Məhkəmə qərarları › İş №2-1(118)-1601/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1601/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1601/2025 13.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Quba rayon Timiryazev Bələdiyyəsinə qarşı “xx.xx.2024-cü il tarixində Xaçmaz şəhərində ƏMDX-nin X1 PHŞ-də Quba rayonu Timiryazev bələdiyyəsi ərazisində müsabiqəyə çıxarılmış, ən yüksək qiymət təqdim etməklə müsabiqənin qalibi olduğun 800 kv.metr torpaq sahəsi (Şəhadətnamə HTM №005828) üzrə alqı-satqı müqaviləsinin bağlanmasına dair Quba rayonu Timiryazev Bələdiyyəsinin üzvlərinin ümumi iclası keçirilərək müvafiq qərarın qəbul edilməsi və həmin qərar üzrə müqavilənin notarial qaydada rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh Quba rayonu Timiryazev Bələdiyyəsinin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xx.xx.2024-cü il tarixində Xaçmaz şəhərində ƏMDX-nin X1 PHŞ-də Quba rayonu Timiryazev bələdiyyəsi ərazisində müsabiqəyə çıxarılmış, ən yüksək qiymət təqdim etməklə müsabiqənin qalibi olduğun 800 kv.metr torpaq sahəsi (Şəhadətnamə HTM №005828) üzrə alqı-satqı müqaviləsinin bağlanmasına dair Quba rayonu Timiryazev Bələdiyyəsinin üzvlərinin ümumi iclası keçirilərək müvafiq qərarın qəbul edilməsi və həmin qərar üzrə müqavilənin notarial qaydada rəsmiləşdirilməsi öhdəliyinin cavabdeh Quba rayonu Timiryazev Bələdiyyəsinin üzərinə qoyulması” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı ərizəsində qeyd edir ki, xx.xx.2024-cü il tarixində Xaçmaz şəhərində ƏMDX-nin X1 PHŞ-da Quba rayon Timiryazev bələdiyyəsi ərazisində müsabiqəyə çıxarılmış 800 kv.m torpaq sahəsinə ən yüksək qiymət təqdim etməklə müsabiqənin qalibi olmuşdur. (Qoşma 2, 3, 4). xx.xx.2024-cü il tarixində ƏMDX-nin Xaçmaz ərazi şöbəsində müsabiqənin qalibi olmağını təsdiq edən şəhadətnamə X1 PHŞ-nin əməkdaşları tərəfindən təqdim edilərək, 20 gün ərzində aidiyyəti üzrə Timiryazev bələdiyyəsinə müraciət edərək qalibi olduğu müsabiqə üzrə torpaq sahəsinin rəsmiləşdirilməsi üçün ödənişi etməklə notarial qaydada alqı-satqı müqaviləsinin bağlamalı olduğu bildirilmişdir(Qoşma 5. HTM №005828 saylı şəhadətnamə). Həmin gün və sonrakı günlərdə müsabiqə nəticələrinin rəsmiləşdirilməsi üçün Quba rayonu Timiryazev bələdiyyəsinin sədri Məhəmməd Eldarova etdiyi şifahi və yazılı (məktub, teleqram və SMS vasitəsi ilə) müraciətləri nəticəsiz qalmış, hər dəfə müxtəlif bəhanələr (rayon ərazisindən kənarda olması, X1 PHŞ-nin tərəfindən aidiyyəti sənədlərin verilməməsi, torpaq sahəsinin kənar şəxsə 15000 manat müqavilində satdığını, həmin şəxs tərəfindən ərazinin uzun müddət istifadə edilməsi, xəstə olması, hələ vaxtımız var hara tələsirsən?, sabah həll edərik və sair....) gətirməklə notarial qaydada alqı-satqı müqaviləsini bağlamaqdan boyun qaçırmış, çoxsaylı müraciətlərinə rəsmi münasibət bildirməmişdir. (Qoşma 6. Məktub, teleqram və SMS- lərin surətləri). Hüquqlarının təmin edilməsi üçün Quba rayonu Timiryazev bələdiyyəsinin sədri Məhəmməd Eldarovun hərəkətləri (hərəkətsizliyi) barədə xx.xx.2014-cü il tarixində Quba rayon prokurorluğuna və Xaçmaz Regional Ədliyyə idarəsinə ərizə ilə müraciət etmişdir. Quba rayon Prokurorluğu cavab məktublarında ərizəsində göstərilən xüsusatların inzibati mübahisə xarakterli olmaqla məhkəmə səlahiyyətinə aid edilməsi və müvafiq torpaq sahəsinə münasibətdə alqı-satqı öhdəliyinin bələdiyyənin üzərinə qoyulması tələbinə dair Sumqayıt inzibati Məhkəməsində iddia qaldırmaq hüququnun olması izah edilmişdir. (Qoşma 7. Quba rayon Prokurorluğu və rayon Polis şöbəsinin cavab məktubları). Xaçmaz Regional Ədliyyə idarəsinin cavab məktubunda, Bələdiyyə sədri Məhəmməd Eldarov bildirir ki: -“Timiryazev bələdiyyəsinin mülkiyyətinə məxsus 0.08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə hərrac və ya müsabiqə qaydasında satılması üçün bələdiyyənin müvafiq qərarı ilə hərraca çıxarılmışdır. Qeyd olunan torpaq sahəsinin istifadəçisi Vüsal Xələfov sözügedən torpaq sahəsini hasarlayaraq həmin torpaq sahəsində müxtəlif növ meyvə ağacları əkməklə uzun müddətdir ki, istifadə edir. V.Xələfov bələdiyyənin Zizik kəndi ərazisində yaşasa da, qeydiyyat ünvanı başqa ərazi olduğundan həmin torpaq sahəsinin yalnız hərrac və ya müsabiqə qaydasında onun mülkiyyətinə satılması qanunvericilik ilə mümkün olduğundan sözügedən torpaq sahəsi onun xahişi ilə hərraca çıxarılmışdır. Lakin xx.xx.2024-cü il tarixdə keçirilmiş hərracda Siz də iştirak edərək torpaq sahəsinin dəyərini artırmaqla hərracın qalibi olmusunuz. Bundan sonra torpaq sahəsinin faktiki istifadəçisi V.Xələfov bələdiyyəyə müraciət edərək hərracın nəticələrinə qəti etirazını bildirməklə aranızda qeyd olunan torpaq sahəsinə görə gələcəkdə baş verə biləcək münaqişənin yaranma ehtimalı olduğundan və bu barədə müvafiq məhkəməyə şikayət edəcəyini bildirərək Sizinlə həmin torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmamasını xahiş etmişdir. Bu səbəbdən də qeyd olunan torpaq sahəsi ilə bağlı torpaq istifadəçisinin narazılığı nəzərə alınaraq Sizinlə bələdiyyə arasında alqı-satqı müqaviləsi imzalanmamışdır.” Müraciəti ilə əlaqədar Bələdiyyə sədri Məhəmməd Eldarova qanunvericiliyin tələbləri izah edilməklə müəyyən tövsiyələr verilməsi, "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında" Azərbaycan Respublikasının qanuna əsasən məhkəməyə şikayət etmək hüququnun olması bildirilmişdir. (Qoşma 5. Xaçmaz Regional Ədliyyə İdarəsinin cavab məktubu). Beləliklə, Timiryazev Bələdiyyəsi üzərinə düşən öhdəliyi yerinə yetirmir. Ona görə də məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixində Xaçmaz şəhərində ƏMDX-nin X1 PHŞ-də Quba rayonu Timiryazev bələdiyyəsi ərazisində müsabiqəyə çıxarılmış, ən yüksək qiymət təqdim etməklə müsabiqənin qalibi olduğu 800 kv.metr torpaq sahəsi (Şəhadətnamə HTM №005828) üzrə alqı-satqı müqaviləsinin bağlanmasına dair Quba rayonu Timiryazev Bələdiyyəsinin üzvlərinin ümumi iclası keçirilərək müvafiq qərarın qəbul edilməsi və həmin qərar üzrə müqavilənin notarial qaydada rəsmiləşdirilməsini istəyir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarına əsasən: 6.2. Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bundan fərqli olaraq, torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr icraatlarında olan işlərə baxarkən inzibati aktın və onunla əlaqəli olan müqavilənin birlikdə və ya ayrılıqda mübahisələndirilməsi məsələsini irəli sürülən dəlilləri nəzərə almaqla tərəflərlə müzakirə etməli və prosessual qənaətə nail olmaq üçün müvafiq hüquqi yardım göstərməlidirlər. 6.3. Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülkihüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki-hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır. Nəzərə alınmalıdır ki, əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr onu da nəzərə almalıdırlar ki, bu qəbildən olan mübahisələrin aidiyyətinin müəyyənləşdirilməsinə həmçinin 6.2-ci bənddə göstərilmiş qayda tətbiq olunur. Göründüyü kimi müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. İddiaçıya izah edilsin ki, mülki mühakimə icraatı qaydasında müvafiq ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar