Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1600/2024 02.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya hüququ yarandığı 30 oktyabr 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair tələbi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya hüququ yarandığı 30 oktyabr 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1974-2004-cü illərdə müxtəlif müəssisələrdə çalışmaqla 30 ilə yaxın əmək stajı vardır (hərbi xidmət illəri də daxil olmaqla). Yaşa görə əmək pensiyası hüququ yarandığı vaxtda cavabdehə müraciət etmişdir. Lazimi bütün sənədləri cavabdehə təqdim etməsinə baxmayaraq müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinasının əsasını guya əmək kitabçasında qeydlərə düzəlişin olması bildirilsə də, qanunsuz olaraq imtina edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtinasını aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir. Cavabdehin mübahisləndirdiyi 1995-2004-cü illər arasındakı əmək fəaliyyəti barəsində qeyd edir ki, əvvəla həmin illərin əmək stajının hesablanması həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanunun tələblərinə uyğun hesblanmalıdır. Belə ki, həmin qanunun tələbinə görə sosial sığorta kapitalının hesablanması mövcud olmamışdır. Yəni həmin dövrlərin əmək pensiyasına daxil edilməsi Əmək kitabçasında olan qeydlər əsasında aparılmış və hal- hazırda da 2006-cı ilə qədər vətəndaşların sığorta stajının hesablanması qaydası əmək kitabçasındakı qeydlərin hesablanması qaydası ilə həyata keçirilir. Cavabdehin mübahisləndirdiyi 1995-2004-cü illərə dair Əmək kitabçasında qeydlərə düzəlişin olmasına münasibətdə bildirir ki, kitabçada heç bir düzəlişlər edilməmiş, belə bəhanələrin gətirilməsi cavabdehin formal, əsassız süründürməçiliyinə dair absurt fikirləri və hərəkətləridir. Belə ki, Əmək kitabçasında 1995-2004-cü illərə dair işəgirmə əmrləri və işdən azadolma əmrləri açıq aydın qeyd edilmiş və sadəcə vətəndaşı süründürmək üçün cavabdeh inzibati orqanın qanunsuz hərəkətləridir. Beləliklə, hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə, ona əmək pensiyası hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Qubadlı rayonunda doğulmuşdur. İddiaçı ərizəsinin əsasları kimi qeyd edir ki, əmək fəaliyyətinə 1974-cü ildə başlamış və 2004-cü ilədək müxtəlif müəssisələrdə müxtəlif peşələrdə işləmişdir. Əlavə olaraq bildirir ki. 08 05.1977-ci il tarixdən xx.xx.1979-cıı il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Qeyd edilən dövrlərdə daxil olmaqla 30 ildən artıq sığorta stajına malik olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməməsi üçün hər hansı əsas mövcud deyildir. Hesab edir ki, cavabdeh orqanın imi na əsası olan əmək kitabçasının surətinin 4-cü və 5ci səhifəsindəki qeydlərdə düzəliş edilməsi (işdən çıxma tarixində 2004-cü il) nəticəsində xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün sığorta stajına daxil edilməməsi pensiya təyinatından imtina üçün əsas ola bilməz. Məhz qeyd olunan səbəbdən cavabdeh orqan tərəfindən pensiya təyin olunmasından imtina edilməsini əsassız və qanunsuz hesab edir. Nəzərinizə çatdırırıq ki, İddiaçı daha əvvəl iddia ərizəsində göstərilən eyni məzmunlu tələblə cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının "Əmək pensiyaları haqqında" Qanuna əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və 25 il sığorta stajı olmadığından cavabdeh tərəfindən pensiya təyinatı aparılmasından imtina edilmişdir. İddiaçı hərbi xidmət illəri də daxil olmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 19 il 9 ay 20 gün təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bildirirk ki, İddiaçı pensiya kapitalı 19 il 9 ay 20 gün sığorta stajına uyğun olaraq 16.104,85 manat. 01.01,2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 151,88 manat olmaqla, ümumilikdə 16.256,73 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və ona xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edimişdir. Hesab edirik ki, cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş imtina qanuni və əsaslı olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan; pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o. xx.xx.1957-ci İl tarixdə anadan olmuş və qanunla müəyyən olunmuş pensiya yaşına xx.xx.2022-ci il tarixdə çatmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydaları:
4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1 -dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. İddiaçı xx.xx.1974-cü il tarixli və xx.xx.1994-cü il tarixli ******* nömrəli əmək kitabçasına əsasən mübahisələndirilməyən sığorta stajı 20 İİ təşkil edir. iddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cj il tarixədək 2 nömrəli Avtonəqliyyat müəssisəsində işlədiyi illərdir. Qeyd edirik ki, İddiaçı məxsus əmək kitabçasının 4-cü və 5-ci səhifəsində işdən çıxma qeydi xx.xx.2004-cü ildə Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə istinad edilərək aparılmışdır. Hansı ki, iddiaçı işdən çıxarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvədə olmuş (xx.xx.1999-cu ildən), Azərbaycan SSRİ-nin 1971-ci il 10 dekabr tarixli qanunu isə qüvvədən düşmüş hesab edilmişdir. xx.xx.2004-cü il tarixli qeyd də məhz qeyd olunan səbəbdən şübhəlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları: Bundan əlavə nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qaydaların 3.2-ci bəndində qeyd olunur ki, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “iş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Eyni zamanda qeyd olunur ki, şahid ifadələri əsasında əmək kitabçasında hər hansı düzəlişlər edilməsi yolverilməzdir. Yuxarıda qeyd olunanaların əksinə iddiaçının İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının 4-cü və 5-ci səhifəsində işdən çıxma qeydi xx.xx.2004-cü ildə Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə istinad edilərək aparılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki. şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biiəcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Hazıda isə mövcud qaydalara uyğun olmadan hazırlanmış əmək kitabçasındakı qeydlərin cavabdeh tərəfindən əsaslı olaraq sosial sığorta stajına daxil edilməyərək əmək pensiyasının təyin olunmaması qanunauyğun olmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: 1974-cü il tarixli əmək kitabçasının surəti; ИТ-İ ******* saylı, 02 avqust 1994-cü il tarixli əmək kitabçasının surəti; НЗ № ******* saylı hərbi biletin surəti; məhkəmə sorğusu əsasında əldə edilən digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırki inzibati iş öhdəliyin icrası haqqında idda növünə aidddir və iddiaçının yaşayış ünvanı ünvan 1t İnzibati Məhkəməsində baxılmalıdır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçıya cavabdeh inzibati orqanın 20 dekabr 2022-ci il tarixli məktubu ilə iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. Belə ki, iddiaçı xx xxxxxxx 1957-ci il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını, eyni zamanda ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmadığını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina edir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını və onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1995-ci ildən xx.xx.2004-cü il tarixinədək olan dövrlər cavabdeh inzibati orqan tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmadığını bildirir. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə iddiaçıya yaşa görə pensiya təyini ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Əmək pensiyaları haqqında Qanunun 31.2-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdeh iddiaçının stajını hesablayan zaman iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2004-cü il tarixinədək işlədiyi dövrləri əmək kitabçasının 4-cü və 5-ci səhifələrində düzəliş olunması əsası ilə onun iş stajına daxil etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında cavabdeh orqanın iddia etdiyi kimi işdən çıxma əmrində düzəliş olsa belə, iddiaçının xx.xx.1995-ci il tarixdən həmin dövrə qədər sözügedən müəssisədə əmək fəaliyyəti ilə məşğul olması ona məxsus əmək kitabçası ilə öz təsdiqini tapır. Həmçinin məhkəmə “2 nömrəli Avtonəqliyyat müəssisəsi”ndə əmək fəaliyyəti ilə məşğul olmuş digər şəxslərin həmin müəssisədə işlədiyi dövrlər də nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilib-edilməməsinin araşdırılması məqsədilə cavabdeh orqana müvafiq sorğular ünvanlamışdır. Cavabdeh orqan tərəfindən məhkəməyə daxil olmuş 25 iyun 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, (həmin müəssisədə işləmiş digər şəxs) X1 yaşa görə əmək pensiyası təyin edilən zaman sözügedən müəssisədə xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək; X2 isə xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan əmək fəaliyyəti dövrləri sosial sığorta stajı kimi nəzərə alınmışdır. Göründüyü kimi arayışda və iddiaçının əmək kitabçasında qeyd edilən dövrlərdə müəssisənin fəaliyyət göstərməsi ilə bağlı hər hansı bir mübahisə yoxdur. Bundan başqa iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, iddiaçının həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya ona yaşa görə pensiya təyin edilməsi üçün, qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan yaş həddinə çatdığından və 25 ildən artıq iş stajına malik olduğundan, cavabdehin ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuzdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hüququ yarandığı 30 oktyabr 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı hüququ yarandığı 30 oktyabr 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva