Məhkəmə qərarları › İş №2-1(118)-1610/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1610/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1610/2021 25.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi , X1 Mövlətxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 22.06.2021-ci il tarixli “Sumqayıt Bələdiyyəsinin bəzi torpaq icarə müqavilələrinin etibarsız hesab edilməsi haqqında” qərarı ilə qəbul edilmiş 10 saylı protokolunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanununa zidd olduğundan ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iddia qaldıraraq Sumqayıt Bələdiyyəsinin 22.06.2021-ci il tarixli “Sumqayıt Bələdiyyəsinin bəzi torpaq icarə müqavilələrinin etibarsız hesab edilməsi haqqında” qərarı ilə qəbul edilmiş 10 saylı protokolunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanununa zidd olduğundan ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 22 iyun 2021-ci il tarixli Qərarı ilə (Protokol №10) Sumqayıt Bələdiyyəsi ilə vətəndaş İddiaçı arasında 2018ci ilin oktyabr ayında bağlanmış 93, 94, 95 və 96 saylı torpaq icarə müqavilələri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun tələblərinə cavab vermədiyi səbəbindən etibarsız hesab edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, iddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında 93, 94, 95 və 96 saylı icarə müqavilələri bağlanarkən müqavilələr bağlanmamışdan öncə bələdiyyə tərəfindən qərar qəbul edilməli, müvafiq rəylər alınmalı və bələdiyyənin mülkiyyət hüququ qeydiyyatdan keçdikdən sonra hərracın keçirilməsi təşkil edilməli idi. Lakin tərəflər arasında icarə müqavilələri bağlanarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.5-ci maddəsinin tələbləri gözlənməmişdir. İddiaçı “Sumqayıt Bələdiyyəsinin bəzi torpaq icarə müqavilələrinin etibarsız hesab edilməsi haqqında” 22 iyun 2021-ci il tarixli qərarının 10 saylı Protokolunu əsassız hesab edir. Beləki, adı çəkilən qanunun 6.6-cı maddəsinə əsasən torpaq sahəsini icarəyə götürmək məqsədilə Sumqayıt Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt Bələdiyyəsi Sumqayıt şəhər İH-ti başçısının 16.06.2017-ci il tarixli 124 saylı sərəncamı və Sumqayıt Bələdiyyəsinin mövqe planı əsasında iddiaçı ilə Sumqayıt şəhəri, Sülh küçəsi, “Karvan” ticarət Mərkəzinin ətrafında yerləşən, ümumi sahəsi 5,61 kv.m torpaq sahəsinin müvəqqəti istifadəyə görə 01.10.2018-ci ildə 93 saylı, Sumqayıt “Asan xidmət” Mərkəzinin qarşısında yerləşən 5,61 kv.m torpaq sahəsinə görə 01.10.2018-ci ildə 94 saylı, Sumqayıt şəhər Koroğlu küçəsi, SDU-nin 2- ci korpusunun qarşısında 5,61 kv.m torpaq sahəsinə görə 95 saylı və Sumqayıt şəhəri, 45-ci məhəllə, Pioner ticarət mərkəzinin yanında 5,61 kv.m torpaq sahəsinə görə 96 saylı torpaq icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələr 01.10.2018-31.12.2021-ci il tarixinə bağlanmışdır. İddiaçı, icarəyə götürülən torpaqlara görə icarə haqqını vaxtında ödəmişdir. Tərəflər arasında bağlanmış icarə müqavilələri Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt İH-i Başçısının 16.06.2017-ci il tarixli 124 saylı sərəncamına və Sumqayıt Bələdiyyəsinin mövqe planına əsasən icarəyə verilmişdir. “İcarəçi” kimi iddiaçı hər hansı qanun pozuntusuna yol verməmişdir. Buna görə də hesab edir ki, Sumqayıt Bələdiyyəsinin 22.06.2021-ci il tarix]i qərarı ilə qəbul edilmiş 10 saylı Protokol “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanununa zidd olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 5.1-ci maddəsinə əsasən “Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadə mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur’’. Həmin qanunun 6.2-ci maddəsinə əsasən “Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir’’. AR İMP-nin 32.1-ci maddəsinə görə “Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər”. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə “İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə məxsusdur. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirdiyi - Sumqayıt şəhəri, Sülh küçəsi “Karvan” ticarət mərkəzinin yanında yerləşən, sahəsi 5.61 kv.metr olan, “Asan Xidmət” mərkəzinin qarşısında yerləşən, sahəsi 5.61 kv.metr olan, Koroğlu küçəsi, SDU-nin 2-ci korpusunun qarşısında 5.61 kv.metr olan, və 45-ci məhəllə “Pioner” ticarət mərkəzinin yanında 5.61 kv.metr torpaq sahəsi mülkiyyətçisi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələridir və bələdiyyənin ehtiyat torpaq fondunun torpağı kimi nəzərdə tutulmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2. maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 6.5 maddəsində qeyd olunur ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Yuxarıda qeyd olunan qanun normalarından aydın görünür ki, icarə müqaviləsi bağlanmamışdan öncə bələdiyyə tərəfindən qərar qəbul edilməli, müvafiq orqanlardan rəylər alınmalı və bələdiyyənin mülkiyyət hüququ qeydiyyatdan keçdikdən sonra bələdiyyə ilə vətəndaş arasında torpaq icarə müqaviləsi imzalana bilərdi. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin “Sumqayıt Bələdiyyəsinin bəzi torpaq icarə müqavilələlərinin etibarsız hesab edilməsi haqqında” 22 iyun 2021-ci il tarixli 10 saylı Protokol Qərarına əsasən Sumqayıt Bələdiyyəsi ilə vətəndaş İddiaçı arasında 2018-ci ilin oktyabr ayında bağlanmış 93, 94, 95, 96 saylı torpaq icarə müqavilələri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə cavab vermədiyi səbəbindən eitbarsız hesab edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16.06.2017-ci il tarixli 124 saylı sərəncamı və Sumqayıt Bələdiyyəsinin mövqe planı əsasında İddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında Sumqayıt şəhəri, Sülh küçəsi, “Karvan” ticarət Mərkəzinin ətrafı ərazində yerləşən yerləşən, ümumi sahəsi 5,61 kv.m torpaq sahəsinin müvəqqəti istifadəyə görə 01.10.2018-ci il tarixli 93 saylı, Sumqayıt şəhəri, Bakı küçəsi, avtovağzalın qarşısı ərazində yerləşən yerləşən 5,61 kv.m torpaq sahəsinə görə 01.10.2018-ci il tarixli 94 saylı, Sumqayıt şəhər Koroğlu küçəsi, Sumqayıt Dövlət Universitetinin (ikinci korpus) qarşısı ərazində yerləşən 5,61 kv.m torpaq sahəsinə görə 95 saylı və Sumqayıt şəhəri, 45ci məhəllə, N.Nərimanov küçəsi, Pioner ticarət mağazasının ətrafı ərazində yerləşən 5,61 kv.m torpaq sahəsinə görə 96 saylı torpaq icarə müqavilələri bağlanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin 22.06.2021-ci il tarixli “Sumqayıt Bələdiyyəsinin bəzi torpaq icarə müqavilələrinin etibarsız hesab edilməsi haqqında” qərarı ilə qəbul edilmiş 10 saylı protokolunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanununa zidd olduğundan ləğv edilməsini istəyir. İddiaçı qeyd edir ki, icarəyə götürülən torpaqlara görə icarə haqqını vaxtında ödəmişdir. Tərəflər arasında bağlanmış icarə müqavilələri Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt İH-i Başçısının 16.06.2017-ci il tarixli 124 saylı sərəncamına və Sumqayıt Bələdiyyəsinin mövqe planına əsasən icarəyə verilmişdir. “İcarəçi” kimi iddiaçı hər hansı qanun pozuntusuna yol verməmişdir. Buna görə də hesab edir ki, Sumqayıt Bələdiyyəsinin 22.06.2021-ci il tarix]i qərarı ilə qəbul edilmiş 10 saylı Protokol “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanununa zidd olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən:

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.

2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.

3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).

4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Qanunun 75-ci maddəsinə əsasən:

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.

2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir.

3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir.

4. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə bilərlər.

5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar. İcarə haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması

1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Yuxarıda sadalanan hüquq normalarından göründüyü kimi, qanunvericilikdə torpaq icarəsi ilə əlaqədar yaranan münasibətlərə xitam verilməsi üçün tərəflərin razılığı olmadığı halda məhkəməyə müraciət edilməsi bir qayda olaraq müəyyən olunur. Məhkəmə hesab edir ki, bələdiyyə tərəfindən sözügedən icarə müqavilələrinin inzibati akt qəbul etmək yolu ilə birtərəfli qaydada ləğv edərək, etibarsız hesab etmək səlahiyyəti olmamışdır. Həmin müqavilələr mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə edilərək, məhkəmə qaydasında ləğv edilə və ya etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Sumqayıt Bələdiyyəsinin 22.06.2021-ci il tarixli “Sumqayıt Bələdiyyəsinin bəzi torpaq icarə müqavilələrinin etibarsız hesab edilməsi haqqında” 10 saylı protokol qərarı ləğv edilməlidir. Tərəflərə izah edilsin ki, qeyd edilən müqavilələr mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə edilərək, məhkəmə qaydasında ləğv edilə və ya etibarsız hesab edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

İddia təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 22.06.2021-ci il tarixli “Sumqayıt Bələdiyyəsinin bəzi torpaq icarə müqavilələrinin etibarsız hesab edilməsi haqqında” 10 saylı protokol qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar