9, X4 və X6 həmin torpaq sahələrinin faktiki istifadə vəziyyətinə uyğun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyini cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh təşkilat tərəfindən iddiaçılardan İddiaçı adında uyğunsuzluq aşkar edilməsi səbəbindən müraciəti müsbət həll edilməmişdir. Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halı araşdıraraq imtinaya münasibətdə qeyd edir ki, doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində iddiaçının adı İddiaçı olaraq qeyd olunmuşdur. Həmçinin Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2024-cü il tarixli arayışında da Xızı rayonu, Xələnc kəndi ərazisində yerləşən 0,05 ha və 0,03 ha həyətyanı torpaq sahələrinə dair JN-021A və JN-021B KOD 30610028 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərdə iddaçının adının İddiaçı əvəzinə səhvən Abasova “Matəb” İlqar qızı olaraq qeyd olunduğu bildirilmişdir. Qeyd olunan halın iddiaçının adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın yeganə imtinasının əsassız olmasına dəlalət edir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Aqrar İslahat Komissiyasının müvafiq qərarı və onun əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin mövcud olması, uzun müddət həmin torpaq sahələrinin iddiaçıların istifadəsində olması, hər hansı başqa şəxslərin hüquqlarına müdaxilə olmaması və şəhadətnamələrdə iddiaçılardan İddiaçı adında olan yanlışığın texniki səhv olması nəzərə alınmalı, iddia tələbi təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə iddiaçılar İddiaçı, X9, X4 və X3 Xızı rayonunun Xələnc kəndi ərazisində yerləşən JN-021A və JN-021B KOD 30610028 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərə əsasən müvafiq olaraq 0,05 ha və 0,03 ha həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın, torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinetin olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinetin olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinetin olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev