Məhkəmə qərarları › İş №2-1(118)-16/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-16/2024

01.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-16/2024 01.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X1, Xaçmaz Bələdiyyəsinin nümyəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə qarşı “İddiaçı xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən 0,30 ha torpaq sahəsinin mişar daşı ilə hörülmüş hasarının və sahədə inşa edilmiş bir otağın özbaşına sökülməsi, sökülmüş avadanlıqlardan istifadə etməklə, habelə çoxillik şam ağaclarını qırmaqla inşaat işlərinin aparılmasından ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər tərəfindən iddiaçının xüsusi mülkiyyət hüquqlarına müdaxilə edilməsinə son qoyulması və iddiaçıya vurulmuş külli miqdarda zərərin nəticələrini aradan qaldırmaq üçün cavabdehlərin üzərinə sökülmüş hasarın, bir otaqlı evin bərpa edilməsi və qanunsuz apardıqları tikinti-inşaat işlərinin nəticələrini aradan qaldıraraq sahənin əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə və Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə qarşı “İddiaçı xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən 0,30 ha torpaq sahəsinin mişar daşı ilə hörülmüş hasarının və sahədə inşa edilmiş bir otağın özbaşına sökülməsi, sökülmüş avadanlıqlardan istifadə etməklə, habelə çoxillik şam ağaclarını qırmaqla inşaat işlərinin aparılmasından ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər tərəfindən iddiaçının xüsusi mülkiyyət hüquqlarına müdaxilə edilməsinə son qoyulması və iddiaçıya vurulmuş külli miqdarda zərərin nəticələrini aradan qaldırmaq üçün cavabdehlərin üzərinə sökülmüş hasarın, bir otaqlı evin bərpa edilməsi və qanunsuz apardıqları tikinti-inşaat işlərinin nəticələrini aradan qaldıraraq sahənin əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” və “Torpaq bazarı haqqında” Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı haqqında” Qaydalara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına əsasən İddiaçı fərdi iaşə obyektlərinin tikintisi məqsədi ilə bələdiyyənin ehtiyat fondu torpaqlarından Xaçmaz şəhəri Qələbə küçəsində 0,30 ha torpaq sahəsi satılmışdır. Müvafiq sənədləşmə aparıldıqdan sonra İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xaçmaz Rayon Ərazi İdarəsində qeydiyyata alınaraq 2 iyun 2007-ci il tarixli Çıxarışla tanınmışdır. Torpaq sahəsi mülkiyyətçi tərəfindən mişar daşı ilə hördürülərək hasara alınmış, orada bir otaqdan ibarət ev inşa edilmişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində iddiaçı Cavabdeh1nə çağırılaraq rəhbərlik tərəfindən ondan mülkiyyətində olan torpaq sahəsindən əl çəkməsi, torpaq sahəsinin İcra Hakimiyyətinə verilməsi tələb edilmişdir. İddiaçı həmin qanunsuz təklifi qəbul edə bilməyəcəyini dedikdə, ona xoşluqla olmasa, bu işin zorla həll olunacağı bildirilmişdir. İddiaçı belə bir qanunsuzluğun baş verə biləcəyinə inanmasa da 10 oktyabr 2020-ci ildə günorta vaxtı öz torpaq sahəsinə gəldikdə 100 metrə yaxın hasarın, ərazidə inşa olunmuş otağın orada işləyən fəhlələr tərəfindən tam uçurulduğunu görmüşdür. Fəhlələr hasarın İcra Başçısının müavini X3 və Xaçmaz Bələdiyyəsi işçilərinin göstərişləri ilə uçurduqlarını bildirmişlər. Elə həmin vaxt iddiaçı X4 Rayon Məhkəməsində özünə qarşı mülkiyyətində olan torpaq sahəsinə dair alqısatqı müqaviləsinin, Çıxarışın ləğv olunması barədə iddia qaldırdığını, bunun Cavabdeh1 tərəfindən təşkil edildiyini öyrənmişdir. Bundan sonra onun torpaq sahəsində olan 20-dən çox çoxillik şam ağacları qanunsuz kəsilmiş tikinti məqsədləri üçün torpaq qazıntı və digər inşaat işləri aparılmışdır. İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən Xaçmaz şəhəri Qələbə küçəsində yerləşən torpaq sahəsinin mişar daşı ilə hörülmüş hasarının uçurulduğu, çoxillik şam ağaclarının kəsildiyi və ərazidə inşaat işlərinin aparıldığı görünür. İlkin hesablamalara görə iddiaçıya 20000 manatdan artıq ziyan vurulmuşdur. Həmin ziyan artmaqda davam edir. İddiaçının Cavabdeh1ndən vurduğu zərəri- mülkiyyətində olan torpaq sahəsinin uçurulmuş hasarını, inşa etdiyi bir otaqdan ibarət evi bərpa etməsinin rəsmi qaydada tələb olunmasına baxmayaraq, bundan imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia etdiyi 0.30 ha torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 106 nömrəli qərarı ilə Xaçmaz bələdiyyəsinin mülkiyyətinə verilmiş parkın ərazisidir. Xaçmaz bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli qərarı ilə həmin parkın ərazisindən 0.30 ha torpaq sahəsi K.T.Camalovanın xüsusi mülkiyyətinə qanunsuz olaraq satılmışdır. Torpaq sahəsinin park ərazisinə aid olduğu bələdiyyənin qərarında göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə park və digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə verilir. ‘Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, parkların və digərlərin torpaqları xüsusi mülkiyyətə satıla bilməz. Qanunvericiliyin tələblərinə görə bu torpaqlar yalnız icarəyə verilə bilər. İddiaçı parkın ərazisindən 0.30 ha torpaq sahəsinin satılması barədə bələdiyyənin xx.xx.2003-cü il tarixli 05 saylı qərarı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin tələblərinə zidd olduğu üçün Xaçmaz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 10 nömrəli qərarı ilə ləğv olunmuşdur. Həmçinin qeyd olunan torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydiyyatın ləğv edilməsi barədə bələdiyyə tərəfindən məhkəmədə iddia qaldırılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə (2(067)- 272/2021) iddia təmin edilərək reyestr qeydi ləğv edilmişdir. Hazırda parkda şəhər əhalisinin çoxsaylı müraciətləri əsasında genişmiqyaslı yenidənqurma və abadlaşdırma işləri aparılır. Hər hansı bir qanunsuz ağacların kəsilməsi və yaxud qanunsuz tikinti işlərinin aparılması halları mövcud deyil. Qeyd edilənlərə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən Cavabdeh1 nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh Xaçmaz Bələdiyyəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia etdiyi 0.30 ha torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 106 nömrəli qərarı ilə Xaçmaz bələdiyyəsinin mülkiyyətinə verilmiş parkın ərazisidir. Xaçmaz bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli qərarı ilə həmin parkın ərazisindən 0.30 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə qanunsuz olaraq satılmışdır.Torpaq sahəsinin park ərazisinə aid olduğu bələdiyyənin qərarında göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, park və digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə verilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, parkların və digərlərin torpaqları xüsusi mülkiyyətə satıla bilməz. Qanunvericiliyin tələblərinə görə bu torpaqlar yalnız icarəyə verilə bilər. İddiaçı parkın ərazisindən 0.30 ha torpaq sahəsinin satılması barədə bələdiyyənin xx.xx.2003-cü il tarixli 05 saylı qərarı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası qanunun 7.2-ci maddəsinin tələblərinə zidd olduğu üçün Xaçmaz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 10 nömrəli qərarı ilə ləğv olunmuşdur. Həmçinin qeyd olunan torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydiyyatın ləğv edilməsi barədə bələdiyyə tərəfindən məhkəmədə iddia qaldırılmışdır. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə (2(067)- 272/2021) iddia təmin edilərək reyestr qeydi ləğv edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən Xaçmaz Bələdiyyəsinin nümyəndəsi X8 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının tələbi iki ayrı-ayrı inzibati orqana qarşı yönəldilmişdir. Hüquqi yardımın edilməsi çərçivəsində iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşmənin vacibliyi vurğulanmış, dəfələrlə məhkəmə iclasları təyin edilmiş və uzun müddətin keçməsinə baxmayaraq nümayəndə və vəkil iddia tələbini konkretləşdirməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən bir iddia ərizəsində bir-biri ilə tabeçilik prinsipi olmayan bir neçə inzibati orqanlara qarşı iddia tələbinin qaldırılması yolverilməzdir. Bu səbəbdən də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1nə və Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə qarşı “İddiaçı xüsusi mülkiyyət hüququ üzrə məxsus olan Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən 0,30 ha torpaq sahəsinin mişar daşı ilə hörülmüş hasarının və sahədə inşa edilmiş bir otağın özbaşına sökülməsi, sökülmüş avadanlıqlardan istifadə etməklə, habelə çoxillik şam ağaclarını qırmaqla inşaat işlərinin aparılmasından ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər tərəfindən iddiaçının xüsusi mülkiyyət hüquqlarına müdaxilə edilməsinə son qoyulması və iddiaçıya vurulmuş külli miqdarda zərərin nəticələrini aradan qaldırmaq üçün cavabdehlərin üzərinə sökülmüş hasarın, bir otaqlı evin bərpa edilməsi və qanunsuz apardıqları tikinti-inşaat işlərinin nəticələrini aradan qaldıraraq sahənin əvvəlki vəziyyətə qaytarılması öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar