Məhkəmə qərarları › İş №2-1(118)-161/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-161/2025

25.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-161/2025 25.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “dövlət aktının və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 25 avqust 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AZ-İ seriyalı, 114653 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X8 20 yanvar 2005-ci il tarixdə ölmüşdür.

2. 3 iyun 2013-cü il tarixli, İBQ13-1518/2 nömrəli “Sonrakı ipoteka müqaviləsi”ndən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankında ipoteka ilə yüklü edilmiş "xxxx" MMC-yə mülkiyyət hüququ ilə məxsus, Quba şəhəri, Quba-Bakı magistral yolunun 4-cü km-liyi ünvanında 9,9 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.721,9 kv.m olan əmlak kompleksi kimi müəssisə (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli, **********72-12301 reyestr nömrəli, 20 fevral 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ipoteka predmetidir.

3. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 4 iyul 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72-12301 reyestr nömrəli çıxarışdan görünür ki, Quba şəhəri, Quba-Bakı magistral yolunun 4-cü km-liyi ünvanında yerləşən 9,9 ha torpaq sahəsi və üzərində yerlşən əmlak kompleksi kimi müəssisə üzərində "xxxx" MMC-nin hüququ Azərbaycan Respublikası Mərkəzi Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. Quba Rayon Məhkəməsinin 1 sentyabr 2021-ci il tarixli, 2(027)-1207/2021 nömrəli qətnaməsi ilə xx xxxxxx 1984-cü il tarixdə anadan olmuş İddiaçı4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

5. Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti başçısının 11 noyabr 2021ci il tarixli, 103 nömrəli sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan xx xxxxxx 1984-cü il təvəllüdlü İddiaçı4 üzərində qardaşı İddiaçı3 qəyyum təyin edilmişdir.

6. 29 dekabr 2021-ci il tarixli, 05/Q-652-70 nömrəli Quba rayon “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinin arayışından görünür ki, X14 və X3 nikah haqqında 3 noyabr 2019-cu il tarixli, 1032 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə - Orucov, arvada – Orucova soyadları verilmişdir.

7. 8 yanvar 2022-ci il tarixli, 2V-25, 2V-26, 2V-27, 2V-28 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərindən görünür ki, 20 yanvar 2005-ci il tarixdə vəfat etmiş X5 vərəsələri İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4dur, hər biri miras əmlakdan ¼ hissədə pay almalıdırlar. Miras əmlak JN 667 KOD 30301004 Dövlət Aktına əsasən Quba şəhərində yerləşən 1 ha torpaq sahəsi olaraq göstərilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 9 avqust 2022-ci il tarixli, **********63 nömrəli məktubu ilə Quba Rayon Məhkəməsinə göndərilmiş mütəxəssis rəyindən görünür ki, JN-667 KOD 30301004 saylı Dövlət X2, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X6 məxsus 1 ha torpaq sahəsinin 667L ilə işarələnmiş 0,5216 ha torpaq sahəsi tam olaraq, 667K ilə işarələnmiş 0,165 ha torpaq sahəsinin isə 0,10 ha hissəsi X18 Kompleksi tərəfindən istifadə olunur.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 24 yanvar 2024-cü il tarixli, 3-21-3-34/2-KOL-019-8/2022 nömrəli İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 göndərilmiş məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba şəhərində yerləşən 1 ha torpaq sahəsinə dair "xxxx" MMC-nin mülkiyyət hüququnu təstiq edən **********72-12301 reyestr nömrəli dövlət reyestrindən verilmiş çıxarışın, Azərbaycan Respublikası Mərkəzi Bankın mülkiyyət hüququnu təstiq edən **********06, **********07 və **********16-12101 reyestr nömrəli dövlət reyestrindən verilmiş çıxarışların onlara aid olan hissəsində ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 1 may 2024-cü il tarixli, 3-21-3-34/2-4575/2024 nömrəli məktubundan görünür ki, "xxxx" Naxçıvan filialının adına olan JN 865 (KOD ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyat kitablarında qeydiyyatdan keçməmiş, elektron baza (DVJ) məlumatlarında öz əksini tapmamışdır.

11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 24 iyul 2025-ci il tarixli, 3-21-3-34/2-Ə-01xx-xx/2025 nömrəli məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba şəhərində yerləşən 9,90 ha torpaq sahəsinə dair "xxxx" MMC Naxçıvan filialının adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən hazırlanmış JN-865 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın, onun əsasında mülkiyyət hüququnu təstiq edən dövlət reyestrindən **********72-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın JN 667 KOD 30301004 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 667L nömrəli planşetində qeyd olunan 0,5216 ha və 667K nömrəli planşetində qeyd olunan 0,165 ha torpaq sahələri ilə üst-üstə düşən hissədə ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Qeyd edilmişdir ki, ərizədə qeyd olunan **********72-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış, torpaq sahələrinin birləşməsi nəticəsində yeni reyestr nömrəsi yarandığı üçün ərazi idarəsinin sistemində əks olunmur.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 8 iyun 2023-cü il tarixli, 3-21-3-34/2-7634/2023 nömrəli məktubundan görünür ki, Quba şəhəri, Quba-Bakı magistral yolunun 4-cü km-liyində yerləşən əmlak kompleksi kimi müəssisəyə hal-hazırda 8 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********16-12101 reyestr nömrəli çıxarışla Azərbaycan Respublikası Mərkəzi Bankına məxsusdur. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 8 iyul 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16-12101 reyestr nömrəli çıxarışdan görünür ki, Quba şəhərində yerləşən əmlak kompleksi kimi müəssisə dövlət mülkiyyətində, 12,81 ha torpaq sahəsi Azərbaycan Respublikası Mərkəzi Bankının xüsusi mülkiyyətindədir; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 20 fevral 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72-12301 reyestr nömrəli çıxarışdan görünür ki, Quba şəhəri, Quba-Bakı magistral yolunun 4-cü km-liyi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə və 9,9 ha torpaq sahəsi "xxxx" MMCnin xüsusi mülkiyyətindədir; - Azərbaycan Respublikası Quba Rayonu İcra Hakimiyyəti başçısının 18 iyul 2002-ci il tarixli, 101 nömrəli sərəncamından görünür ki, "xxxx" MMC-nin Naxçıvan filialına, Quba- Bakı avtomobil yolunun sağ hissəsində həmin filiala məxsus 9,9 ha torpaq sahədə idman kompleksinin tikintisinə icazə verilmişdir. - Azərbaycan Respublikası Quba Rayonu İcra Hakimiyyəti başçısının 27 fevral 2004-cü il tarixli, 48 nömrəli “Quba şəhərində inşa edilmiş Olimpiya İdman Kompleksinin istismara qəbul edilməsi üçün komissiyanın yaradılması barədə” sərəncamı. - 12 mart 2004-cü il tarixli “Tikinti-quraşdırma işləri başa çatmış obyektinin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının Aktı”. - 3 iyul 2003-cü il tarixli, JN 0865, KOD 30301004 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba Rayonu Dövlət Notariat Kontorunun 22 may 2003-cü il tarixli, 4-ə-15 saylı qərarı ilə 9,9 ha torpaq sahəsi "xxxx" Naxçıvan filialının mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xaçmaz Ərazi İdarəsinin Quba şəhəri, Quba-Bakı magistral yolunun 4-cü km-liyi ünvanında yerləşən olimpiya idman kompleksinə dair texniki pasport.

13. Azərbaycan Respublikası Dövlət X9 17 oktyabr 2023-cü il tarixli, 3-48-DA-6F/2- 14xx-xx/2023 nömrəli məktubu ilə Quba rayonu Zizik bələdiyyəsinin 27 iyul 2004-cü il tarixli, 05 saylı iclas protokolunun surəti göndərilmişdir.

14. Azərbaycan Respublikasının Dövlət Notariat Arxivinin 23 oktyabr 2023-cü il tarixli, 3165/6-11-7863/23 nömrəli məktubundan görünür ki, dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən qeyd olunan şəxslərin adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, arxivə təhvil verilmiş 4Ə-15 reyestr nömrəli müqavilənin Quba rayon dövlət notariat ofisində 22 yanvar 2003-cü il tarixdə digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir.

15. Azərbaycan Respublikasının Dövlət Notariat Arxivinin 4 dekabr 2023-cü il tarixli, 3165/6-11-9522/23 nömrəli məktubu ilə qoşma şəklində göndərilmiş 22 yanvar 2003-cü il tarixli, 4-Ə-15 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X4 şəhəri, Q.İsmayılov küçəsi 47 ünvanda yerləşən yaşayış evini X1.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri:

16. İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4 (bundan sonra – “iddiaçılar”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-186F KOD 30301004 nömrəli Dövlət Aktına əsasən iddiaçılara aid 0,52 ha və 0,16 ha torpaq sahələrinin yerləşdiyi ərazinin də daxil olduğu "xxxx" (Trayding) MMC-nin adına verilmiş RX ******* seriyalı, **********72-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 20 fevral 2013-cü il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddia tələbi işin hallarına istinad edərək onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 5 may 2000-ci il tarixli, 5 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-186F KOD 30301004 nömrəli Dövlət Aktına əsasən iddiaçılara kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 0,31 ha, 0,52 ha və 0.16 ha olmaqla üç hissədən ibarətdir. Torpaq sahəsinin 0,31 ha olan hissəsi “Leyla Şıxlinskaya” adlanan ərazinin yaxınlığında, digər iki sahə isə birbirinə yaxın olmaqla Quba şəhərinin girəcəyində Quba Olimpiya Kompleksinin ərazisində yerləşir. Torpaq sahələri paylanan ilk vaxtlarda torpaq sahəsindən iddiaçılar tərəfindən istifadə edilsə də, sonradan ailə başçısı X8 vəfat etdiyindən, İddiaçı4 ruhi xəstə olduğundan, İddiaçı3 böyrək çatışmamazlığından əziyyət çəkdiyindən Quba şəhərində yaşadıqları üçün həmin torpaq sahələrini tərəflərindən istifadə edilməmişdir. Lakin bir müddət tanışlarına torpaq sahələrindən istifadə üçün icazə vermiş, onlar da iddiaçılara torpaq sahələrində istifadəyə görə müəyyən məbləğdə pul ödəmişlər. Bir müddətdən sonra iddiaçılar ümumiyyətlə torpaq sahələrinə gedib-gələ bilməmişdirlər. İddiaçı3 böyrək çatışmamazlığı daha da şiddətləndiyindən, dializlər heç bir nəticə vermədiyindən təcili əməliyyat üçün pul ehtiyyacı yaranmışdır. Torpaq sahəsinin bir hissəsini sataraq əməliyyat üçün lazım olan pulun bir hissəsini düzəltmək qərarına gəlmişdirlər. Bu məqsədlə JN- 186F KOD 30301004 nömrəli Dövlət Aktında payı olan vəfat etmiş X7 X20 xidmət mərkəzinin Notariat ofisində vərəsəlik açaraq 8 yanvar 2021-ci il tarixdə (2V-25, 2V-26, 2V-27, 2V-28) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. Bundan sonra torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdehə daxil olmuş 8 yanvar 2022-ci il tarixli, **********, ********** qeydiyyat nömrəli ərizələrə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Bundan sonra “Leyla Şıxlinskava” adlanan ərazinin yaxınlığında yerləşən 0,31 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarış gəlmiş, digər iki sahə ilə bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilməsi üçün əsas olmuş JN-667 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 667 K 667 L nömrəli planşetlərində göstərilən 1650,00 və 5216,50 kv.m torpaq sahələri elektron məlumat bazasında olan xəritəyə əsasən X18 Kompleksinin ərazisinə düşdüyündən müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də torpaq sahələrinin texniki göstəricilərini əks etdirən torpaq sahələrinin planı və ölçülərinin hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Qeyd edilir ki, iddiaçılar onlara məxsus torpaq sahəsinin 0,16 ha və 0,52 ha hissələrinin yalnız indi X18 Kompleksinin ərazisinə düşdüyünü bilmişdirlər. Yuxarıda qeyd edildiyi kimi, iddiaçılar həmin ərazinin yaxınlığında olan torpaq sahəsindən istifadə etmişdirlər. Belə ki, Aqrar İslahat zamanı həmin ərazinin onlara məxsus olduğu bildirilmiş və göstərilmişdir. Bundan sonra iddiaçılar cavabdeh X18 Kompleksinə qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edilmişdir. Quba Rayon Məhkəməsinin qərardadı ilə torpaq sahənin zəbt edilib-edilməməsinin müəyyən edilməsi üçün iş üzrə mütəxəssis və ekspert rəyinin alınması üçün ekspertiza təyin edilmişdir. Cavabdehin 9 avqust 2022-ci il tarixli mütəxəssis rəyində JN-667 KOD 30301004 saylı Dövlət X2 və iddiaçılara məxsus 1 ha torpaq sahəsinin 667L ilə işarələnmiş 0,5216 ha torpaq sahəsi tam olaraq 667K ilə işarələnmiş, 0,165 ha torpaq sahəsinin isə 0,10 ha hissəsi cavabdeh tərəfindən istifadə olunduğu qeyd edilmiş və rəyə sxem əlavə olunmuşdur. Həmin rəy Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinə göndərilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 oktyabr 2022-ci il tarixli, 10/6008 saylı ekspert rəyində eyni məsələ yəni onlara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi öz əksini tapmışdır. Rəydə iddiaçılara məxsus torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mərkəzi Bankı göstərilmişdir. İş üzrə icraat təzələnmiş və Mərkəzi Bank işə cəlb olunmuşdur. Mərkəzi Bank iddiaya etiraz vermiş və torpaq sahəsinin hazırda onlara məxsus olduğunu bildirmişdir. Eyni zamanda, Mərkəzi Bank bildirmişdir ki, həmin torpaq sahəsi "xxxx" MMC-yə məxsus olmuş, sonradan borc öhdəliyinin təminatı qismində 3 mart 2013-cü ildə sonrakı ipoteka müqaviləsinə əsasən Mərkəzi Banka ipoteka ilə yüklü edilmişdir. Bundan sonra vəkil vasitəsilə sorğu verərək Mərkəzi Bankın adına olan çıxarışın nə vaxt alınması və həmin çıxarışın verilməsinə əsas olan sənədlər barədə məlumat almaq isləsələr də, iddiaçılara yalnız çıxarışların reyestr nömrəsi göstərilməklə məlumat verilmiş, sorğuları ətraflı cavablandırılmamışdır. İddiaçılara məxsus torpaq sahəsinin də yerləşdiyi əraziyə "xxxx" MMC-yə Dövlət reyestrindən RX seriya ilə ******* reyestr nömrəsi, **********72-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 20 fevral 2013-cü il tarixli çıxarış alınmışdır. Lakin iddiaçılar torpaq sahəsini heç kimə satmamışdırlar. Onlar torpaq sahəsini satmadığı halda, cavabdehin onlara məxsus ərazinin də olduğu torpaq sahəsinə "xxxx" MMC-yə dövlət reyestrindən hansı formada və nəyin əsasında çıxarışın verilməsi sual altındadır. İddiaçılar həmin çıxarışın ləğv edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən verilmiş imtina məktubunda çıxarışın yalnız məhkəmənin qərarı əsasında ləğv edilə biləcəyi qeyd edilmişdir. Ona görə də inzibati qaydada məhkəməyə müraciət edilir.

18. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Böyük palatanın Broniovski Polşaya qarşı” iş üzrə 22 iyun 2004-cü il tarixli, “Böyük palatanın Skordino İtaliyaya qarşı” iş üzrə 29 mart 2006-cı il tarixli Qərarlarına, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55, prosessual hüquqi əsası kimi isə İPM-in 32-ci maddələrinə istinad olunmuşdur.

19. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, "xxxx" Naxçıvan filialın adına verilmiş “Torpağa mülkiyyət hüququna dair JN-865 KOD 30301004 saylı Dövlət Aktının, onun əsasında aparılmış qeydiyyatın və "xxxx" MMC-nin adına Quba şəhəri, Quba-Bakı magistralı yolunun 4-cü kilometrliyində yerləşən 9,90 ha torpaq sahəsinə dair verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən verilmişir 20 fevral 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72-12301 reyestr nömrəli çıxarışın iddiaçılara məxsus “Torpağa mülkiyyət hüququna dair” JN-667 KOD 30301004 saylı Dövlət Aktına əsasən (planşet 6671 ilə işarənlənmiş) 0,5216 ha və (planşet 667K ilə işarələnmiş) 0,165 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 20 avqust 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

20. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

21. Məhkəmənin 14 mart 2023-cü il tarixli, 2-1(118)-2509/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “dövlət aktının və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi” tələbinə dair iş üzrə "xxxx" MMC (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.

22. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı cavabdehin etirazın dəlilləri:

23. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmiş, imtina məktubunun (§9) əsaslarına istinad edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

24. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4, 9.1.2, 16.6-cı maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxsin səlahiyyətli nümayəndəsi iştirak etməmişdirlər.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

27. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

28. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin və üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

29. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq cavabdeh orqan tərəfindən mübahisələndirilən dövlət aktının qeydiyyata alınmadığı barədə məlumatın verildiyini, iddiaçıların dövlət aktının üç hissədən ibarət olduğunu, bir hissəsinə dair çıxarışın əldə etdiyini, iddiaçıların həmin ərazinin, yəni X18 Kompleksinin yaxınlığında olan torpaq sahəsindən istifadə etdiklərini, həmin ərazinin iddiaçılara məxsus olduğunu, daha sonra iddiaçıların X18 kompleksinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun həyata keçirilməsində yaranan maneələrin aradan qaldırılması və torpaq sahəsindən çıxarılma ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etdiklərini, Quba Rayon Məhkəməsinin qərardadı ilə torpaq sahəsinin zəbt edilibedilməməsi ilə bağlı ekspert və mütəxəssis rəyinin alınması üçün ekspertiza təyin edildiyini və iddiaçılara məxsus torpaq sahəsinin X18 Kompleksi tərəfindən zəbt edildiyinin müəyyən edilməsini, iddiaçılara məxsus torpaq sahəsinin X18 Kompleksinin ərazinə düşdüyünü, ipoteka ilə yüklü olan torpaq sahəsinin Mərkəzi Bank tərəfindən alındığını bildirmiş, məhkəmə təcrübəsinə əsasən, bir şəxsin dövlət aktını ləğv edilmədən, digər şəxsə sənəd verildiyi hallarda vicdanlılığın şamil edilmədiyini qeyd etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

30. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

31. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

32. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

33. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

34. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-)

Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır;

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. (-)

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. (-)

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-)

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-)

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası] Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). (-)

38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

39. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

40. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

c) Məhkəmənin mövqeyi

41. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını nəzərə alaraq, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara mövcud olan qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

42. İddiaçı tərəfin tələbinin əsası kimi qeyd olunmuşdur ki, onlara JN-667 KOD 30301004 saylı Dövlət Aktına əsasən məxsus torpaq sahəsinin 0,16 ha və 0,52 ha hissələri X18 Kompleksinin ərazisinə düşür, həmin ərazi üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq üçüncü şəxsə Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, **********72-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 20 fevral 2013-cü il tarixli çıxarış verilmişdir. Lakin iddiaçılar onlara məxsus torpaq sahəsini heç kimə satmamışdırlar.

43. İddiaçılar tərəfindən X18 Kompleksinə qarşı mülki icraat qaydasında iddia qaldırılmış, Quba Rayon Məhkəməsində işə baxılarkən hazırkı mübahisə predmeti olan torpaq sahəsinə dair 9 avqust 2022-ci il tarixli, **********63 nömrəli mütəxəssis rəyi alınmış, müəyyən edilmişdir ki, JN-667 KOD 30301004 saylı Dövlət Aktına əsasən iddiaçılara məxsus 1 ha torpaq sahəsinin 667L ilə işarələnmiş 0,5216 ha torpaq sahəsi tam olaraq, 667K ilə işarələnmiş 0,165 ha torpaq sahəsinin isə 0,10 ha hissəsi X18 Kompleksi tərəfindən istifadə olunur.

44. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, 3 iyul 2003-cü il tarixli, JN 0865, KOD 30301004 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə 9,9 ha torpaq sahəsi üçüncü şəxsin mülkiyyətinə verilmiş, daha sonra 20 fevral 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə mülkiyyət hüquqları dövlət reyestrdə qeydiyyata alınmışdır.

45. Həmçinin müəyyən edilmişdir ki, üçüncü şəxsə məxsus olmuş mübahisələndirilən torpaq sahəsi borc öhdəliyinin təminatı qismində 3 mart 2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Mərkəzi Bankda ipoteka ilə yüklü edilmiş, borc öhdəliyi icra edilmədiyindən tələbin ipoteka predmetinə yönəldilməsi üçün məhkəməyə müraciət edilmiş və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 dekabr 2017-ci il tarixli, 2(009)- 3996/2017 nömrəli qətnaməsinə əsasən, üçüncü şəxsə məxsus Quba şəhəri, Quba-Bakı magistral yolunun 4-cü kilometrliyində yerləşən 9,9 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 15.721,9 kv.m olan əmlak kompleksinin açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaiti hesabına ləğv prosesində olan "xxxx" ASC-nin Mərkəzi Bank qarşısındakı borcuna yönəldilməsi qət edilmişdir.

46. Torpaq sahəsi 8 iyul 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********16-12101 reyestr nömrəli çıxarışa əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının xüsusi mülkiyyətindədir.

47. Daha sonra, kompleks rayonun sosial-iqtisadi həyatında mühüm əhəmiyyətli obyekt kimi nəzərdə tutulduğundan orada aparılan rekonstruksiya işləri əlavə torpaq sahəsinin alınması zərurəti yaratmışdır. Bu səbəbdən Mərkəzi Bank tərəfindən 9,9 ha torpaq sahəsi ilə sərhəddə olan digər torpaq sahələri də alınmış və ümumi sahəsi 12,81 ha təşkil edən əraziyə 7 iyun 2021-ci il tarixdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti müvafiq tərəfindən plan-xəritə təsdiq edilmişdir.

48. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Quba Rayonu İcra Hakimiyyəti başçısının 18 iyul 2002-ci il tarixli, 101 nömrəli sərəncamı ilə idman kompleksinin tikintisinə icazə verilmiş, inşa edilmiş Olimpiya İdman Kompleksinin istismara qəbul edilməsi üçün komissiya yaradılmış və 11 oktyabr 2003-cü il tarixdə tikintisi başa çatdırılmış Olimpiya İdman Kompleksinin açılış mərasimi keçirilmişdir.

49. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qəaraında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyridəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.

50. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

51. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

52. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar