Məhkəmə qərarları › İş №2-1(118)-1599/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1599/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1599/2021 09.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə və Cavabdeh3nə qarşı “qəzalı vəziyyətə düşmüş mənzillərinə baxış keçirilərək, dəymiş ziyanın müəyyən edilməsi və ziyanın ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə və Cavabdeh3nə qarşı “qəzalı vəziyyətə düşmüş mənzillərinə baxış keçirilərək, dəymiş ziyanın müəyyən edilməsi və ziyanın ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Laçın ryonundan məcburi köçkün, ailə üzvlərinin sayı 7 nəfərdən ibarətdir, 2017-ci ilin dekabr ayından ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Abşeron rayonu, Nübar qəsəbəsində iki otaqlı öz hesabı ilə tikdiyi mənzildə yaşayırlar. Həmin mənzil torpağın sürüşməsi səbəbindən qəzalı vəziyyətə düşmüşdür. Hal-hazırda da mənzil qəzalı vəziyyətdə olmaqda davam edir. Son zamanlarda da yaşadığı ev uçmaq təhlükəsi qarşısındadır. Yaranmış vəziyyətlə bağlı olaraq dəfələrlə FHN-nə və Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinə, Cavabdeh3nə müraciətlər etmiş, lakin cavabdehlər tərəfindən formal olaraq cavab məktubları göndərilərək müxtəlif bəhanələr gətirərək onlarla maraqlanmamışlar, yaşayış yeri ilə onları təmin etməmişlər, ancaq kağız üzərində vədlər vermişlər. Mənzilə baxış belə keçirməmişlər. FHN-nin qaynar xəttinə müracətlərində isə bildirmişlər ki, ölən yoxdursa yaşaya bilərsiz cavabını vermişlər. Yuxarıda göstərilən dövlət orqanlarına etdikləri müraciətləri bir dövlət orqanı digər dövlət orqanına göndərməklə işlərini bitmiş hesab etmişlər. Məsələnin həlli üçün, insan həyatının təhlükəsizliyi üçün heç bir addım atmamışlar. Yaşadığı, öz hesabına min bir əziyyətlə kasıbçılıqla tikib başa gətirdiyi mənzilin qəzalı vəziyyətə uçmaq həddinə çatması səbəbi ilə məcburiyyət qarşısında qalıb müvəqqəti olaraq kirayə mənzilə köçmək durumuna düşmüşlər. Çətin olan yaşayış tərzlərini bu hal daha da çətinləşdirmişdir. Bütün bunlara cavabdehlər laqeyidlik göstərərək üzərilərinə düşən vəzifələri yerinə yetirməməkdədirlər. Bundan əlavə Azərbaycan Respublikasının Prezidentinə müraciətlər olunmuş. Aparat tərəfindən ünvanladığı müraciətə baxılması üçün cavabdeh təşkilatlara göndərilmiş, lakin cavabdehlər buna da məhəl qoymayaraq heç bir tədbir görməmişlər. Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatına da müraciətlər olmuşdur, çox təəssüf ki, cavabdehlər tərəfindən Aparatın müraciətlərinə məhəl qoyulmamışdır. Sonunda düşdükləri vəziyyət həllini tapmamışdır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədilə Qaçqınlar və X2 üzrə Dövlət Komitəsi belə halların yerində araşdırılmalı və lazımi tədbirləri həyata keçirməlidir. Lakin qeyd edilən dövlət orqanarı üzərilərinə düşən öhdəlikləri yerinə yetirməməkdədilər. Eyni zamanda FHN-nin əməkdaşları da baş vermiş hadisənin yerində araşdırmasını həyata keçirməli və müvafiq aktlar tərtib edilməlidir. Yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, Cavabdehlər öz vəzifələrini yerinə yetirməmiş və onlara dəyən ziyanın hesablanması və ödənilməsi istiqamətində heç bir addım atmamışıar. O üzdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddiasına əsasən onu bildirirlər ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli 165-İVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33 və 35-ci maddələrini nəzərə alaraq, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı daxil olmuş müraciəti Komitə tərəfindən araşdırılmış və 15.01.2021-ci il tarixli məktubla ona cavab verilərək, ölkə rəhbərliyinin tapşırığına əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə, qeydiyyatda olduqları şəhər və rayonlar üzrə onlar üçün mərhələli şəkildə tikiləcək yeni evlərlə təmin olunacaqlarının nəzərdə tutulduğu bildirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə büdcədən ayrılan maliyyə vəsaiti daxilində ancaq məcburi köçkünlərin kompakt məskunlaşdıqları obyektlərin ümumi istifadə olunan yerlərində təmir işləri aparılır. Fərdi qaydada məcburi köçkünlərin yaşadıqları yerdə ev tikilməsi üçün Komitəyə maliyyə vəsaiti ayrılmadığına görə məsələnin həllinin imkan xaricində olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi dövlət büdcəsi hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifathna əsasən. Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Əsasnaməsi tələblərinə əsasən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. İddiaçı ərizəsində “2017-ci ilin dekabr ayında 7 nəfər ailə üzvü ilə birlikdə Abşeron rayonu, Nübar qəsəbəsində iki otaqlı öz hesabına mənzil tikərək yaşadığını bildirmişdir. Həmin mənzilin yerləşdiyi yerdə torpaq sürüşməsi olduğundan, yaşadıqları mənzilin qəzalı vəziyyətdə olduğunu qeyd etmişdir”. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçı şəxs öz hesabına mənzil tikərək, Abşeron rayonu ərazisində məskunlaşmışdır. Komitə tərəfindən məcburi köçkünlərin yaşayış sahəsi ilə təmin edilməsi yuxanda qeyd olunan müvafiq qanunvericiliyin tələblərinə və Dövlət Proqramlarına əsasən həyata keçirilir, iddaçının həmin Dövlət Proqramlarına uyğun olaraq yaşayış sahəsi ilə təmin edilməsi ilə bağlı heç bir qərar qəbul edilməmiş və ya hərəkət(hərəkətsizlik) göstərilməmiş və onun öz hesabına tikdiyi mənzilə Komitə tərəfindən heç bir ziyan vurulmamışdır. Göründüyü kimi iddiaçı Abşeron rayonu Nübar qəsəbəsində müstəqil şəkildə məskunlaşıb, məcburi köçkün ailəsi həmin ərazidə Komitə tərəfindən yerləşdirilməyib və Komitə ilə iddiaçı arasında hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmamışdır. İddiaçının məskunlaşdığı yaşayış sahəsinə dəymiş ziyanın hesablanması və həmin hadisə ilə bağlı müvafiq araşdırmanın aparılması, araşdırma nəticəsinə uyğun olaraq dəymiş ziyanın müəyyənləşdirilməsi Komitənin səlahiyyətlərinə aid olmadığından, dəymiş ziyanın ödənilməsi ilə bağlı Komitə cavabdeh şəxs qismində göstərilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iddia tələbi üzrə iddiaçıya dəymiş ziyanla bağlı Komitə tərəfindən heç bir qərar (inzibati akt) qəbul edilməmiş və ya hərəkət (hərəkətsizlik) edilməmişdir. İddiaçı şəxs öz hesabına tikdiyi mənzildə məskunlaşması Komitə tərəfindən həyata keçirilməmiş, hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmamışdır, iddiaçının məskunlaşdığı yaşayış sahəsinə dəymiş ziyanın hesablanması və həmin hadisə ilə bağlı müvafiq araşdırmanın aparılması araşdırma nəticəsinə uyğun olaraq dəymiş ziyanın müəyyənləşdirilməsi Komitənin səlahiyyətlərinə aid olmadığından, dəymiş ziyanın ödənilməsi ilə bağlı Komitə cavabdeh şəxs qismində göstərilə bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 iddia tələbinə münasibət bildirməmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəfindən hüquqi yardım olaraq iddiaçının nümayəndəsinə mövcud mübahisənin həlli üçün iddia ərizəsində inzibati orqanlardan birinin cavabdeh qismində digərlərinin 3-cü şəxs qismində göstərilməsi, o cümlədən tələb edilən məbləğin dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçı tərəfindən verilmiş iddia tələbi çərçivəsində mübahisəyə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə alınmalıdır ki, iddia tələbi bir-biri ilə əlaqəsi olmayan inzibati orqanlara qarşı eyni tələblərdən ibarət olmuşdur. Azərbaycan Respublikası Cavabdeh1nə qarşı verilmiş iddia tələbinə gəlincə məhkəmə qeyd edir ki, müvafiq kompensasiyanının Fövqaladə Hallar Nazirliyindən tələb edilməsi o halda cavabdeh üçün müəyyən hüquqi nəticə doğura bilərdi ki, həqiqətən də cavabdeh iddia tələbinə cavab verməli olsun. Belə ki, hər hansı bir təbii fəlakət nəticəsində əhalinin yerləşdiyi yaşayış sahələrinə ziyan dəydiyi tədqirdə müxtəlif dövlət proqramları çərçivəsində qanunvericiliyə uyğun olaraq səlahiyyətli qurumlar həmin yaşayış sahələrini bərpa edir və ya müvafiq kompensassiyanı əhaliyə verirlər. Göründüyü kimi Cavabdeh1 iddiaçının faktiki sahibliyində olan fərdi yaşayış evinin təmir edilməsi və ona müvafiq kompensasiyanın ödənilməsində hər hansı bir öhdəliyi mövcud deyil. İddia tələbinin ikinci inzibati orqan olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı verilmiş tələb ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi dövlət büdcəsi hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifathna əsasən. Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Komitə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Əsasnaməsi tələblərinə əsasən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Göründüyü kimi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi də hazırkı iddia tələbinə cavab verməli deyildir. İddiaçının Cavabdeh3nə qarşı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, yerli icra hakimiyyətlərinin fəaliyyətinin təşkili Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnaməsi ilə tənzimlənir və həmin Əsasnamənin 3.9.6-1-ci və 3.9.7-ci bəndlərinə əsasən yerli icra hakimiyəti başçısı yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət edir və qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görür. Göründüyü kimi qəzalı vəziyyətdə olan evlərin bərpası üçün dəymiş ziyanın ödənilməsi yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid deyil. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli 165-İVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortamalı olduğu halda bunu etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Beləliklə mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Bu səbəbdən də Cavabdeh3 də iddia tələbinə cavab verməli deyildir. Belə olan halda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1nə, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə və Cavabdeh3nə qarşı “qəzalı vəziyyətə düşmüş mənzillərinə baxış keçirilərək, dəymiş ziyanın müəyyən edilməsi və ziyanın ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar