Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1605/2022 24.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil Novruz oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı nikah qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.1990-cı ildə X2 ilə arasında bağlanmış saxta nikah qeydinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərqardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-cı ildə Ermənistan Respublikası Masis rayonunda anadan olmuş və xx.xx.1987-ci il tarixdə X5 ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.1991-ci il təvəllüdlü Anar və xx.xx.1993-cü il təvəllüdlü Sevinc adlı iki uşaqları vardır. 1988-ci ildə Ermənistandan qaçqın düşəndən sonra Sumqayıt şəhərində məskunlaşmışlar, həmin vaxt bütün sənədləri, o cümlədən nikah şəhadətnaməsi digər sənədlərlə birlikdə Ermənistanda qalmışdır. Sumqayıt şəhərində atasına məxsus mənzilə qeydiyyata düşməkdən ötrü atası öz tanışı X1 müraciət etmişdir. Bununla bağlı o, həmin şəxslər birlikdə hansısa idarəyə gedib sənəd imzalamış, bundan sonra mənzilə qeydiyyata düşmüşdür. Həyat yoldaşı Zakir Mənsurov xx.xx.1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının nikah haqqında akt qeydinin bərpa edilməsinə dair ərizəsi təmin edilmişdir. Həmin qətnamə icraya yönəldildiyi zaman bəlli olmuşdur ki, onun X2 arasında xx.xx.1990-cı ildə nikah bağlanmışdır və həmin nikah hazırda qüvvədədir. Bununla bağlı iddiaçı həmin nikahın etibarsız hesab edilməsi barədə iddia ilə məhəməyə müraciət etmişdir. İddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı üçüncü şəxslə arasında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimləndiyindən və mülki xarakterli olduğundan inzibati məhkəmə icraatında baxılan mübahiəslərə aid edilə bilməz. Belə ki, faktiki olaraq hazırki mübahisə nikah qeydinin deyil, nikahın etibarsızlığı barədədir və ümumi məhkəmənin səlahiyyətləri çərçivəsində baxılan mübahisələrə aiddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. «İnzibati məhkəmə itcraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı nikah qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmamalı və iddiaçıya izah edilməlidir ki, müvafiq ərizə ilə cavabdehin yaşayış yeri üzrə ümumi məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı nikah qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1605/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1605/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver