Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1609/2023 10.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş və ailə üzvlərinin adına olan JN-0055, KOD 30210048 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş ölçüdə, yəni 7.21 ha ölçüdə torpaq sahəsində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, bu barədə adlarına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş və ailə üzvlərinin adına olan JN-0055, KOD 30210048 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş ölçüdə, yəni 7.21 ha ölçüdə torpaq sahəsində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, bu barədə adlarına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1609/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X5, X3 və X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayonu Aqrar İslahatı Komissiyasının 16 nömrəli qərarı ilə iddiaçının dörd nəfərdən ibarət ailəsinə Xaçmaz rayonu, Ərəb kəndi ərazisində 7.21 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsi üzərində ailə üzvlərinin mülkiyyət hüququ JN-0055 KOD 30210048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə tanınır. X11 25 mart 2002-ci il tarixdə Dövlət Aktı qeydiyyat kitabında 055 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi 1997-ci il tarixdə müvafiq komissiya üzvləri tərəfindən yerində ölçülərək onlara təhkim olunduğu vaxtdan istifadələrindədir və orada kənd təsərrüfatı məhsulları əkib becərirlər. Hazırda kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyətçilərinə dövlət tərəfindən ödənilən subsidiyanın verilməsi üçün həmin torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması tələb olunur. O, ailəsinin mülkiyyətində olan 7.21 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin rəisi Fikrət Nuşiyevin imzası ilə ona 02 dekabr 2022ci il tarixli, **********78 nömrəli məktubla cavab verilmişdir ki, “araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş JN-0055 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktf’nda torpaq sahəsinin ölçüsü 7.21 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında həmin torpaq sahəsi 5.84 ha ölçüdə öz əksini tapmışdır. Nəzərinizə çaldırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikasının Qanununun 9.1,2-ci maddəsinə əsaən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında’' Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur.” Hesab edir ki, cavabdehin məktubunda göstərilən əsaslarla mülkiyyətlərində olan 7.21 ha torpaq sahəsinə çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsindən imtina edilməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, 7.21 ha torpaq sahəsinə dair ailə üzvlərinin adına olan JN-0055 KOD 30210048 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hər hansı səlahiyyətli Dövlət orqanı və yaxud məhkəmə tərəfindən ləğv edilməmiş və yaxud etibarsız hesab edilməmişdir. Dövlət Aktının özündə də göstərilir ki, X11 qeydiyyat kitabında 25 mart 2002-ci il tarixdə 055 nömrə ilə qeydiyyata alınmışdır. Xaçmaz rayonunun Qalağan bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 118 nömrəli arayışında qeyd olunur ki, İddiaçı və ailəsinə verilmiş, JN-0055 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adambaşına düşən pay 1,8025 ha hesablanmışdır. Xaçmaz RİHB-nin Qalağan kənd İƏD üzrə nümayəndəliyinin 12 dekabr 2022-ci il tarixli, 631 nömrəli arayışda qeyd olunur ki, İddiaçı və ailəsinə verilmiş, JN-055 saylı Dövlət Aktında adambaşına düşən pay 1,8025 ha hesablanmışdır. Belə olan halda cavabdehin imtina məktubunda göstərilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitablarında həmin torpaq sahəsinin 5,84 ha ölçüdə öz əksini tapması barədə göstərilənlər tamamilə əsassızdır. Dövlət Aktında göstərilmiş rəqəm, yəni 7.21 ha orada göstərilmiş dörd nəfər mülkiyyətçiyə düşən pay normasına uyğundur (4 x 1.8025 ha =7.21 ha). 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Xaçmaz rayonu, Ərəb kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Araşdımaı zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş JN-0055 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktın”da torpaq sahəsinin ölçüsü 7.21 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin torpaq sahəsi 5.84 ha ölçüdə öz əksini tapmışdır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında' Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2022-ci il tarixli, **********78 nömrəli məktubla imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - JN-0055, KOD 30210048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 7.21 ha torpaq sahəsi İddiaçı, X2, X1 və X4 mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Xaçmaz rayonu Qalağan bələdiyyəsinin 118 saylı, xx.xx.2022-ci il tarixli və Xaçmaz rayonu İcra Hakimiyyəti Başçısının Qalağan kənd İƏDdə nümayəndəsi tərəfindən verilmiş 631 saylı, 12 dekabr 2022-ci il tarixli arayışlarda qeyd edilmişdir ki, İddiaçı və ailəsinə verilmiş JN 0055 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında adambaşına düşən pay 1.8025 ha hesablanmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarından çıxarışdan görünür ki, Xaçmaz rayonu, Ərəb kəndində 406 nəfər, 94 ailəyə torpaq sahəsinin ayrılmasına dair “Xəzər” Sovxozu AİK-nın 25 noyabr 1997-ci il tarixli (protokol nömrəsi 10) təsdiq edilməsi qərara alınmışdır. - Məhkəməyə sorğu əsasında Xaçmaz rayonu Dövlət Arxivindən daxil olmuş Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarından və həmin qərar əlavə olan adlı siyahının Xaçmaz rayonu Ərəb kənd sakini İddiaçı aid hissəsindən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0.06 ha torpaq sahəsinin ayrılması qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında Xaçmaz rayonu Dövlət Arxivindən daxil olmuş arxiv arayışında qeyd edilmişdir ki, Xaçmaz rayon Qalağan kənd İƏV nümayəndəliyinin 1996- 2000-ci illərə aid Ərəb kəndi üzrə 02 saylı təsərrüfatbaşına kitabında İddiaçı təsərrüfatında torpaq sahəsi qeydə alınmamışdır, 2001-2005-ci illərə aid 10 saylı təsərrüfatbaşına kitabında cəmi 5.84 ha torpaq sahəsi qeydə alınmışdır. - Məhkəməyə sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş 12 aprel 2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş Xaçmaz rayonu "Xəzər” Sovxozunun Ərəb kəndi ərazisində torpaq payı almaq hüququ olan subyektlərin siyahısından görünür ki, İddiaçı faktiki olaraq 0.63 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRXin 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddianın əsaslılığı ilə bağlı qeyd məhkəmə hesab edir ki, iddia mümkün iddia olsa da, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı JN-0055, KOD 30210048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında ona ayrılmış Xaçmaz rayonu, Ərəb kəndində yerləşən 7.21 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan özünün 22 dekabr 2022-ci il tarixli cavab məktubu ilə iddiaçının Xaçmaz rayonu, Ərəb kəndində yerləşən 7.21 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi torpaq sahəsinin -0055, KOD 30210048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-də 7.21 ha göstərilməsinə baxmayaraq, dövlət aktlarının qeydiyyat kitabında 5.84 ha ölçüdə öz əksini tapmasını göstərmişdir. Hal-hazırda iddiaçı məhkəmədən İddiaçı JN-0055, KOD 30210048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında ona ayrılmış Xaçmaz rayonu, Ərəb kəndində yerləşən 7.21 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. İnzibati iş materialları ilə müəyyən edilir ki, iddiaçı Xaçmaz rayonu, Ərəb kəndi ərazisində yerləşən 7.21 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının əsası kimi JN-0055, KOD 30210048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”ni göstərmişdir. Qeyd olunan şəhadətnamənin tədqiq edilməsi zamanı onun Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı əsasında tərtib edildiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən qeyd edilən JN-0055, KOD 30210048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olmuş sənədlərin əldə edilərək araşdırılması üçün aidiyyatı üzrə sorğular verilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarından çıxarışda Xaçmaz rayonu, Ərəb kəndində 406 nəfər, 94 ailəyə torpaq sahəsinin ayrılmasına dair “Xəzər” Sovxozu AİK-nın 25 noyabr 1997-ci il tarixli (protokol nömrəsi 10) təsdiq edilməsi qərara alındığı qeyd edilmişdir. Məhkəməyə sorğu əsasında Xaçmaz rayonu Dövlət Arxivindən daxil olmuş Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarından və həmin qərar əlavə olan adlı siyahının Xaçmaz rayonu Ərəb kənd sakini İddiaçı aid hissəsindən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0.06 ha torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Məhkəməyə sorğu əsasında Xaçmaz rayonu Dövlət Arxivindən daxil olmuş arxiv arayışında qeyd edilmişdir ki, Xaçmaz rayon Qalağan kənd İƏV nümayəndəliyinin 1996- 2000-ci illərə aid Ərəb kəndi üzrə 02 saylı təsərrüfatbaşına kitabında İddiaçı təsərrüfatında torpaq sahəsi qeydə alınmamışdır, 2001-2005-ci illərə aid 10 saylı təsərrüfatbaşına kitabında cəmi 5.84 ha torpaq sahəsi qeydə alınmışdır. Məhkəməyə sorğu əsasında "xxxx" MMC-dən daxil olmuş 12 aprel 2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş Xaçmaz rayonu "Xəzər” Sovxozunun Ərəb kəndi ərazisində torpaq payı almaq hüququ olan subyektlərin siyahısından görünür ki, İddiaçı faktiki olaraq 0.63 ha torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı İddiaçı və onun ailə üzvlərinə torpaq sahəsinin ayrılmasına dair JN-0055, KOD 30210048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin verilməsinə əsas olmuş Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarına əsasən iddiaçıya 7.21 ha torpaq sahəsi ayrılmamışdır. İddiaçı Azərbaycan Respublikası Xaçmaz rayonu Qalağan bələdiyyəsinin 118 saylı, xx.xx.2022-ci il tarixli və Xaçmaz rayonu İcra Hakimiyyəti Başçısının Qalağan kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş 631 saylı, 12 dekabr 2022-ci il tarixli arayışlara istinad edərək, müvafiq qərarla ailə üzvlərinə adambaşına düşən payın 1.8025 ha hesablandığını bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı qeyd olunan qərarla iddiaçının ailə üzvlərinə adambaşına torpaq sahəsinin ayrılmasına dair hüquqi sənədin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş və ailə üzvlərinin adına olan JN-0055, KOD 30210048 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş ölçüdə, yəni 7.21 ha ölçüdə torpaq sahəsində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, bu barədə adlarına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş və ailə üzvlərinin adına olan JN-0055, KOD 30210048 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş ölçüdə, yəni 7.21 ha ölçüdə torpaq sahəsində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, bu barədə adlarına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması vəzifəsinin qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva