Məhkəmə qərarları › İş №2-1(118)-1611/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1611/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1611/2025 21.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN 769 KOD 30209108 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Xaçmaz rayonu Ağyazı-Buduq kəndi ərazisində yerləşən İddiaçı məxsus 0.29 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək JN 769 KOD 30209108 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Xaçmaz rayonu Ağyazı-Buduq kəndi ərazisində yerləşən İddiaçı məxsus 0.29 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçıya Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il. 12 saylı qərarına uyğun olaraq 03 mart 1997-ci il tarixdə JN-769 nömrəli (Kod: ********) seriyalı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktına əsasən 0.29 hektar pay torpaq sahəsi verilmişdir. Hal-hazırda da həmin torpaq sahəsi onun istifadəsindədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, torpaq sahəsini kənd təsərrüfatı məqsədilə istifadə etdiyini, çıxarışı olmadığı üçün subsidiya ala bilmədiyini qeyd etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ərizənizə əlavə olunmuş, JN-769 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitablarında qeydiyyata alınmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: JN 769 KOD 30209108 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 saylı qərarı ilə İddiaçı Versəl oğluna 0.29 ha torpaq sahəsi verilmişdir. Xaçmaz rayon X1 03 iyun 2024-cü il tarixli 10 saylı arayışında qeyd edilmişdir ki, Xaçmaz rayonu Aqrar İslahatı Komissiyasının 30 dekabr 1996-eı il, 12 saylı qərarına uyğun olaraq 03 mart 1997-ci il tarixdə JN-769 nömrəli, (Kod: ********) seriyalı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktına əsasən 0,29 hektar pay torpağı verilmişdir. Həmin torpaq sahəsi hal- hazırda onun istifadəsindədir. Qeyd olunan torpaq sahəsi Xaçmaz rayonu, X1 ərazisində yerləşir. Torpağa görə bələdiyyəyə olan vergi borcları ödənilmiş, hazırda bələdiyyəyə heç bir vergi borcu yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Xaçmaz rayon Dövlət Arxivinin 31 iyul 2024-cü il tarixli məktubu ilə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 12 protokolunun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 02 avqust 2024-cü il tarixli məktubu ilə JN 769 KOD 30209108 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının arxiv surəti məhkəməyə təqdim edilmişdir. Cavabdehin 16 aprel 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-769 saylı, 30209108 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na əsasən Xaçmaz rayonu Ağyazıbuduq kənd sakini İddiaçı ayrılmış, Xaçmaz rayonu, Ağyazıbuduq kəndində yerləşən 0.29 ha torpaq sahəsinin kateqoriyası torpağların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində və baza (DWJ) məlumat bazasında olan xəritəyə əsasən həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir. Kommunikasiya xətləri keçmir, müayinə zamanı mübahisə qeydə alınmayıb. İddiaçının faktiki naturada istifadəsində 0.29 ha torpaq sahəsi təşkil edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, 03 mart 1997-ci il tarixdə JN-769 nömrəli, (Kod: ********) seriyalı «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktına əsasən Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il, 12 saylı qərarı ilə iddiaçıya 0,29 hektar pay torpağı verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ərizənizə əlavə olunmuş, JN-769 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitablarında qeydiyyata alınmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Göründüyü kimi torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikasının Torpaq İslahatı haqqında Qanununa əsasən: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 02 avqust 2024-cü il tarixli məktubu ilə JN 769 KOD 30209108 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının arxiv surəti məhkəməyə təqdim edilmişdir. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 02 avqust 2024-cü il tarixli məktubunda Xaçmaz rayonunun Ağyazı-Buduq kəndi, keçmiş “Yergüc” təsərrüfatı üzrə ilkin (1996-cı il üzrə) islahat sənədlərinin "xxxx" MMC-nin arxivinə təhvil verilmədiyindən JN-769 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın verilməsinə əsas olmuş sənədlərin araşdırılmasının mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Xaçmaz rayon Dövlət Arxivinin 31 iyul 2024-cü il tarixli məktubu ilə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 12 protokolunun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd edilən qərarda iddiaçının adı qeyd edilməsə də, qərarın 52-ci bəndindən görünür ki, Yergüc sovxozu üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahılarının hazırlanması və həmin ərazidə dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və özəlləşdiriləcək torpaq sahələrinin dəqiqləşdirilməsi barədə, Yergüc İƏV-də yerləşən kəndlər üzrə (cəmi 10 kənd) torpaq payı alacaq vətəndaşların siyahılarının təsdiq edilməsi barədə (cəmi 9015 nəfər) və Yergüc İƏV üzrə bələdiyyələrin ehtiyat fonduna və kəndlərin perspektiv inkişafı üçün 140 ha torpaq sahəsinin ayrılması barədə YAİK-nın bir sıra qərarları təsdiq edilmişdir. Cavabdehin 16 aprel 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-769 saylı, 30209108 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” na əsasən Xaçmaz rayonu Ağyazıbuduq kənd sakini İddiaçı ayrılmış, Xaçmaz rayonu, Ağyazıbuduq kəndində yerləşən 0.29 ha torpaq sahəsinin kateqoriyası torpağların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində və baza (DWJ) məlumat bazasında olan xəritəyə əsasən həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlarına aiddir. Kommunikasiya xətləri keçmir, müayinə zamanı mübahisə qeydə alınmayıb. İddiaçının faktiki naturada istifadəsində 0.29 ha torpaq sahəsi təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinasını əsaslandırdığı hal – “Dövlət Aktının” Dövlət Aktlarının qeydiyyatı kitablarında qeydiyyata alınmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 02 avqust 2024-cü il tarixli məktubu ilə JN 769 KOD 30209108 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının arxiv surəti məhkəməyə təqdim edildiyindən həmin sənədin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir hal müəyyən edilmir. Bundan əlavə JN-769 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda iddiaçının ata adı “Versəl” kimi qeyd edilsə də, cavabdeh tərəfindən qeyd edilən hal mübahisələndirilməmiş, məhkəmə bu halı texniki səhv olaraq qəbul etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. JN 769 KOD 30209108 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Xaçmaz rayonu Ağyazı-Buduq kəndi ərazisində yerləşən İddiaçı məxsus 0.29 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar