Məhkəmə qərarları › İş №2-1(118)-1600/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1600/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1600/2021 05.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının şəxsi heyətin sıralarından çıxarılaraq ezam olunması barədə cavabdeh orqanın əmrinin ləğv edilməsi və həmin orqanın şəxsi heyəti sıralarına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun şəxsi heyətin sıralarından çıxarılaraq ezam olunması barədə cavabdeh orqanın əmrinin ləğv edilməsi və həmin orqanın şəxsi heyəti sıralarına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-5386/2021 saylı qərardadı ilə inzibati iş ərazi aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26.07.2021-ci il tarixli sərəncamı ilə iddiaçıya iddianın hüquqi əsasını təşkil edən sənədləri, cavabdehə isə iddia ərizəsinə dair mülahizə və etirazının təqdim olunması bildirilmişdir. Tərəflər 28.09.2021-ci il və 05.10.2021-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişlər. Cavabdeh tərəfindən 01.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə iddiaçının – baş leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 14.08.2021ci il tarixli müvafiq əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyət sıralarına qaytarılması və müvafiq vəzifəyə təyin edilməsi, bununla da artıq mübahisə predmeti olmaması səbəbindən iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (67.2.). Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (67.3.). Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır (67.4.). İşdən göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyəti sıralarına qaytarılmış və müvafiq vəzifəyə təyin olunmuşdur. Yəni, tərəflər arasında artıq mübahisə predmeti mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 67-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar