Məhkəmə qərarları › İş №2-1(118)-1608/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1608/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1608/2021 21.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsinin 1 saylı regional ərazi filialına qarşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının hərəkətlərini qanunsuz hesab etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 07.05.2021-ci il tarixli **********3 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuş, 1978-ci ildən Sumqayıt şəhərində yaşayır. 5 uşaq anasıdır, 1980-ci ildən 1996-cı ilə kimi müxtəlif idarə və təşkilatlarda fəhlə kimi çalışmışdır. Dəfələrlə Sumqayıt şəhər DSMF-na müraciət etsə də iddiaçıya pensiya hüququ yarandığı vaxtdan pensiya təyin edilməmişdir. İddiaçı çoxsaylı müraciətindən sonra yalnız 130 manat sosial müavinət təyin olunmuşdur. Buna görə də onun 5 övladının olmasını və əmək fəaliyyətini, yaşını nəzərə almaqla iddiaçıya hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi ilə bağlı AR ƏƏSMN-nə və cavabdeh təşkilata müraciət etmiş, lakin iddiaçıya ünvanlanan 07.05.2021-ci il tarixli məktubda imtina olunmuşdur. Bu imtinanı qarşı tərəf onunla əsaslandırmışdır ki, iddiaçının 25 il tələb olunan sığorta stajına qarşı 16 il 11 ay 16 gün əmək stajı vardır, bu staj əmək pensiyasının təyin edilməsi üçün yetərli deyildir. İmtina məktubu 07.05.2021-ci il tarixdə qəbul edilsə də cavab məktubu iddiaçıya vaxtında göndərilməmiş və yalnız 24.06.2021-ci il tarixli teleqramdan sonra ona yalnız 25.06.2021ci il tarixdə məktub təqdim olunmuşdur. İddiaçı həmin imtina ilə razı deyil və onu qanunsuz və əsassız hesab edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanlarm onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarm ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin iddiaçının müraciətinə cavabdeh tərəfindən imtina verilmişdir, imtinanın səbəbi iddiaçının qanunvericiliklə tələb olunan 25 illik sığorta stajına malik olmamasıdır, inzibati aktdan narazı qalan iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçıya verilmiş imtina qanuni əsaslı olmuşdur. Hazırda iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaşa görə sosial müavinət alır. İş üzrə mövcud olan qanunvericilik normalarına münasibət bildirməklə etirazlarını təqdim edirlər. İddiaçı 11.09.1958-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. İddiaçı pensiya 28.01.2019-ci il tarixində çatmışdır. İddiaçı cavabdeh 1 saylı regional ərazi filialına 26.04.2021-ci il tarixli ərizə ilə müraciət edərək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən 07.05.2021-ci il tarixli məktubla İddiaçı “Əmək pensiyaları haqqında” qanunun hazırki redaksiyada qüvvədə olan 7-ci maddəsinəəsasən tələb olunan azı25 il sosial sığorta stajına qarşılıq olaraq təqdim edilən əmək kitabçasında 16 il 11 ay 16 gün sığorta stajı mövcud olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Dövlət Arxivinin Sumqayıt Filialına göndərilmiş 14.10.2021 -ci il tarixli məktuba verilmiş 01.10.2021-ci il tarixli cavabda Sumqayıt Sintez Kauçuk zavodunun və Azmənzilsənayetikintitəmiridarəsinin arxiv sənədlərinin mühafizə üçün Sumqayıt filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən iddiaçının əmək kitabçasında aparılmış qeydlərin yoxlanılması mümkün olmamışdır. Tərəflərindən İddiaçı işlədiyi illərin araşdırılması məqsədilə Fondun 1 saylı regional ərazi filialına 29.10.2021-ci il tarixində **********5 nömrəli xidməti məktub ünvanlanmışdır. Əmək kitabçasındakı qeydlərin mötəbərliyinin araşdırılması məqsədilə cavabdeh 1 saylı regional ərazi filialının əməkdaşları tərəfindən 16.11.2021 tərtib olunmuş qarşılıqlı yoxlama aktında əmək kitabçasında qeyd olunan illərin müəssisənin arxiv sənədləri saxlanılmaması səbəbindən yoxlanması mümkün olmamışdır. Azərikimya istehsalat birliyinə ünvanladıqları 08 oktyabr 2021-ci il tarixli **********9 məktuba 03 noyabr 2021 ci il tarixli cavabda qeyd olunmuşdur ki, İddiaçı barəsində arxiv fondlarında müvafiq araşdırma aparılmış və onun Sumqayıt “Sintezkauçuk” zavodunda işləməsi barədə hər hansı bir arxiv sənədi mövcud olmamışdır. 09 oktyabr 2021-ci il tarixli **********1 nömrəli məktuba Sumqayıt şəhər Statistika idarəsi tərəfindən 04 noyabr 2021-ci il tarixində verilmiş cavabda bildirilmişdir ki, “Azmənzilsənayetikintitəmir” İstehsalat Birliyinin tərkibində Təmir Tikinti Təchizat idarəsi statistik vahidlərin dövlət reyestrində qeydiyyatı mövcud deyildir. Göründüyü kimi, idiaçı İddiaçı əmək kitabçasındakı qeydlərin (ümumi iş stajı 16 il 11 ay 16 gün) yoxlanılması zamanı hər hansı bir əmək haqqı cədvəli, işə daxilolma işdən azadolunma əmrləri və ya qeyd olunan müəssisələrdə işləyərkən məzuniyyətdə olması barədə arxiv sənədləri müəyyən edilməmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Lakin nəzərə almaq lazımdır ki, əmək kitabçasının mövcudluğu işçinin əmək fəaliyyətini təsdiq dən əsas olmasına baxmayaraq hər zaman mötəbər sənəd kimi qəbul edilə bilməz. Əmək kitabçasındakı qeydlərin ardıcıl və tam qeyd olunması iddiaçının özlüyündə qeyd olunan dövlərdə işlədiyi barədə qənaətə gəlməyə əsas vermir. İddiaçıya əmək pensiyası təyin edilməsi üçün iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də (28.01.2019-cu ildə iddiaçı qanunla müəyyən olunmuş yaş həddinə çatmışdır), iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində X5 iştirak etmiş, ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, onunla bir yerdə işləmişdirlər. İddiaçı malyar işləmişdir. Özü 7 ildir ki, əlilliyə görə pensiyadadır, 17 il stajı var. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı 11.09.1958-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Pensiya yaşına 28.01.2019-ci il tarixində çatmışdır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh orqan isə qeyd edir ki, əmək pensiyası təyin edilməsi üçün iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də (28.01.2029cu ildə iddiaçı qanunla müəyyən olunmuş yaş həddinə çatmışdır), iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 31.2-ci maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Cavabdeh inzibati orqan müəyyən etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlərin (ümumi iş stajı 16 il 11 ay 16 gün) yoxlanılması zamanı hər hansı bir əməkhaqqı cədvəli, işə daxilolma işdən azadolunma əmrləri və ya qeyd olunan müəssisələrdə işləyərkən məzuniyyətdə olması barədə arxiv sənədləri müəyyən edilməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 30.08.2021-ci il tarixli sorğusuna Fondun 1 saylı regional ərazi filialının 24.09.2021-ci il tarixli, **********6 saylı xidməti məktubunda qeyd edilir ki, vətəndaşın ərizəsində qeyd etdiyi kimi əvvəllər müraciəti zamanı əmək kitabçasında qeyd olunan 10.01.1980-cı il tarixdən 26.12.1996-ci il tarixədək olan dövrün yoxlanılması zərurəti yaranmışdır. Qeyd olunan müəsisənin arxiv sənədlərinin olmaması səbəbindən həmin dövrlərin yoxlanılması mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə X2 istehsalat birliyinə ünvanladıqları 08 oktyabr 2021-ci il tarixli **********9 məktuba 03 noyabr 2021 ci il tarixli cavabda qeyd olunmuşdur ki, İddiaçı barəsində arxiv fondlarında müvafiq araşdırma aparılmış və onun Sumqayıt “Sintezkauçuk” zavodunda işləməsi barədə hər hansı bir arxiv sənədi mövcud olmamışdır. 1 saylı Təmir-Tikinti İdarəsinin rəisi B.Məhərrəmov tərəfindən təsdiq edilmiş 16.11.2021-ci il tarixli İddiaçı sosial sığorta stajının yoxlanılması barədə Akta əsasən İddiaçı ИT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunmuş dövrlərin qarşılıqlı yoxlanılması müəssisədə arxiv sənədlərinin saxlanılmaması səbəbindən mümkün olmamışdır. Cavabdeh inzibati orqan qeyd edir ki, 09 oktyabr 2021-ci il tarixli **********1 nömrəli məktuba Sumqayıt şəhər Statistika idarəsi tərəfindən 04 noyabr 2021-ci il tarixində verilmiş cavabda bildirilmişdir ki, “Azmənzilsənayetikintitəmir” İstehsalat Birliyinin tərkibində Təmir Tikinti Təchizat idarəsi statistik vahidlərin dövlət reyestrində qeydiyyatı mövcud deyildir. Göründüyü kimi iddiaçının qeyd edilən dövrlərdə işləməsi dövlət arxivinin arayışları ilə təsdiqini tapmamışdır. Həmin mübahisəli dövrlər nəzərə alınmadıqda isə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının pensiya hüququ yaranmır. Məhkəmə iclasında şahid qismində X5 iştirak etmiş, ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, onunla bir yerdə işləmişdirlər. İddiaçı malyar işləmişdir. Özü 7 ildir ki, əlilliyə görə pensiyadadır, 17 il stajı var. Məhkəmə bununla bağlı qeyd edir ki, sosial sığorta stajının şahid ifadələri əsasında müəyyən edilməsi əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qeyd edilən dövrləri nəzərə almaqla iddiaçıya pensiya təyin edilməsindən imtinası əsaslı olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar