Məhkəmə qərarları › İş №2-1(118)-1604/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1604/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1604/2023 24.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “həqiqi hərbi xidmət dövründə aldığı xəstəliklə əlaqədar iddiaçıya təyin olunmuş İİİ qrup hərbi əlliyə uyğun olaraq 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta pulunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə iddiasına Sumqayıt Məhkəmə Komleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “həqiqi hərbi xidmət dövründə aldığı xəstəliklə əlaqədar iddiaçıya təyin olunmuş İİİ qrup hərbi əlliyə uyğun olaraq 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta pulunun cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehlərdən yalnız Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şikətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun saxlanılaraq, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, iddiaçının həqiqi hərbi xidmət dövründə aldığı xəsarətlərlə bağlı olaraq iddiaçıya təyin olunmuş İİİ qurp hərbi əlilliyə görə 4400 manat məbləğində sığorta pulunun verilməsini cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondundan xahiş etmişdir. Cavabdehlərdən biri olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondu 22 noyabr 2022-ci il tarixli məktubla və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şikəti 29 noyabr 2022ci il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina etmişdirlər. Hesab edir ki, cavabdehlərin bu imtinası qanunsuz və əsassızdır. Hesab edir ki, ona brirdəfəlik sığorta ödənişi verilməlidir. DSKŞ tərəfindən sığorta ödənişinin edilməsindən imtina üçün gətirilən əsas onun hüququnun təmin edilməməsi üçün əsaslı hesab edilməməlidir. Çünki o, sığorta edilən hərbi qulluqçu statusuna malik olmuşdur və həbri xidməti dövründə hərbi vəzifələrinə yerinə yetirərkən almış olduğu xəstəliyə görə ona üçüncü dərəcə əlillik verilmişdir. Beləliklə o, hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericiliyə əsasən dövlət tərəfindən məcburi sığorta edilmişdir. Onun hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fonduna müvafiq sığorta ödənişi etmək öhdəliyi yaranmışdır. Belə ki, o xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində MXHHXHQ (əsgər) qismində hərbi xidmət keçmişdir, xx.xx.2017-ci ildə həqiqi hərbi xidmət dövründə xəstələnmişdir. Hərbi xidmətdən təxris olunandan sonra davamlı olaraq müayinə və müalicə olunmuşdur, nəticədə ona xx.xx.2022-ci il tarixindən ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. O, ümumi şəkildə ona köməklik olunması üçün Müdafiə Nazirinin müavininin qəbulunda olan zaman sənədlərini təqdim etdiyi zaman onlar ona xəstəliyi ilə əlaqədar sığorta pulunu ala biləcəklərini bildirmişdirlər. O, bundan sonra sığorta pulunu almaq hüququnu bilmiş və bununla bağlı cavabdehlərə müraciət etmişdir. Cavabdehlər isə onun müraciətinin təmin edilməsindən imtina etmişdirlər. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Əvvəlki məhkəmə iclasında İddiaçı və onun vəkili X1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddaya yazılı etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə xx.xx.2022-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında 4400 manat məbləğində sığorta ödənişinin ödənilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubda sığorta ödənişinin verilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununun 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır. Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığortaolunanın hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edilməsi sığorta hadisəsi hesab olunur. Əlilliyi müəyyən edilmiş şəxslərə : - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — sığorta məbəğinin 80 faizi həddində (8800 azn); - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — sığorta məbəğinin 60 faiz həddində (6600 azn); - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — sığorta məbəğinin 40 faizi məbləğində (4400 azn) sığorta ödənişi ödənilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən , əlillik – müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul ediliyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 2018-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əlillik” altsisteminin məlumat bazasına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən müddətsiz olaraq hərbi xidmət dövrü ilə əlaqədar orqanizminin funksiyalarının 50% pozulması müəyyən olunmuşdur. Odur ki, əlilliyin müəyyən olunma dövrü üç ildən artıq dövrü əhatə etdiyindən sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı sığorta ödənişinin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı 22 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İddiaçıya məxsus AO № ******* saylı “Hərbi bilet”in surətindən görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx0008 saylı, 13.8.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin 50% funksiyalarının pozulmasına görə xx.xx.2022-ci il tarixdən müddətsiz əlillik təyin edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı 2018-ci ildə “Hərbi bilet”in surətindən görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. İddiaçıya xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq əlillik təyin edilmiş və o, bundan sonra cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial ümdafiə fonduna müraciət edərək, həqiqi hərbi xidmət dövründə aldığı xəstəliklə əlaqədar iddiaçıya təyin olunmuş İİİ qrup hərbi əlliyə uyğun olaraq 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta pulunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan isə özünün 22 noyabr 2022-ci il tarixli məktubu ilə iddiaçının əlilliyinin müəyyən olunma dövrü üç ildən artıq dövrü əhatə etdiyinə görə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsa da, əsassız iddia olduğundan, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasəsən 1.1. Bu Qayda “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının (bundan sonra – Fərman) 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir. Qaydaların 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra – birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: 1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.3. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edilmiş, lakin sonradan təkrar əlilliyi müəyyən edilməmiş şəxslərə; 1.2.4. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edildiyinə görə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslərə; 1.2.5. bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə. Qaydaların 1.3-cü bəndinə əsasən birdəfəlik ödəmə almaq hüququ olan Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə birdəfəlik ödəmə bu Qaydanın tələbləri nəzərə alınmaqla verilir. Qaydaların 2.2-ci bəndinə əsasən bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərə birdəfəlik ödəmənin proaktiv qaydada təyin edilməsi üçün aşağıdakılar tələb olunur: 2.2.1. hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsinin, qərarının və ya arayışının MEİS-in “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində olması; 2.2.2. əlilliyinin müəyyən edilməsinə dair qərarın MEİS-də olması; 2.2.3. şəxsin adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fərmanın 9-cu hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda olmaması. Qaydaların 2.12-ci bəndinə əsasən birdəfəlik ödəmənin verilməsindən bu Qaydanın 2.13-cü bəndi nəzərə alınmaqla aşağıdakı hallarda imtina edilir: 2.12.1. müraciət edən şəxsin bu Qaydanın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəməni almaq hüququ olmadıqda; 2.12.2. müraciət edən şəxs bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi aldıqda; 2.12.3. müraciət edən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi aldıqda; 2.12.4. təqdim edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqlar bu Qaydanın 2.10cu bəndində nəzərdə tutulan müddətdə aradan qaldırılmadıqda. 2.13-cü bəndinə əsasən bu Qaydanın 2.12.2-ci və 2.12.3-cü yarımbəndlərində qeyd edilən imtina halları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sığorta ödənişinin ödənilməsinə dair ödəniş sənədi (qaimə, qəbz və s.) barədə məlumatları əsasında müəyyən edilir. 3.1-ci bəndində qeyd edilmişdir ki, Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 3.1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 3.1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 3.1.4. bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Qaydanın 3.1.1-3.1.3-cü yarımbəndlərində nəzərdə tutulan məbləğ nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən onlara çatası miras payı məbləğində. Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə bu sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz. İnzibati iş materiallarından görünür ki, iddiaçı 2018-ci ildə hərbi ximət dövründə xəstəlik tutması ilə əlaqədar ehtiyata buraxılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx0008 saylı, 13.8.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin 50% funksiyalarının pozulmasına görə xx.xx.2022-ci il tarixdən müddətsiz əlillik təyin edilmişdir. Göründüyü kimi, qanunvericilik habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə sığorta məbləğləğinin 40 faiz məbləğində sığorta ödənişi edilir. İnziabti işin araşdırılması zamanı isə müəyyən edilir ki, iddiaçıya əlillik onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından dörd il sonra, yəni xx.xx.2022-ci il tarixdə təyin edilmişdir və yalnız bundan sonra iddiaçı cavabdeh orqana hazırki iddia tələbi ilə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericilikdə birbaşa təsbit olunmuş iddia müddəti ötürülmüşdür. İddiaçı buraxılmış müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etsə də, məhkəmə müddətin üzrlü səbəbdən buraxılmaması əsası ilə ərizəni təmin etməmişdir. Qeyd edilən hal isə yuxarıda sadalanan Qaydaların 5-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçıya birdəfəlik ödəmə edilməsini istisna edir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. İmtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “həqiqi hərbi xidmət dövründə aldığı xəstəliklə əlaqədar iddiaçıya təyin olunmuş İİİ qrup hərbi əlliyə uyğun olaraq 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta pulunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi”nə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “həqiqi hərbi xidmət dövründə aldığı xəstəliklə əlaqədar iddiaçıya təyin olunmuş İİİ qrup hərbi əlliyə uyğun olaraq 4400 (dörd min dörd yüz) manat məbləğində sığorta pulunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar