Məhkəmə qərarları › İş №2-1(118)-1604/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1604/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1604/2024 11.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 29 iyul 2016-cı il tarixli, 705 nömrəli qərarından görünür ki, Sumqayıt ŞHK tərəfindən 1993-cü ildə hərbi toplanışa çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi toplanış keçərkən 1993-cü ilin may ayında aldığı və 20 iyun 2016-cı il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın təpə nahiyyəsinin sağ tərəfində, sağ qaşüstü nahiyyədə, sol qaşın alt hissəsində, alın nahiyyəsinin sağ tərəfində, sol çiyin qurşağı nahiyyəsində, hər iki diz qapağının ön səthində çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Sumqayıt şəhər şöbəsinin 13 iyun 2016-cı il tarixli 2885 nömrəli göndərişi, 13 iyul 2016-cı il tarixli 284 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsinin 20 iyun 2016-cı il tarixli 286 nömrəli aktı, Sumqayıt şəhər məhkəməsinin 4 iyun 2016-cı il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

2. İddiaçı məxsus 00188 nömrəli vəsiqədən görünür ki, ona 7 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyyə xəstəxanasının 7 dekabr 2021-ci il tarixli “Multislice kompyuter-tomoqrafiya müayinəsinin protokolu”ndan görünür ki, İddiaçı bilateral olaraq minimal beyin atrofiyası izlənilir. Atrofiyaya bağlı olaraq üçüncü və yan mədəciklər bir qədər genişlənib. Beyin şırımlarının və Silvi yarıqlarının genişliyi artıb.

4. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi X3” publik hüquqi şəxs “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasi” X9 tərəfindən İddiaçı verilmiş 1557 nömrəli “Ambulator xəstənin tibbi vərəqi”.

5. Sumqayıt Tibbi Mərkəzinin 12 noyabr 2022-ci il tarixli “Ambulator kitabçadan çıxarış”.

6. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasi tərəfindən tərtib edilmiş İddiaçı dair “Neyrofizioloji kompyuterli EEQ müayinəsi”.

7. “1 nömrəli Sumqayıt şəhər xəstəxanası” publik hüquqi şəxs tərəfindən tərtib edilmiş “Çıxarış epikrizi”.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron rayon Saray qəsəbə xəstəxanası tərəfindən tərtib edilmiş “Stasionar xəstənin tibbi kartasından çıxarış”lar.

9. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”lardan görünür ki, İddiaçı 19 dekabr 2022-ci il tarixdə qiymətləndirilmədən keçmiş, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

10. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 27 yanvar 2023-cü il tarixli, 3-17-4/3-3-449/2023 nömrəli qərarından görünür ki, İddiaçı 18 yanvar 2023cü il tarixdə keçirilmiş əyani müayinə nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

11. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, 2021-ci ilin oktyabr ayından dayandırılmış əlilliyin və almadığı pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddia tələbi işin hallarına (§1-9) istinad edilərək onunla əsaslandırılmışdır ki, 2021-ci ilin oktyabr ayında iddiaçının əlilliyi dayandırıldı. 2022-ci ilin avqust ayından dekabr ayına kimi qeydiyyatda olduğu Sumqayıt şəhər 1 saylı Xəstəxananın nəzdindəki poliklinikanın həkimlərinin göstərişi ilə müxtəlif xəstəxanalarda yatmış, müayinədən keçmiş, müxtəlif analizlər vermiş və sənədlərini əliliyin təyin edilməsi üçün hazırlanmışdır. 10 dekabr 2022-ci ildə sənədləri Agentliyin alt sisteminə yerləşdirilmişdir. 15 yanvar 2023-cü il tarixdə iddiaçının mobil telefonuna zənglə bildirilmişdir ki, 15 yanvar 2023-cü il, 11:45 də Tibbi Sosial Ekspert və X2 Sosial Ekspert Komissiyasına əyani müayinə üçün yaxınlaşmalıdır. Müayinədən sonra bildirilmişdir ki, 15 iş günü ərzində telefona mesaj gələcək. O gündən bu günə nə mesaj, nə də rəsmi məktub gəlməmişdir. Daha sonra rəsmi olaraq müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı 30 avqustda Sumqayıt TSEK-ə müraciət etmiş və ordan bildrilmişdir ki, 2022-ci ilin dekabrın 19-dan imtina gəlmişdir.

13. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, 2021-ci ilin oktyabr ayından dayandırılmış əlilliyin bərpa edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 11 dekabr 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.

14. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. Məhkəmənin 19 dekabr 2023-cü il tarixli, 2-1(118)-5346/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9nə tapşırılmışdır.

16. Daha sonra iddiaçının vəsatətinə əsasən məhkəmənin 5 iyun 2024-cü il tarixli, 2- 1(118)-1604/2024 nömrəli qərardadı ilə iş üzrə əlavə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9nə tapşırılmışdır.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

17. Cavabdeh iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanunun 3.3-1-ci bəndinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Əlillik alt sistemindəki məlumatlara əsasən iddiaçı 6 aylıq müddəti ötürmüşdür. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 29 iyul 2016-cı il tarixli, 705 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın təpə nahiyəsinin sağ tərəfində, sağ qaşüstü nahiyədə, sol qaşın alt hissəsində, alın nahiyəsinin sağ tərəfində, sol çiyin qurşağı nahiyəsində, hər iki diz qapağının ön səthində çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Təqdim olunmuş, hərbi biletdə xidmət etməməsi barədə məlumat qeyd olunsa da, 2016-cı il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin Qətnaməsinə əsasən 11 aprel 1993-11 iyul 1993-cü il tarixə kimi 701 saylı Hərbi hissəsinin tərkibində həqiqi hərbi xidmət keçməsi faktı müəyyən edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ürək və başında olan ağrılardan şikayətlənmişdir. Obyektiv baxış zamanı əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya aşkar edilməmiş, anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, ekspertiza üçün əhəmiyyətli EEQ dalğaları və qıcolma tutmasının video çəkilişi təqdim olunsa da, müayinə nəticəsində epitutmalar təsdiqlənməmiş, video çəkiliş epitutma üçün xarakterik olmamışdır. Müayinə zamanı alın, sol çiyin və hər iki diz oynaq nahiyəsində çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və tam həcmdə olmuşdur. Anamnezində şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi ifadə olunmuşdur. X4 və Ortopediya İnstitutunun 6 dekabr 2021-ci il tarixli **********/10610 nömrəli Arayışında qeyd edilmiş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Təqdim olunmuş, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının EEQ müayinəsinin nəticəsi “Sütun strukturların disfunksiyası” kimi qeyd olunmuş, epitutmaları təsdiqləməmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının 7 dekabr 2021-ci il tarixli Baş-beynin nativ KT müayinəsi, nəticəsi “Bilateral minimal beyin atrofiyası” kimi müəyyənləşdirilmişdir. X5 13 oktyabr 2022-ci il tarixli Kranial MR müayinə nəticəsi “Sağ serebellar hemisfer posteriorunda mm-ik ölçülü xronik işemik gliotik ocaq qeyd edildi. Serebral atrofivava ikincili sulkuslarda verıtrikulyar sistemdə passiv dilatasiva izlənildi. Hər iki serebral hemisferdə frontal paylar periventrikulyar ağ maddədə T2-FLAİR rejimdə hiperintens signallı mm-k ölçülü xronik işemik gliotik ocaglar qeyd edildi. Periventrikulyar ap maddədə lokoriyazis (xronik işemiva) lehir periventrikulvar diffuz hiperintens signal dəyişiklikləri diqqəti çəkdi. Kəskin mərhələ işemik insult lehinə diffuzion məhdudlaşması göstərən patoloji ocag gevd edilmədi” kimi qeyd olunsa da klinik olaraq öz təsdiqini tapmamışdır. X8 adına Milli Oftalmologiya Mərkəzinin 13 dekabr 2021-ci il tarixli 11877 nömrəli Tibbi Rəyin diaqnoz “Vis QD=0.3k/e. Vis QS=0.3k/e. OU-Qeyri-proliferativ diabetik retinopatiya. Hipertor retinopativa. OU-Mürəkkəb hipermetropik astiomatizm” kimi müəyyən edilmiş, əlillik təyinatr əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da 18 yanvar 2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Sağ ön tibial arteriyada or və distal segmentində ciddi aterosklerotik plaklar hesabına mənfəsi daralıbdır; (50-60%, 6İ 65% darlığlar) buna baxmayaraq magistral və kollateral axım hesabına trifazik və bifa axımlar izlənilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da 18 yanvar 2023-cü il tarixli Transtorakal Exokardioqrafi müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol gulagcıg genişlənib (5.1 sm). Sol mədəcivin cic konsentrik hioertrofivası (1.3sm-1.5sm). Sol mədəcivin sistola-diastolik ölçüləri böyüməyi: diastolik funksiya restriktiv tipdə pozulub, segmentar divar hərəkət pozğunluğu gevd olum’ inferior septumun bazalı və inferior lateralın bazalı hipokinetikdir; digər divarlar hiperkinetikd • sistolik funksiya azalmayıb (LVEF=58%). Aorta! və Mitral papağlar fibrotikdir. Min MR. X10 təmizdir. Müavinə sinus taxikardivası fonunda aparıldı (HR=123)” kir müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da 18 yanvar 2023-cü il tarixli Oftalmolog müayinəsinin nəticəsi “Vis QD=0.3k/i 0.5. VİS QS=0.3k/i 0.4. OU-Qarıs astiomatizm. QPDR” kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyekt müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmas meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbu edilmişdir.

18. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarına istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, ekspert rəyi ilə razılaşmadığını bildirmiş, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

22. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

23. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

24. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

27. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.

Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.https://eqanun.az/framework/44232 (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. (-)

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2-ci hissəsinə əsasən:

2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024cü il tarixli, 2-1(102)-2585/2024 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.”

33. İddia tələbinin əsaslarına görə, cavabdeh orqan işin hallarında göstərilmiş sənədlərə və iddiaçının vəziyyətinə uyğun olaraq düzgün müayinə aparmamış, qanunsuz olaraq əlilliyin təyin edilməsindən imtina etmişdir.

34. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçı tərəfindən 6 aylıq şikayət müddəti ötürmüşdür. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış əyani müayinə zamanı qeyd edilən diaqnozlar öz təsdiqini tapmaması üçün əlilliyin təyin edilməsindən imtina edilmişdir.

35. İş materialında olan sənədlərlə müəyyən edilir ki, iddiaçıya Sumqayıt ŞHK tərəfindən 1993-cü ildə hərbi toplanışa çağırılmış, döyüş zonasında hərbi toplanış keçərkən 1993-cü ilin may ayında aldığı və 20 iyun 2016-cı il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın təpə nahiyyəsinin sağ tərəfində, sağ qaşüstü nahiyyədə, sol qaşın alt hissəsində, alın nahiyyəsinin sağ tərəfində, sol çiyin qurşağı nahiyyəsində, hər iki diz qapağının ön səthində çapıq toxumaları” diaqnozu “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə Hərbi Həkim Komissiyasının qərarı ilə qoyulmuşdur. İddiaçıya 7 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra 19 dekabr 2022-ci il tarixdə qiymətləndirilmədən keçmiş, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir.

36. Cavabdehin etirazının ilk dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, məhkəmənin 19 dekabr 2023-cü il tarixli iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi şikayət müddətinin ötürülüb-ötürülməməsi ilə əlaqədar bildirmişdir ki, iddiaçı tərəfindən şikayətetmə müddəti ötürülməmişdir. Bununla da görünür ki, cavabdeh tərəf mümkünlük məsələsini mübahisələndirməmişdir.

37. İddiaçının sağlamlıq vəziyyətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyin” X9nin 11 mart 2024-cü il tarixli, T138/2024 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki: SN-nin “Məhkəmə Tibbi Ekspertizası və X7” X9 müalicə müəssisəsi olmadığından iddiaçının 9 dekabr 2022-ci il tarixli U00047233QNU nömrəli Forma 088 göndərişində qeyd olunan xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə hazırda konkret fikir söyləmək mümkün deyildir. Lakin iş materiallarına əsasən onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün həmin göndərişdə qeyd edilən “T90.5- Kəllədaxili travmalarm nəticələri. Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri. Ağırlaşmalar: G93.4- Dəqiqləşdirilməmiş ensefalopatiya. Postravmatik ensefalopatiyası, episindromla. Yanaşı xəstəliklər: Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması, bədənin müxtəlif sahələrinin qəlpə yaralanmasından sonrakı vəziyyəti. Sağ pəncənin aşıq-baldır oynağı nahiyəsinin qəlpə yaralanması. Sağ aşıq baldır, aşıq daban, aşıq-qayıqvari oynaqlarının posttravmatik deformasiyaedici artrozu, kəskin ağrı sindromu ilə, aşıq-baldır oynağının kontrakturası. Pəncə və baldır əzələlərinin atrofıyası. Hər iki diz oynağının artrozu. El 1.7- İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip, ağır forma insulin tələbli. El 1.3-İnsulindən asılı olmayan şəkərli diabet. Gözlərin zədələnməsi ilə. OU-Qeyri-proliferativ diabetik retinopatiya. Viz OU-0,3k\etmir. El 1.3- İnsulindən asılı olmayan şəkərli diabet. Periferik qan dövranı pozğunluğu ilə. Aşağı ətrafların diabetik angiopatiyası. İ20.8-Stenokardiyanın digər formaları. ÜİX stabil gərginlik stenokardiyası İİİ F.S. İ25.2- Əvvəllər keçirilən miokard infarktı. İnfarktdan sonrakı kardioskleroz. İl 1.0-(Durğunluq) ürək çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi. Arterial hipertenziya İİİ dərəcə yüksək risk. İ50-Xroniki ürək çatmamazlığı İİ F.S. AF- 45%. İ70-Hər iki baldır arteriyasının stenooklyuziyası. Xroniki işemiyası İİİ dər. İ73.8-Aşağı ətrafların xroniki işemiyası İİİ dərəcə.” diaqnozundakı xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz, belə ki, diaqnoz ona stasionarlarda anamnestik, laborator-instrumental müayinələri nəticəsində müəyyən edilmişdir. İddiaçının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş çapıq toxumalar Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş “Qəlpə yaralanmasından sonra başın təpə nahiyəsinin sağ tərəfində, sağ qaşüstü nahiyyədə, sol qaşın alt hissəsində, alın nahiyəsinin sağ tərəfində, sol çiyin qurşağı nahiyəsində, hər iki diz qapağının ön səthində çapıq toxumaları” diaqnozundakı çapıqlarla eynilik təşkil edir. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etməyə əsas vermədi.

38. İddiaçının sağlamlıq vəziyyətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyin” X9nin 20 avqust 2024-cü il tarixli, T545/2024 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki: S.N-nin “Məhkəmə Tibbi Ekspertizası və X7” X9 müalicə müəssisəsi olmadığından iddiaçının 9 dekabr 2022-ci il tarixli U00047233QNU nömrəli Forma 088 göndərişində qeyd olunan xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə hazırda konkret fikir söyləmək mümkün deyildir. Lakin iş materiallarına əsasən onun əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün həmin göndərişdə qeyd edilən “T90.5- Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə-beyin travmasmın qalıq əlamətləri. Ağırlaşmalar: G93.4-Dəqiqləşdirilməmiş ensefalopatiya. Posttravmatik ensefalopatiyası, episindromla. Yanaşı xəstəliklər: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması, bədənin müxtəlif sahələrinin qəlpə yaralanmasından sonrakı vəziyyəti. Sağ pəncənin aşıq-baldır oynağı nahiyəsinin qəlpə yaralanması. Sağ aşıq baldır, aşıq daban, aşıq-qayıqvari oynaqlarının posttravmatik deformasiyaedici artrozu, kəskin ağrı sindromu ilə, aşıq-baldır oynağının kontrakturası. Pəncə və baldır əzələlərinin atrofıyası. Hər iki diz oynağının artrozu. El 1.7-lnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip, ağır forma insulin tələbli. El 1.3-İnsulindən asılı olmayan şəkərli diabet. Gözlərin zədələnməsi ilə. OU-Qeyri-proliferativ diabetik retinopatiya. Viz OU-0,3k\etmir. El 1.3-İnsulindən asılı olmayan şəkərli diabet. Periferik qan dövranı pozğunluğu ilə. Aşağı ətrafların diabetik angiopatiyası. İ20.8- Stenokardiyanm digər formaları. ÜİX stabil gərginlik stenokardiyası İİİ F.S. İ25.2-Əvvəllər keçirilən miokard infarktı. İnfarktdan sonrakı kardioskleroz. İl 1.0- (Durğunluq) ürək çatmamazlığı ilə müşayət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi. Arterial hipertenziya İİİ dərəcə yüksək risk. İ50-Xroniki ürək çatmamazlığı İİ F.S. AF- 45%. İ70- Hər iki baldır arteriyasının stenooklyuziyası. Xroniki işemiyası İİİ dər. İ73.8-Aşağı ətrafların xroniki işemiyası İİİ dərəcə.” diaqnozundakı xəstəliklərdən əziyyət şəkməsini inkar etmək də olmaz, belə ki, diaqnoz ona stasionarlarda əyani müayinəsi zamanı anamnestik, laborator-instrumental müayinələri nəticəsində müəyyən edilmişdir.

39. Göründüyü kimi məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.

40. Bundan əlavə, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 14 sentyabr 2021-ci il tarixədək İİ qrup əlillik təyin edilmişdir.

41. Cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur.

42. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.

43. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

44. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir.

45. Eyni zamanda, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-144/2023 saylı 9 mart 2023-cü il tarixli qərarında hüquqi mövqeyi belə əsaslandırılmışdır.

46. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

47. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməlidir.

48. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının qiymətləndirildiyi sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

49. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı 9 dekabr 2022-ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar