Məhkəmə qərarları › İş №2-1(118)-1603/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1603/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1603/2021 17.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 18.06.2020-ci il tarixli qərarın ləğv edilməsi tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən yol verilən onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə 18 iyun 2020-ci il tarixli, **********860100 nömrəli və inzibati şikayətin təmin edilməməsi haqqında 23 aprel 2021ci il tarixli, **********287600 nömrəli qərarların və hesablanmış 5434 manat 87 qəpik vergi borcunun (faizlərlə birlikdə) ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nəzərə alınmasını və 18.06.2020-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin 23 aprel 2021-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında **********287600 nömrəli qərarında göstərilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi xidmətindən alınmış məlumata əsasən onun tərəfindən 33881 manat məbləğində valyuta mübadiləsi əməliyyatının aparılması və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun ümumilikdə 5434 manat 87 qəpik vergi borcu yaranmışdır. Qərarı 28 aprel 2021-ci il trixdə poçt vasitəsilə almışdır. Qərarda qeyd edilənlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə ziddir və əsassızdır. Belə ki, o qohumu X3 məxsus pul vəsaitini 11 mart 2020-ci il tarixdə 3405 manat və 12 mart 2020-ci il tarixdə 13620 manat olmaqla beynəlxalq bankda müvafiq olaraq 2000 və 8000 ABŞ dollarına dəyişmiş və pulu ona qaytarmışdır. Müşfiq Məlikov 2-ci qrup əlil olduğundan bunu ondan xahiş etmişdir. Bundan başqa o, 14 mart 2020-ci ildə 11577 manat və 17 mart 2020-ci il tarixdə 5279 manat pulu Xalqbankda müvafiq olaraq 6800 və 3100 ABŞ dollarına dəyişdirmişdir. Həmin pul vəsaiti onun özünə məxsus olmuşdur. Vergi orqanının 09 fevral 2021-ci il tarixli **********679000 nömrəli məktubuna cavab olaraq göndərdiyi məktubunda zəruri sənədlər olan Müşfiq Məlikovun ödəniş kartı üzrə 2017-2019-cu illərin çıxarışlarını və öz imzası ilə təsdiq etdiyi iltizamı, Şamaxı rayonunda ona məxsus 2,4 ha torpaq sahəsinin sənədlərini əlavə etmişdir. Dövlət Vergi Xidmətinin 23 aprel 2021-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında **********287600 nömrəli qərarında onun tərəfindən gəlirin mənbəyi barədə təsdiqedici sənədlərin inzibati araşdırmaya təqdim edilməməsi barədə göstərilənlər həqiqəti əks etdirmir. X2 ödəniş kartı üzrə 2017-2019-cu illərin çıxarışlarının surətlərini təqdim etsələr də vergi orqanı tərəfindən qərarda yalnız bir il nəzərə alınmışdır. İltizamla bağlı isə Müşfiq Məlikovun izahatı alınmamışdır. Həmçinin vergi orqanı tərəfindən qərarda Müşfiq Məlikovun gəliri əsasında öz mülahizəsinə əsasən formal qiymətləndirmə aparılmışdır. Bundan başqa ona məxsus pul vəsaiti ilə bağlı təqdim etdiyi sənədlər də nəzərə alınmamışdır. Ona məxsus pul vəsaiti isə müəyyən edilmiş limiti keçmədiyindən ona vergi borcunun hesablanması qanunsuz olmuşdur. Məhkəmə iclasında iddiaçı Vəkil və onun nümayəndəsi həmçinin vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbinin dəlillərini əsassız hesab edir. Baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) 2019-cu il üzrə gəlir vergisi bəyannaməsinə 4742,4 manat gəlir vergisi hesablanmışdır. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən İddiaçı tərəfindən 13.03.2020-ci il tarixdə 33874,75 məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 19900,00 dollar məbləğində xarici valyuta əldə edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 31.03.2020-ci il tarixli **********044300 nömrəli vergi orqanına dəvət məktubu və 04.06.2020-ci il tarixli **********809500 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər və ya cari gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə 5147,66 manat vergi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18.06.2020-ci il tarixli **********950100 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Lakin İddiaçı tərəfindən qeyd edilən məktublara münasibət bildirilmədiyi üçün tərəflərindən kameral vergi yoxlaması aparılaraq 2019-cu il üzrə gəlir vergi bəyannaməsinə 4742,47 manat kameral vergi məbləği hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 18.06.2020-ci il tarixli **********860100 nömrəli Qərarı göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsas inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunuı əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 18 iyun 2020-ci il tarixli, **********860100 saylı qərarından görünür ki, İddiaçı 2019-cu il üzrə gəlir vergisinə görə 4742,47 manat məbləğində vergi borcu hesablanmışdır. - İddiaçı 2019-cu il üçün gəlir vergisi üzrə hesablanmış vergi məbləğinin azaldılmasına dair şikayəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********287600 saylı, 23 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə 08.02.2021-ci və 10.04.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 iyun 2020-ci il tarixli, **********860100 saylı qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı tərəfindən pul vəsaitinin ABŞ dollarına mübadilə edilməsi aşkar edildikdən sonra vergi orqanı tərəfindən bununla bağlı kameral vergi yoxlaması həyata keçirilmiş və yoxlamanın nəticəsi olaraq 18 iyun 2020-ci il tarixli, **********860100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərar qəbul edilməklə iddiaçıya 4742,47 manat gəlir vergisi hesablanmışdır. İddiaçı həmin hesablama ilə razılaşmadığından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət etmiş və sonuncunun **********287600 saylı, 23 aprel 2021-ci il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Həmin qərarda şikayətin təmin edilməməsinin əsası olaraq göstərilmişdir ki, aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras, satış və.s) pensiya, digər gəlir) müəyyən edilmədiyini, sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyini, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlərin təqdim edilmədiyini, bununlada konvertasiya olunmuş vəsaitin mənbəyi və onun vergiyə cəlb edilmiş gəliri olduğu sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanının hesablamaya və inzibati şikayətin təmin edilməməsinə əsas olaraq gətirdiyi dəlillər əsassızdır və mübahisələndirilən inzibati aktın hər hansı hüquqi əsası mövcud deyildir. Belə ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləridir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir. Sadalanan normaların qarşılıqlı təhlilindən aşağıdakı nəticələr əldə edilir: - Vergi ödəyicisi tərəfindən xarici valyuta ilə hər hansı malın təqdim edildiyi (işlərin görüldüyü, xidmətlərin göstərildiyi) günlə malın, işin və xidmətin dəyərinin ödənildiyi gün arasında hər hansı müsbət məzənnə fərqi vergi ödəyicisinin gəliri hesab edilir. - Vergi ödəyicisinin xarici valyutada debitor ve kreditor borclarının yarandığı (və ya ilin əvvəlinə olan) tarixlə ilin sonuna olan tarix arasında hər hansı müsbət məzənnə fərqi vergi ödəyicisinin gəliri hesab edilir. - Vergi ödəyicisinin kassa və ya bank hesabında xarici valyutada olan pul vəsaiti üzrə ilin əvvəlinə olan məzənnə ilə ilin sonuna olan məzənnə arasında yaranan müsbət fərq vergi ödəyicisinin gəliri hesab edilir. - Məzənnə fərqi Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanır. - Yuxarıda qeyd olunan müsbət məzənnə fərqi satışdankənar gəlir hesab edilməklə vergi ödəyicisinin seçdiyi vergi növünə uyğun olaraq vergiyə cəlb edilir. Göstərilənlərdən eyni zamanda aydın olur ki, valyuta dəyişmə əməliyyatı o halda vergitutulan əməliyyat hesab edilir ki, həmin əməliyyat nəticəsində müsbət məzənnə fərqi yaranmış olsun. Bu zaman əldə olunan gəlir sahibkarlıq fəaliyyətindən gəlir qismində vergi ödəyicisinin seçimindən asılı olaraq sadələşdirilmiş vergi, ƏDV və ya gəlir (mənfəət) vergisinə cəlb edilir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı 2020-ci ildə aparılıb və 2016-cı ilin sonlarından hal-hazıradək Azərbaycan manatının ABŞ dollarına münasibətdə məzənnə üzrə kəskin fərqi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatına əsasən 2015-ci il fevralın 21-nə qədər 1(bir) manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edilmiş və 34% ucuzlaşdırıldıqdan sonra 1 (bir) dollar 1,05 manata bərabər olmuşdur. X7 Heyəti tərəfindən 21 dekabr 2015-ci il tarixində manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul edilmişdir. 21 dekabr 2015-ci il tarixindən sonra 1(bir) ABŞ dolları 1,55 manata bərabər oldu. 2016-cı ilin dekabr ayından bu günün rəsmi məzənnəsi ilə 1 (bir) ABŞ dollar 1.700 manat təşkil edir. Göründüyü kimi 2020-ci ildə Azərbaycan manatının ABŞ dolları qarşısında dayanaqlığı təmin edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 2020-ci ildə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnə nisbətində kəskin fərq olmadığına görə iddiaçının pul vəsaitinin konvertasiyası əməliyyatından gəlir əldə etməsindən söhbət gedə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir və İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə valyuta dəyişmə əməliyyatına məruz qalmış pul vəsaitinin iddiaçının qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəliri olduğunu və ya valyuta dəyişmə əməliyyatı nəticəsində gəlir əldə etdiyini sübut etməlidir. Lakin hazırkı iddia tələbi üzrə cavabdeh olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi iddiaçı tərəfindən 2020-ci ildə aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində gəlir əldə etməsi və ya həmin pul vəsaitinin iddiaçının qeyrisahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmçinin məhkəmə qeyd edir ki, hesablamaya əsas olmuş valyuta dəyişmə əməliyyatı 2020-ci ildə həyata keçirildiyi halda, vergi orqanı mübahisələndirilən inzibati akta əsasən gəlir vergisi üzrə əlavə vergi məbləğini 2019-cu ilə hesablamış və bu uyğunsuzluğu məhkəmə baxışı zamanı əsaslandıra bilməmiş, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 18 iyun 2020-ci il tarixli, **********860100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 18 iyun 2020-ci il tarixli, **********860100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərarı ləğv edillsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar