Məhkəmə qərarları › İş №2-1(118)-1603/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1603/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1603/2022 02.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehin üzərinə üçüncü şəxs - Mehrəliyev Ruslan Aslan oğlunun iddiaçının mülkiyyətində olan ünvan 3-dan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdehin üzərinə üçüncü şəxs - Mehrəliyev Ruslan Aslan oğlunun iddiaçının mülkiyyətində olan ünvan 3-dan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 iddiaçının xüsusi mülkiyyətinə 23.05.2012-ci il tarixdən verilmişdir. Həmin mənzili 14.05.2012-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 15700 manata X1 adından etibarnaməyə əsasən çıxış edən X2 almışdır. Üçüncü şəxs mənzili satdıqdan sonra söz verdi ki, iki ay ərzində qeydiyyatdan çıxacaq. Onun qeydiyyatı formal xarakter daşıyır və mənzil üzərində heç bir hüququ yoxdur. Mənzil iddiaçının mülkiyyətinə keçəndən bir müddət sonra ona məlum oldu ki, üçüncü şəxs mənzildə qeydiyyatda qalmışdır. Üçüncü şəxsin iddiaçının mənzilində qeydiyyatda qalması ona mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Üçüncü şəxsi qeydiyyatdan çıxarmaq üçün cavabdeh – polis orqanına müraciət etmişdir. Müraciətinə 08.04.2022-ci il tarixli məktubla cavab verən polis idarəsi müraciətini təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Qeyd olunan şəxsin iddiaçının mənzilində qeydiyyatda qalması mülkiyyətində ola evdən sərbəst istifadə etməyə və onun üzərində sərəncam verməyə imkan vermir. Bu da mülkiyyət hüquqlarının pozulmasıdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının iddiasına dair etirazının olmadığını və qərar qəbul olunacağı təqdirdə icra olunacağını bildirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05.05.2022-ci il tarixli qərardadı ilə Mehrəliyev Ruslan Aslan oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına və məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin olunacağını bildirməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Üçüncü şəxsə məhkəmə iclası barədə göndərilmiş bildiriş rabitə orqanı tərəfindən “köçüb” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: • İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx.xx.1976-cı ildə, Ermənistanın Noyemberyan rayonunda anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. • Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən 09.08.1986-cı il təvəllüdlü Mehrəliyev Ruslan Aslan oğlu Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 27-də yerləşən 10 nömrəli mənzildə (bundan sonra - mübahisəli mənzil) qeydiyyatdadır. • Məhkəmə sorğusu nəticəsində 14 may 2012-ci il tarixdə 4Ə-572 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işini surəti məhkəməyə təqdim edilmişdir. Həmin notariat işində olan 14.05.2012-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı mübahisəli mənzili X1 adından çıxış edən X2 almışdır. Həmin notariat işində olan ərizəyə əsasən Mehrəliyev Ruslan Aslan oğlu mübahisəli mənzilin satılmasına razılıq vermişdir. 15 nömrəli MİS-in arayışı ilə də üçüncü şəxs - Mehrəliyev Ruslan Aslan oğlunun mübahisəli mənzildə qeydiyyatda olması sübut olunur. • MA seriyalı ******* nömrəli, 23.05.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışın surətinə əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. • Cavabdehin iddiaçıya ünvanladığı 08.04.2022-ci il tarixli məktubla onun ərizəsinin icrasından imtina olunması və məhkəməyə müraciət olunmasının tövsiyə edilməsi müəyyən edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşə əlavə edilən poçt qəbzindən və ərizədən də görünüyü kimi iddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs Mehrəliyev Ruslan Aslan oğlu yaşayış sahəsində formal olaraq pasport qeydiyyatındadır. Belə ki, üçüncü şəxsin qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 09.08.1986-cı il təvəllüdlü Mehrəliyev Ruslan Aslan oğlunun iddiaçının mülkiyyətində olan oğlu Sumqayıt şəhəri, 13cü mikrorayon, ev 27-də yerləşən yerləşən 10 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericiliyə əsasən, yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs - Mehrəliyev Ruslan Aslan oğlunun iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar