Məhkəmə qərarları › İş №2-1(118)-161/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-161/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-161/2021 25.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh ƏMDK yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə qarşı “Şabran rayonunun Maytablı kəndi ərazisində yerləşən 263 ha torpaq sahəsinin satılması ilə əlaqədar hərracın keçirilməsi və onun həmin həracda iştirakının təmin edilməsi vəzifəsinin ƏMDK yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildən Şabran rayonunun Maytablı kəndi ərazisində xırda və iribuynuzlu heyvanların saxlanması üçün təsərrüfat yaratmış, həmin vaxtdan bu günə kimi də həmin təsərrüfat fəaliyyəti göstərir. Bu təsərrüfatın yerləşdiyi 263 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə əlaqədar həm Şabran rayon İcra Hakimiyyətinə, həm də digər dövlət qurumlarına dəfələrlə müraciət etmişdir. Hər dəfə Şabran rayon İcra Hakimiyyətinin başçısına torpaq sahəsini adına rəsmiləşdirmə ilə əlaqədar müraciət etdikdə, o, iddiaçının narahat olmamağını və bu torpaq sahəsi özəlləşdirməyə çıxarılarkən ilk olaraq ona təklif olacağını bildirmişdi. Lakin, bu günlərdə o bilmiş ki, istifadəsində olan torpaq sahəsi Şabran rayon İcra Hakimiyyətinin deyil, Azərbaycan Respublikası Əmlak Komitəsinin balansındadır. Ona görə də bu torpaq sahəsinin adına rəsmiləşdirilməsi və ona satılması ilə əlaqədar ƏMDK yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə müraciət etmiş, lakin cavabdeh orqan onun ərizəsinin təmin olunmasından imtina edilməsi barədə 02.09.2019-cu il tarixli 1-ci cavabında imtinanın əsası kimi bu torpaq sahəsi ilə əlaqədar məhkəmə mübahisəsinin getdiyini və yalnız həmin mübahisə qurtardıqdan sonra onun ərizəsinə münasibət bildiriləcəyi göstərilmişdir. Həmin məhkəmə mübahisəsi qurtardıqdan sonra o, yenidən ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin yenidən cavabdehin 25.03.2020-ci il tarixli cavab məktubu ilə ərizəsinin təmin olunmasından imtina edilmiş və imtinanın əsası kimi də müraciət etdiyi məsələnin cavabdehin səlahiyyətlərinə aid olmadığı göstərilmişdir. Cavabdehin bu iddiası tamamilə əsassız və qanunsuzdur. Belə ki, AR Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “ƏMDK yanında X2 Təşkili üzrə Dövlət Agentliyi” haqqında Əsasnamənin 3-cü bəndində agentliyin vəzifələri göstərilmiş və həmin Əsasnamədə bu agentliyin dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı ilə əlaqədar hərracın təşkili vəzifələri də göstərilmişdir. Yəni qanunverici orqan dövlət mülkiyyətində olan torpaq sahələrinin satışı ilə əlaqədar birbaşa cavabdehin səlahiyyətli olduğunu göstərmişdir. Ona görə də hesab edir ki, cavabdehin bu imtinası və onun müraciəti ilə əlaqədar hərəkətsizlik etməsi tamamilə qanunsuzdur. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” AR Qanununa görə dövlət əmlakının özəlləşdirilməsi şəffaf şəraitdə keçirilməli və hər bir Azərbaycan vətəndaşının bu əmlakın özəlləşdirilməsində bərabər şəkildə iştirakı təmin edilməlidir. Ona görə də hər bir Azərbaycan vətəndaşı kimi o da bu torpaq sahəsinin özəlləşdirilməsində iştirak etmək hüququna malikdir. Bundan əlavə həmin torpaq sahəsinə başqalarına nisbətdə onun daha üstün hüququ vardır. Belə ki, yuxarıda qeyd etdiyi kimi, artıq 12 ildir ki, həmin torpaq sahəsi fasiləsiz olaraq onun faktiki istifadəsindədir. Ona görə də hesab edir ki, bu torpaq sahəsi həm qanuna, həm də ədalət baxmından ona satılmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və onun vəkili məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (X8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi üçüncü şəxslər olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran rayonu, Maytablı kəndi ərazisində yerləşən əmlak kompleksinin qiymətləndirilməsinin etibarsız hesab edilməsi, Şabran rayonu, Maytablı kəndi ərazisində yerləşən əmlak kompleksinin özəlləşdirilməsi ilə əlaqədar keçirilən hərracın nəticələrinin ləğv edilməsi, 15.04.2014-cü il tarixli 01 saylı hərrac protokolunun, 15.04.2014-cü il tarixli 2806 saylı müəssisənin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu hərracın nəticələri əsasında X5 adına keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** saylı 12.11.2016-cı il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsassız olduğundan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Ə.Misirzadə) 13 iyul 2018-ci il tarixli, 2(011)-4363/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X.A.Cəmilova, A.Q.Hüseynov və İ.K.Xəlilov) 10.10.2018-ci il tarixli, 2(103)-10511/2018 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı və onun vəkili X3 iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 fevral 2019cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iştirakı ilə hərraca çıxarılması iddia olunan Şabran rayonu Maytablı kəndi ərazisində yerləşən 263 ha torpaq sahəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qərarı ilə hüquqi qüvvəyə minmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli qətnaməsində qeyd olunan (Şabran rayonu, Maytablı kəndi ərazisində yerləşən) əmlak kompleksinin istifadəsindədir ki, həmin əmlak kompleksi isə müvafiq qanunvericiliyin tələblərinə əsasən X6 məxsusdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qərarını nəzərə alaraq, iddia tələbinn rədd edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin imtinası, 08.10.2020-ci il tarixli, **********11 saylı etiraz ərizəsi, DƏDRX tərəfindən verilmiş 12.11.2016-cı il tarixli, **********275-12301 reyestr nömrəli çıxarışın surəti və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 2.2.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh ƏMDK yanında X2 Təşkili üzrə X7 rayonunun Maytablı kəndi ərazisində yerləşən 263 ha torpaq sahəsinin satılması ilə əlaqədar hərracın keçirilməsi və onun həmin həracda iştirakının təmin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh təşkilat iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. İmtinanın səbəbi kimi həmin torpaq sahəsinin digər şəxsin mülkiyyətinə aid olması ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (X8 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi üçüncü şəxslər olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şabran rayonu, Maytablı kəndi ərazisində yerləşən əmlak kompleksinin qiymətləndirilməsinin etibarsız hesab edilməsi, Şabran rayonu, Maytablı kəndi ərazisində yerləşən əmlak kompleksinin özəlləşdirilməsi ilə əlaqədar keçirilən hərracın nəticələrinin ləğv edilməsi, 15.04.2014-cü il tarixli 01 saylı hərrac protokolunun, 15.04.2014-cü il tarixli 2806 saylı müəssisənin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu hərracın nəticələri əsasında X5 adına keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** saylı 12.11.2016-cı il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli, 2(011)-4363/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.10.2018-ci il tarixli, 2(103)-10511/2018 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, İddiaçı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin 10.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunun məhkəmə qətnamələri ilə müəyyən olunmuş halhazırki, iddia tələbi ilə eynilik təşkil etmir. Belə ki, hazır ki, iddia tələbi İddiaçı tərəfindən ƏMDK yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə qarşı qaldırılıb və iddia tələbinin predmeti digər məhkəmələrdə olduğu kimi hərrac protokolun və ondan irəli gələn sənədlərin ləğvi ilə deyil, Binədəar Hacıyevə torpaq sahəsinin hərrac yolu ilə satılması ilə əlaqədardır. Ona görədə məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsasında məhs həmin kriteriyalara əsaslanmaqla iddia tələbinin rədd edilməsi düzgün deyil. Məhkəmə hesab edir ki, hazır ki, iddiaçının tələbi cavabdeh təşkilatın diskression səlahiyyətlərinə aid olduğundan və inzibati orqan tərəfindən həmin səlahiyyətlərin qanun çərçivəsində həyata keçirilməsi prinsipi baxımından iddia tələbi təmin edilməməlidir. Başqa sözlə desək cavabdeh təşkilatı üzərinə mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya məcburi şəkildə satılması öhdəliyinin qoyulması düzgün deyil. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmiun Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh ƏMDK yanında X2 Təşkili üzrə Dövlət Agentliyinə qarşı “Şabran rayonunun Maytablı kəndi ərazisində yerləşən 263 ha torpaq sahəsinin satılması ilə əlaqədar hərracın keçirilməsi və onun həmin həracda iştirakının təmin edilməsi vəzifəsinin ƏMDK yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar