Məhkəmə qərarları › İş №2-1(118)-1597/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1597/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1597/2021 06.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-297A, kod 30319028 saylı şəhadətnaməyə əsasən Quba rayonu, Qaraçay kəndi ərazisində yerləşən torpaq sahəsinin mərhum X1, o cümlədən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsi cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 06 saylı, 10.06.1997-ci il tarixli qərarı ilə Quba raonu, Qaraçay kəndi ərazisində 0,18 hektar torpaq sahəsi şəhadətnaməyə əsasən iddiaçıların ailə üzvlərinə verilmişdir. JN- 297A, kod 30319028 saylı torpaq sahəsinin şəhadətnaməsindən görünür ki, əmlakın faktiki sahəsi 0,18 hektar təşkil edir. Torpaq sahəsi həmin tarixdən qanuna müvafiq qaydada onalar tərəfindən hasara alınmış və təyinatına uyğun istifadə edilmiş, hal-hazırda da onların istifadəsindədir. Akif Şükürov 06 aprel 2021-ci il tarixdə ağ ciyər xərçəngindən dünyasını dəyişmişdir. Yuxarıda qeyd olunan torpaq sahəsini vərəsəlik qaydasında adlarına rəsmiləşdirmək məqsədi ilə cavabdehə müraciət etmişlər, inzibati orqanın **********60 nömrəli, 24.05.2021-ci il tarixli məktubu ilə imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, torpaq sahəsinin 0,18 hektar kimi qeydiyyata alınması üçün təqdim edilmiş JN-297 A nömrəli şəhadətnamədə göstərilən məlumatlara dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar var. Hesab edir ki, imtina əsassızdır. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənəd - şəhadətnamə inzibati orqana təqdim edilmişdir, torpaq sahəsinin 0,18 hektar kimi qeydiyyata alınması üçün təqdim edilmiş JN-297 A nömrəli şəhadətnamədə göstərilən məlumatlara dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluq olması torpaq sahəsindən istifadə edən şəxsin və ya mülkiyyətçinin iradəsindən asılı olan hal deyildir. Cavabdeh tərəfin imtinada gətirdiyi dəlillərə cavab olaraq bildirilir ki, bazada olan elektron sənədlərdə torpaq sahəsinin ölçüsü düzgün göstərilməməsi iddiaçının iradəsindən asılı olan hal deyil və nəzərə alınmalıdır ki, vətəndaşların qanuni istifadəsində olmuş torpaqlarının rəsmiləşdirilməsi zamanı mövcud uyğunsuzluqlarm aradan qaldırılması müvafiq (DƏDRX haqqında) Əsasnamə ilə hazırkı cavabdehin vəzifələrindən biridir. Odur ki, belə hal hüququ olan şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına heç bir halda əsas vermir. Ona görə də mülkiyyət hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı3 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı1 Quba rayonu, Qaraçay kəndində yerləşən 0.18 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 18.05.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə 24.05.2021-ci il tarixli, **********60 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Sənədlərin ekspertizası zamanı məlum olunmuşdur ki, ərizənizdə qeyd olunan torpaq sahəsinin 0.18 ha kimi qeydiyyata alınması üçün təqdim edilmiş JN- 297A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" də göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar var. Belə ki, təqdim etdiyiniz JN-297A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin miqdarı 0.18 ha kimi qeyd olunsa da ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında 0.08 ha kimi qeydə alınmış, Aqrar islahat komissiyasının Qaraçay kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında o cümlədən 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə 0.08 ha kimi öz əksini tapmışdır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Xahiş edirik nəzərə alasınız.” Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bildirilir ki, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçrilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddia ərizəsində mübahisələndirilən 0.18 ha torpaq sahəsinə aid JN-297A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında, Aqrar islahat komissiyasının Qaraçay kəndində torpaq payı almaq hüququ olan subyektlərin siyahısında, o cümlədən 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə 0.08 ha kimi öz əksini tapmışdır. Bununla da sənəd üzrə olan torpaq sahəsindən əlavə 0.10 torpaq sahəsinin yerləşdiyi yeri dəqiq məlum deyildir, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Bununla bağlı icraatda olan iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilata və digər iddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin **********60 nömrəli, 24.05.2021-ci il tarixli imtina məktubu, **********43 nömrəli, 28.10.2021-ci il tarixli məktubu, etirazı, JN-297A, kod 30319028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiqlənmiş surəti, Quba rayonu, İ Nügədi kən İƏD üzrə nümayəndəliyinin 1058 nömrəli, 29.11.2021-ci il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Nəzərə alınmalıdır ki, Akif Şükürov 06 aprel 2021-ci iildə vəfat etdikdən sonra ondan miras qalmış əmlakı qanuni vərəsələri kimi İddiaçı1, İddiaçı2 və İddiaçı3 öz adlarına qəbul etmək məqsədilə notariat ofisinə müraciət etmiş, notariat ofisindən iddiaçılara mövcud əmlakı daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirdikdən sonra vərəsəlik məsələsinə baxılmasının mümkünlüyü izah olunmuşdur. Məhkəmə qeyd edir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 06 saylı, 10.06.1997-ci il tarixli qərarı ilə Quba raonu, Qaraçay kəndi ərazisində 0,18 hektar torpaq sahəsi şəhadətnaməyə əsasən iddiaçıların ailə üzvlərinə verilmişdir. Həmin torpaq sahəsi iddiaçıların faktiki istifadəsində və sahibliyində olduğundan və miras qoyan (əri/ataları) vəfat etdiyindən həmin torpaq sahəsi üzərində öz adlarına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməsi üçün idddiaçıların sübyektiv hüquqları yaranmış olur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçıların hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onların mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Quba rayon Aqrar İslahat Komissiyasının 06 saylı, 10.06.1997-ci il tarixli qərarının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçıların istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçılar DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********60 nömrəli, 24.05.2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdırlar. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Quba rayon Aqrar İslahat Komissiyasının 06 nömrəli, 10.06.1997-ci il tarixli qərarı ilə Quba rayonu, Qaraçay kəndi ərazisində yerləşən 0.18 hektar torpaq sahəsi iddiaçılara ayrılmış və həmin torpaq sahəsi iddiaçıların adına qeydə alınaraq JN-297A, kod 30319028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. İddiaçılar 0.18 ha torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçıların müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Araşdırma zamanı iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Quba rayonu, Qaraçay kəndi ərazisində yerləşən, JN-297A, kod 30319028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0.18 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqument aşağıdakılardan ibarətdir: 1) JN-297A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin miqdarı 0.18 ha kimi qeyd olunsa da ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında 0.08 ha kimi qeydə alınması, o cümlədən 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə 0.08 ha kimi göstərilməsi, 2) 0.10 ha Torpaq sahəsinin yerləşdiyi yerin məlum olmaması, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmaması. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirlən arqumentlər əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi 1-ci arqumentdə münasibətdə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı məlumat verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerqurluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanın rayon (şəhər) torpaq şöbələri həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verilməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keşmiş DTXK tərəfindən aparılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçıların hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Beləlikə məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu qəbildən gətirdiyi arqumenti əsassızdır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi 2-ci arqument ilə bağlı, yəni 0.10 ha torpaq sahəsinin yerləşdiyi yerin məlum olamaması, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmamasına münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2 və 45.1-ci maddələrinə əsasən cavabdeh inzibati orqanın inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olduğu tədqirdə cavabdeh təşkilatın öz mülahizələrinə əsaslandığı və iddia tələbinin təmin edilməməsi illə bağlı gətirdiyi 2-ci arqumentdə öz əhəmiyyətini itirmiş olur. JN-297A saylı dövlət aktında adları göstərilmiş şəxslərdən X2 vəfat etdiyinə görə ümumi birgə mülkiyyət hüquququ haqqında veriləcək çıxarışda onunda adı öz əksini tapmalıdır. Belə ki, cavabdeh təşkilat torpaq sahəsinin mərhumla bağlı hissəsində “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsaslanaraq mərhumun vərəsələrinə elektron çıxarış verməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 05 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 1.2-ci bəndinə əsasən bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Qeyd olunan Təlimatın müvafiq bəndindən məlum olur ki, daşınmaz əmlakla bağlı dövlət reyestrində qeydə alınmış hüquqlar, hüquq sahibi barədə məlumatlar, daşınmaz əmlakın təsviri qeyd olunan arayışda öz əksini tapmalıdır. Arayışın təyinatı barədə digər qeyd həmin Təlimatın 2.4-cü bəndində öz əksini tapmışdır. Belə ki, Təlimatın qeyd olunan bəndinə əsasən daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin Təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Qeyd olunan Təlimatın 7.1-ci bəndində ölmüş şəxsin sağlığında sahibliyində olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı DƏDRX-ə müraciət edərək hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın almadan ölməsi, 7.2-ci bənddə isə ölmüş şəxsin sahibliyində olan daşınmaz əmlaka dair hüquqlarının qeydə alınması ilə bağlı ümumiyyətlə DƏDRX-ə müraciət etmədiyi hallara şamil olunur. Hər iki halda ölmüş şəxsin vərəsələrinə elektron çıxarışın verilməsi nəzərdə tutulur. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakın təsviri, hüquq sahibi barəsində məlumat xarakterli arayışın DƏDRX tərəfindən verilməsi mümkün deyil. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarından məlum olur ki, məlumat xarakterli arayış verilməsi yalnız dövlət qeydiyyatından keçmiş daşınmaz əmlakla bağlı ola bilər. Hesab olunur ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsində göstərilmiş arayışın verilməsi ölmüş şəxsin adına DƏDRX-də qeydə alınmış daşınmaz əmlakın təsviri, hüquq sahibi və sair məlumatlar barəsində verilə bilər. Belə ki, Qanunun 22.2-ci maddəsinin tələbləri baxımından müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Burada nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən yalnız dövlət reyestrində qeydə alınmış daşınmaz əmlak üzərində notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi rəsmiləşdirilə bilər. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, notariuslar tərəfindən miras şəriklərinə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən miras əmlakın mərhuma mülkiyyət hüququ ilə məxsus olmasının yoxlanılması mühüm şərtlərdən biridir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 94-cü bəndinə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əmək haqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Həmin Təlimatın 107-ci bəndinə əsasən miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir. Notarius hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış vərəsə və ya onun nümayəndəsi tərəfindən təqdim edilir. Qeyd olunanlar bir daha ona dəlalət edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsində göstərilmiş arayış yalnız dövlət qeydiyyatından keçmiş daşınmaz əmlaka dair verilə bilər. Ona görə də ölmüş şəxsin sahibliyində olmuş daşınmaz əmlak, ümumiyətlə, DƏDRX-də qeydə alınmayıbsa DƏDRX-in üzərinə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması yolverilməzdir. Göründüyü kimi mübahisə predmeti olan 0.18 ha torpaq sahəsinin yalnız 0,08 ha hissəsi elektron baza məlumatlarında qeydə alınmışdır. Ona görədə məhkəmə hesab edir ki, dövlət aktlarında adları göstərilmiş şəxslərdən mərhum Akif Şükürova münasibətdə Təlimatın 7.2-cı bəndinə uyğun olaraq elektron çıxarış verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN:0288 KOD ******* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba raonu, Qaraçay kəndi ərazisində yerləşən 0.18 hektar torpaq sahəsi üzərində mərhum X1, o cümlədən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt şəhərində yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar