Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-160/2022 28.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialına qarşı cavabdehin 27 may 2021-ci il tarixli **********7 saylı məktubunun etibarsız sayılması, Qusar rayon Dövlət Arxivinin 25 iyun 2021-ci il tarixli 218 saylı arxiv arayışında və adına tərtib edilmiş əmək kitabçasında göstərilən 01.01.1993-cü ildən 01.01.1999-cu ilə kimi Qusar rayonunun “Ləcət” kolxozunda və “Ləcət” kənd X1 işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1956-cı il tarixdə Qusar rayonun Ləcət kəndində anadan olmuş, hazırda Qusar rayonun Həzrə kəndində ailəsilə birlikdə yaşayır. Əmək fəaliyyətinə 1973-cü ildə başlamış, həmin ildə adına əmək kitabçası tərtib edilmişdir. Şərh olunan əmək kitabçasında 23 aprel 1973-cü il tarixdən 27 yanvar 1999cu ilə kimi əmək fəaliyyəti əks olunmuşdur. 30 may 1975-ci il tarixdən 09 iyun 1977-ci il tarixə kimi ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 10 sentyabr 1977-ci ildən 13 iyul 1993-cü il tarixə kimi Qusar rayonun Qazıməmməd adlı sovxozda işləmiş, həmin tarixli 101 saylı əmrə əsasən, sovxozun bazasında “Ləcət ” kolxozu yaradılması ilə əlaqədar sovxozda işdən azad olunmuşdur. 14 iyul 1993-cü il tarixdə 04 saylı sərəncama əsasən Qusar rayonunun “Ləcət ” kolxozuna üzv qəbul olunmuş, kolxozun fəaliyyəti dayandırıldığı üçün 06 sentyabr 1996-cı il tarixli 114 saylı sərəncama əsasən kolxoz üzvlüyündən azad olunmuşdur. 07 noyabr 1996-cı il tarixdə 3 saylı sərəncama əsasən “Ləcət ” X9 Kooperativinə üzv qəbul olunmuş, torpaq islahatı ilə əlaqədar kooperativ ləğv edildiyi üçün 27 yanvar 1999-cu il tarixdə 06 saylı sərəncama əsasən kooperativin üzvlüyündən azad olunmuşdur. Yuxarıda şərh olunan əmək fəaliyyəti adına tərtib olunmuş əmək kitabçasında əks olunmuşdur. 1993-cü ildən 1999-cu ilin 01 yanvar tarixinə kimi əvvəl “Ləcət” kolxozunda daha sonra isə “Ləcət” X9 Kooperativində işlədiyi dövr əlavə olaraq Qusar rayon Dövlət Arxivinin 25 iyun 2021-ci il tarixli 218 saylı əmək haqqı ödənişi barədə Arxiv arayışı ilə də təsdiqlənir. Cavabdeh təşkilat şərh olunan Arxiv arayışında əmək haqlarının əks olunmadığı ayları əmək stajına daxil etməmişdir. Bu barədə cavabdeh təşkilat 27 may 2021-ci il tarixli **********7 saylı məktubla (Qərarla ) yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Cavabdeh təşkilatın 27 may 2021-ci il tarixli **********7 saylı Qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, sovxozlardan fərqli olaraq kolxozlarda və X2 əmək haqqı aybaay ödənilmir, əmək fəaliyyətinin nəticələrindən asıllı olaraq il ərzində bir neçə dəfə ödənilir. Həmin xüsusat 218 saylı 25 iyun 2021-ci il tarixli Arxiv arayışında əksini tapmışdır. 1996-cı ilin noyabr ayına kimi “Ləcət” kolxozunda hesablanmış əmək haqqı cədvəlindən aydın olur ki, 1993-cü ilin noyabr və dekabr, 1995-ci ilin isə oktyabr və noyabr aylarında müvafiq olaraq 7000,00 manat, 9000,00 manat, 85417,00 manat, 85417,00 manat, yəni digər aylardan xeyli artıq məbləğdə əmək haqqı hesablanmış, həmin əmək haqqları arayışda boş göstərilən aylara şamil olunur. 1998-ci ildə isə “Ləcət” Kooperativində icarədar olmaqla X8 istehsal etmiş, həmin məhsula görə iyul ayında ona 275000,00 manat əmək haqqı hesablanmışdır. Cavabdeh təşkilatın 27 may 2021-ci il tarixli **********7 saylı məktubu (Qərarı) ona poçt vasitəsi ilə göndərilmiş, tərəfindən 07 iyun 2021-ci il tarixdə alınmışdır. Bu xüsusat poçt zərfinin üzərindəki poçt ştempeli ilə təsdiqlənir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, 01.01.1993-01.01.1999-cu il tarixinə kimi əvvəl “Ləcət kolxozu”nda və “Ləcət” X9 Kooperativində işləməyə davam etmişdir. Bundan əlavə, o yenə də iddia ərizəsində qeyd etmişdir ki, ona yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına müraciət etmiş, lakin cavabdeh təşkilat Arxiv arayışında əmək haqlarının əks olunmadığı ayları əmək stajına daxil etməmişdir. Bu səbəblə də ona yaşa görə pensiya təyin edilməsi mümkün olmamışdır. Hesab edirlər ki, icraatda olan 2-1(118)-1536/2021 saylı iş üzrə iddia tələbi aşağıdakı hüquqi əsaslara görə təmin edilə bilməz və rədd edilməlidir.
1. Sosial sığorta stajının yaşa görə pensiya təmin edilməsi üçün mümkün olmaması, əmək kitabçası və “Ləçət” kolxozun şəxsi hesab kitablarında olan pozuntulardır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 17.05.2021-ci il tarixində ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yetərli qədər sosial siğorta stajına malik olmaması və 01.01.2006-cı il tarixdən onun fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması aşkarlanmış və şəxsə imtina məktubu göndərilmişdir. Tərəflərindən əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix (gün, ay, il) göstərilməmiş və bu məlumatlar işçi tərəfindən onun şəxsi imzası ilə təsdiq edilməmişdir. Eləcə də, əmək kitabçasının birinci səhifəsi ilk işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının” 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. Əmək kitabçasının birinci səhifəsində işçinin özü haqqında məlumatları işçi öz imzası ilə təsdiq edir. Həmin Qaydaların 3.11-ci bəndinə əsasən Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Bundan başqa, iddiaçının əmək kitabçasında qeyd olunan 23.05.1973-cü ildən 21.05.1975-ci il tarixinə qədər olan, 14.07.1993-cü ildən 06.11.1996 tarixinə qədər olan əmək fəaliyyəti işəgötürənin möhürü ilə təsdiq olunmamışdır. Həmçinin əmək kitabçasında qeyd olunan 30.05.1975-ci ildən 09.06.1977-ci il tarixinə qədər hərbi xidmət illəri, 10.09.1977-ci ildən 13.07.1993 il tarixinə qədər əmək fəaliyyəti haqqında qeydlər kiril əlifbası ilə yazılmışdır, halbuki idarənin möhürü latın qrafikası ilə yazılmışdır. Sadalanan hallar əmək kitabçasının mötəbərliyini şübhə altına qoyur. Bunlarla yanaşı, tərəflərindən “Ləçət” kolxozunun şəxsi hesab kitabları araşdırılarkən pozuntular aşkarlanmışdır. Belə ki, şəxsi hesab kitablarında 1993-cü ilin sentyabr ayında əmək haqqı karandaşla qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Təbii fəlakət, qəza, dağıntı və başqa fövqəladə hallar nəticəsində sənədlərin tamamilə saxlanılmadığı və ya qismən saxlanıldığı, həmçinin milli münaqişə zəminində onların məhv olduğu, yaxud əldə edilməsi mümkün olmadığı hallarda iş stajının təsdiq edilməsi Respublika Nazirlər Kabineti və yaxud yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi iş stajını müəyyən edən komissiyalar tərəfindən həyata keçirilir. Qismən saxlanılan sənədlərə və ya şahid ifadələrinə əsasən göstərilən komissiyalar tərəfindən müəyyən edilən əmək fəaliyyəti dövrü ümumi iş stajına, eləcə də imtiyazlı şərtlərlə və xidmət illərinə hüquq verən xüsusi iş stajına sənədlərlə təsdiq edilən iş stajı kimi daxil edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. Beləliklə, iddiaçının iddia ərizəsində 1993-cü ildən 1999-cu ilin 01 yanvar tarixinə kimi əvvəl “Ləçət” kolxozunda daha sonra isə “Ləçət” X9 Kooperativində işləməyə davam etdiyini bildirsə də, əmək kitabçası və arxiv arayışı nəzərə alınmaqla 25 il sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyası təyin edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəxsə yaşa görə pensiya təyin edilməsindən imtina vermə əsaslarından biri kimi 01.01.2006-cı il tarixdən onun fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət etməməsi qeyd edilmişdir. Belə ki, X14 (PAS) əsasən iddiaçının 1992-ci ilə qədər və 1992- 2006-ci illər arası pensiya kapitalı olmamış, eynilə 2006-cı ildən sonra da pensiya kapitalı olmamışdur. Halbuki lazım olan pensiya kapitalı 28800 manatdır. X15 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Odur ki, şəxsin həm sosial siğorta stajı, həm də pensiya kapitalı yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununun 11-ci maddəsinə əsasən sığortaolunanın yəni iddiaçının hüquq və vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən sığortaolunanın hüquqları, siğortaolunanın məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək və sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sığortaedəndən özünün sığorta stajı barədə məlumat almaqdır. Sığortaolunanların vəzifələri isə sosial sığorta haqqını vaxtında ödəmək və sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etməkdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. - İddiaçıya məxsus əmək kitabçasında onun 30 may 1975-ci ildən 09 iyun 1977-ci ilədək hərbi xidmətdə olduğu, 23 aprel 1973-cü ildən 21 may 1975-ci ilədək Qusar rayon Qazıməmməd sovxozunda, 10 aprel 1977-ci ildən 13 iyul 1993-cü ilədək Ləcət kolxozunda, 14 iyul 1993-cü ildən 06 noyabr 1996-cı ilədək, 07 noyabr 1996-cı ildən 27 yanvar 1999-cu ilədək “Ləcət” İstehsalat kooperativində işlədiyi qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 06.11.2021-ci il tarixli, 435/53 saylı arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 319 və Qusar rayon kənd təsərrüfatı və Ərzaq İdarəsinin 13 iyul 1993-cü il tarixli 98 nömrəli əmrinə əsasən Qazıməmməd adına sovxozun bazasında “Ləçət” kolxozunun təşkil edilməsi ilə əlaqədar olaraq sovxozun 4 və 5 nömrəli briqadanın fəhlələri 13 iyul 1993-cü il tarixdən işdən azad edilmiş, Ləcət kolxozu üzrə 12 saylı, 16 iyul 1993-cü il tarixli sərəncamla X13 kolxozuna bağ gözətçisi qəbul edilmiş, həmin kolxoz üzrə 114 saylı, 06 noyabr 1996-cı il tarixli sərəncamla kolxoz üzvlüyündən azad edilmiş, X7 3 saylı, 07 noyabr 1996-cı il tarixli sərəncamı ilə İddiaçı həmin kooperativə üzv qəbul edilmiş,67 saylı, 01 iyun 1997-ci il tarixli sərəncamla vəzifəsindən azad edilmiş, həmin kooperativin 69 saylı, 20 avqust 1997-ci il tarixli sərəncanı ilə kooperativə gözətçi təyin edilmiş, 88 saylı, 27 yanvar 1999-cu il tarixli sərəncamla kooperativdə gözətçilikdən azad edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 06.11.2021-ci il tarixli, 435/53 saylı arxiv arayışında iddiaçının Ləcət kolxozu və Ləcət kənd İstehsalat kooperativində işlədiyi 1993-1998-ci illərdə aldığı əmək haqlarının aylar üzrə məbləği qeyd edilmişdir. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki-peşə təhsili komitəsi tərəfindən verilmiş 503 saylı attestatından görünür ki, İddiaçı 01 sentyabr 1970-ci ildən 15 iyul 1971ci ilədək 49 saylı professional- texniki peşə məktəbində oxumuşdur. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki-peşə təhsili komitəsi tərəfindən verilmiş1239 saylı, 16 oktyabr 1974-cü il tarixli attestatdan görünür ki, İddiaçı 15 aprel 1974-cü ildən 28 sentyabr 1974-cü ilədək 103 saylı Quba professional texniki peşə məktəbində oxumuşdur. - X5 məxsus 10 iyul 1978-ci il tarixli və X4 məxsus 20 mart 1973-cü il tarixli əmək kitabçalarının birinci səhifələrinin surətlərindən görünür ki, Dəmirov Misri 01 oktyabr 1973-cü ildən 07 may 1976-cı ilədək, Babaxanov Hacıbəy isə 16 mart 1973-cü il tarixdən 18 iyul 1973-cü il tarixədək Qusar rayon, Qazıməmməd sovxozunda işləmişlər və həmin əmək kitabçalarının ilk səhifəsində də sovxozun möhürü vurulmamışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 05.02.2022-ci il tarixli, 32/03 saylı arxiv arayışında qeyd edilmişdir ki, rayon arxivində saxlanılan keçmiş Ləçət kolxozunun şəxsi hesab kitablarında adam günü norması haqqında məlumat yoxdur. Hesablaşmanın yalnız əmək haqqı şəklində ödənilməsi qeyd edilmişdir. Əmək günləri isə 1964-cü illərə qədər olan kolxozlarda kolxozçuların əmək günləri uçot kitabında olmuşdur. İddiaçı 1993-1996-cı illərdə Qusar rayonu Ləcət kolxozunda adam günü norması barədə məlumatın verilməsi imkan xaricindədir. - İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 27 may 2021-ci il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını, eyni zamanda ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmadığını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina edir. Cavabdeh inzibati orqan öz imtinasında iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinin əsası kimi onun 25 il sığorta stajına və ona pensiya təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmamasını göstərmişdir. Cavabadeh iddiaçının 23.05.1973-cü ildən 21.05.1975-ci ilədək, 10.09.1977-ci ildən 13.07.1993-cü ilə qədər, 14.07.1993-cü ildən 06.11.1996-cı il tarixinə qədər əmək kitabçasında qeyd olunan dövrləri onun sığorta stajı kimi nəzərə almamışdır. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki iş üzrə iddiaçının 23.05.1973-cü ildən 21.05.1975-ci ilədək, 10.09.1977-ci ildən 13.07.1993-cü ilə qədər, 14.07.1993-cü ildən 06.11.1996-cı il tarixinə qədər işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda iddiaçının 14.07.1993-cü ildən 06.11.1996-cı il tarixinə qədər işləməsi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 06.11.2021-ci il tarixli, 435/53 saylı arxiv çıxarışı və arxiv arayışı ilə də təsdiq olunur. Əmək kitabçasının birinci səhifəsinin işəgötürən tərəfindən imzalanmaması ilə bağlı cavabdehin dəlilinə gəlincə məhkəmə qeyd edir ki, əmək kitabçasında iddiaçının əmək fəaliyyətinin göstərildiyi dövrlər işlədiyi müəssisənin möhürü ilə təsdiqlənmiş, ilk səhifəsinin imzalanmaması iddiaçının məsuliyyətinə və eyni zamanda həmin dövrlərin sosial sığorta stajı kimi qəbul edilməsindən imtina olunmasına səbəb ola bilməz. Eyni zamanda cavabdeh əmək kitabçasının ilk səhifəsinin möhürlənməsinin əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarına istinad etmişdir ki, iddiaçı əmək fəaliyyətinə həmin dövrdə deyil, sözügedən qərar qəbul edilməmişdən, əvvəl yəni 23.05.1973-cü ildən əmək fəaliyyətinə başlamışdır. Bu halda iddiaçının əmək kitabçası həmin qərarın qəbul edilməsindən əvvəl tərtib edildiyindən, sözügedən qərarla müəyyən edilmiş qaydalar həmin münasibətlərə tətbiq oluna bilməz. Bundan başqa məhkəməyə təqdim edilmiş X5 məxsus 10 iyul 1978-ci il tarixli və X4 məxsus 20 mart 1973-cü il tarixli əmək kitabçalarının birinci səhifələrinin surətlərindən görünür ki, Dəmirov Misri 01 oktyabr 1973-cü ildən 07 may 1976-cı ilədək, Babaxanov Hacıbəy isə 16 mart 1973-cü il tarixdən 18 iyul 1973-cü il tarixədək Qusar rayon, Qazıməmməd sovxozunda işləmişlər və onların da ilk iş yeri həmin sovxoz olmuşdur. Həmin əmək kitabçalarının ilk səhifəsinə də sovxozun möhürü vurulmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdehin iddiaçının əmək kitabçasında qeyd edilən dövrləri onun sosial sığorta stajı kimi nəzərə alınmamasının əsası kimi göstərdiyi dəlillər iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Bundan başqa məhkəmə iddiaçının təhsil aldığı dövrün sosial sığortajına daxil olması tələbinə münasibətdə qeyd edir ki, cavabdehlə iddiaçı arasında həmin dövrlərlə bağlı hər hansı mübahisənin olduğu müəyyən edilmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 8-ci bəndində ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin yalnız əyani təhsil müddətinin ümumi iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə iddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki-peşə təhsili komitəsi tərəfindən verilmiş 503 saylı və 1239 attestatları məhkəməyə təqdim etmişdir. Həmin attestatlardan görünür ki, İddiaçı 01 sentyabr 1970-ci ildən 15 iyul 1971-ci ilədək 49 saylı professional- texniki peşə məktəbində, 15 aprel 1974-cü ildən 28 sentyabr 1974cü ilədək 103 saylı Quba professional texniki peşə məktəbində oxumuşdur. Həmin attestatlarda iddiaçının hansı formada təhsil alması (əyanı, qiyabi) qeyd edilməsə də, iş materiallarında iddiaçının əyanı deyil, başqa formada təhsil alması barədə də heç bir sübut yoxdur. Eyni zamanda cavabdeh iddiaçının əyani təhsil almaması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının təhsil müddəti də onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan başqa iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, iddiaçının həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu, eyni zamanda əmək kitabçasında qeyd olunan dövrlər, onun əmək stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva