Məhkəmə qərarları › İş №2-1(118)-1612/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1612/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1612/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları X1 hüquqi şəxsə qarşı “xx.xx.2011-ci il tarixli, MA ******* seriyalı çıxarışla Abşeron rayonu Masazir kəndi ərazisində yerləşən 0,3766 ha torpaq sahəsinin 0,27638 ha hissəsinin dəyəri olan 497.572 (dörd yüz doxsan yeddi min beş yüz yetmiş iki) manat kompensassiyanın, kompensassiyanın vaxtında ödənilməməsi nəticəsində əldən çıxmış fayda olaraq 174.150 (yüz yetmiş dörd min yüz əlli) manatın, qiymətləndirilmənin aparılması üçün ödənilmiş 300 manat, həmçinin 300 manat vəkil xəclərinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi“ tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli Seriya MA ******* saylı çıxarışla Abşeron rayonu Masazir kəndi ərazisində yerləşən 0,3766 ha torpaq sahəsi onun mülkiyyətindədir.Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları X1 Hüquqi Şəxsi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi həyata keçirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən ona məxsus 3.766 kv. metr torpaq sahəsindən 2.763,8 kv.metr hissəsi layihələndirilən yolun tikintisi altına düşmüşdür. 2015-ci ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhimdar Cəmiyyətinə müraciətinə cavab olaraq bildirilmişdi ki, yol tikintisinin həyata keçiriləcəyi təqdirdə onun mülkiyyətində olan torpaq sahəsinin tikintiyə düşən hissəsinə dair kompensassiyasının tez bir zamanda ona ödəniləcək. Lakin torpaq sahəsi tikinti altına düşsə də buna baxmayaraq ona məxsus torpaq sahəsinə görə kompensassiya ona ödənilmədi. Məsələyə aydınlıq gətirmək üçün 13 fevral 2018-ci il tarixdə Azərbaycan Avtomobil yolları Dövlət Agetliyinin idarə Heyətinin sədrinə kompensassiyanın ödənilməsi üçün ərizə ilə müraciət etmiş, Azərbaycan Avtomobil yollan Dövlət Agentliyi 27 fevral 2018-ci il tarixli 1-3 16-1303 saylı məktubu ilə torpaq sahəsinin Agentlik tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində 2.763,8 kv. metr hissəsi layihələndirilən yolun tikintisi altına düşdüyü bildirilmişdir. Lakin kompensassiyamn ödənilməsi məsələsi ilə bağlı heç bir qeydləri olmamışdır. Göründüyü kimi bu məsələnin üzərindən artıq uzun illər keçməsinə baxmayaraq, yol tikintisi həyata keçirilmiş, lakin kompensassiya cavabdeh tərəfindən ona hələ də ödənilməmişdir. Vəziyyətin belə olması ona bir sahibkar kimi külli miqdarda ziyan vurmaqla, bütün işlərinə mane olur. Belə ki, həmin dövürdə bu torpaq sahəsini sahibkarlıq fəaliyyəti üçün - anbar, xidmət və ofis sahələri tikərək icarəyə verməklə gəlir əldə etmək üçün almışdır. Hətta torpaq sahəsində aparılacaq tikinti-quraşdırma işləri ilə əlaqədar eskiz layihə də hazırlanmışdı. Həmin ərəfədə torpaq sahəsi yol tikintisi altına düşdüyündən və kompensassiyamn veriləcəyi ümidi ilə bankdan kredit və ayrı-ayrı şəxslərdən borc vəsait alaraq başqa ərazidə torpaq sahəsi almışdır. Lakin verilməli olan kompensassiya verilmədiyindən maddi olaraq çətin vəziyyətə düşmüş, yeni aldığı ərazidə planlaşdırdığı tikinti-quraşdırma işləri bir neçə il yubanmış və banklara götürülmüş kreditlərə görə külli miqdarda faizlər ödəmişdir. Hal-hazırda da yol tikintisi altında qalmış torpaq sahəsinə görə ona kompensassiya ödənilməyib və həmçinin qeyd edilən torpaq sahəsinin onada qalan 1002.2 kv. metr hissəsinə dair yeni çıxarış alaraq oradan istifadə edə bilmir. Bu halla bağlı dəfələrlə şifahi ve ya yazılı müraciətlərinə baxmayaraq cavabdeh tərəfindən torpağa görə kompensassiya ödənilməmiş, hər dəfə müxtəlif bəhanələr gətirildi. Ona görə də məcburiyyət qarşısında qalaraq Məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müraciəti əsasında "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən göründüyü kimi ona məxsus olan Abşeron rayonu Masazir kəndi ərazisində yerləşən 0,3766 ha torpaq sahəsinin 21 iyun 2022-ci il tarixə bazar dəyəri 678.000 (altı yüz yetmiş səkkiz min) manat müəyyən edilmişdir. Bu səbəbdən də 0,3766 ha torpaq sahəsinin 0,27638 ha hissəsinin bu günə bazar dəyəri 497.572 (dörd yüz doxsan yeddi min beş yüz yetmiş iki) manat təşkil edir. Eyni zamanda qeyd edilən kompensassiya məbləği ona vaxtında ödənilmədiyindən bu vəsaitlə görəcəyi işlərə görə, həmçinin kreditlərə görə ödədiyi faizlər səbəbində hesab edir ki cavabdeh tərəfindən ona əldən çıxmış faydanın əvəzi olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən illik 5 % uçot dərəcəsi nəzərə alınmaqla 7 il müddət üçün əlavə olaraq 174.150 (yüz yetmiş dörd min yüz əlli) manat vəsait ödənilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi aşağıdakılara görə əsassızdır: belə ki, vətəndaş İddiaçı məxsus torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən ilkin kadastr planı və ondan çıxarış sənədləri hazırlanmışdır. İlkin hazırlanmış kadastr planından müəyyən edilmişdir ki, mülkiyyətçiyə məxsus 0.3766 ha torpaq sahəsindən 2045.03 m2 hissəsi yolun tikintisi altına düşmüşdür. Hazırda “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yaranmış texniki zərurət ilə əlaqədar yeni tikililərin yolun ayrı-ayrı hissələrində, o cümlədən İddiaçı məxsus olan torpaq üzərində, layihələndirilməsi yenidən aparılır. Odur ki, yeni tikililər yolun Abşeron rayonu, Masazır qəsəbəsindən keçən hissəsinin layihələndirilməsi başa çatdıqdan və müvafiq icra orqanı tərəfindən təsdiq edildikdən sonra yolun tikintisi altına düşən maneələrə (yaşayış, qeyri-yaşayış və torpaq sahəsi) görə kompensasiya məsələsinə baxılacaqdır. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlakın bir hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” avtomobil yolunun layihələndirilməsi və tikintisi” altina düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişdir. İddiaçıya cavab məktubunda bildirilmişdir ki, onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yaranmış texniki zərurət ilə əlaqədar yeni tikililərin yolun ayrı-ayrı hissələrinin layihələndirilməsi yenidən aparılmasına görə və başa çatdıqdan sonra müvafiq icra orqanı tərəfindən təsdiq edildikdən sonra yolun tikintisi altına düşən maneələrə (yaşayış, qeyri- yaşayış və torpaq sahəsi) görə kompensasiya məsələsinə baxılacaqdır. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. Hesab edilir ki, iddiaçıya ünvanlanmış cavab məktubu kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. İddiaçı iddia ərizəsində torpaq sahəsinə görə, vurulmuş ziyanla bağlı, ümumilikdə 672.322 manat kompensasiya ona ödənilməsini tələb etmişdir.Bu məbləğlə razı deyillər, çünki hazırda daşınmaz əmlak (o cümlədən torpaq) bazarında qiymətlərin nəzərə alsaq, Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşən torpağın 672.322 manat qiymət real və ağlabatan görünmür. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 50 İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 689 nömrəli xx.xx.2007-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Həmin ərazidə layihə çərçivəsində yolun tikintisi altına düşən torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 50,4 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabatlar hazırlanmışdır. Yəni həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmış və mülkiyyətçilər həmin qiymətlə tamamilə razılaşmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur.Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, İ-3/16-1193 nömrəli imtina məktubunun surəti, cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli, İ-3/16-1303 nömrəli məktubunun surəti, DƏDRX tərəfindən verilmiş **********24 reyestr nömrəli çıxarışın təsdiqlənmiş surəti, Abşeron rayon 1 saylı Notariat Ofisinin 3075 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 20.1.6-cı maddəsinə əsasən alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə kompensasiya ödəmək öhdəliyini daşıyır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 54.2-ci maddəsinə əsasən kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın bu Qanunun 58-ci maddəsinə əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər, alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər, alınma nəticəsində şəxs yaşayış, həyata keçirdiyi sahibkarlıq fəaliyyətininin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər nəzərə alınır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənişində hər hansı yubadılma ilə hüquqları pozulan şəxs belə kompensasiyanın dərhal ödənilməsinə nail olmaq məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən, iddiaçıya məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş **********24 reyestr nömrəli çıxarış əsasən 0,3766 ha torpaq sahəsi ayrılmışdır.İddiaçıya məxsus torpaq sahəsindən 0.2763 ha hissəsi (cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli, İ-3/16-1303 nömrəli məktub ilə özü etiraf etmişdir) Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. İddiaçı torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli, İ- 3/16-1193 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin hallarından göründüyü kimi iddiaçı dövlət ehtiyacları üçün geri alınan ona məxsus torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya ünvanladığı məktubunda kompensasiyanın ödənilməməsinə əsas kimi sözügedən layihə üzrə tikinti işləri başlanan zaman ziyan ilə bağlı kompensasiya ödənilməsi məsələsinə baxılacaqdır. Göstərilən tarixdən təqribən xeyli müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmış, iddianın mümkünlük şərtlərinə əməl olunmuşdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Belə ki, mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsinə dair qoyulan məsələ ilə bağlı məhkəmə tərəfindən Abşeron rayon 1 saylı Notariat Ofisinə sorğu göndərilmiş və notariat ofisinin 3075 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş alqı-satqı müqavilələrindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Masazır kəndində olan 0.0072 ha torpaq sahəsi 28.600 manata satılmış, xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Masazır kəndində olan 0.0062 ha torpaq sahəsi 35.000 manata satılmış, xx.xx.2023-cü il tarixli, AN-İ N 146101 saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Masazır kəndində olan 0.045 ha torpaq sahəsi 5000 manata satılmışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən üçünü seçməklə, o cümlədən xx.xx.2021-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Masazır kəndində olan 0.0072 ha torpaq sahəsi 28.600 manata (1 sotu 20.059 m) satılmış, xx.xx.2022-ci il tarixli, AN-İ N ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Masazır kəndində olan 0.0062 ha torpaq sahəsi 35.000 manata (1 sotu 21.700 m) satılmış, xx.xx.2023-cü il tarixli, AN-İ N 146101 saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu Masazır kəndində olan 0.045 ha torpaq sahəsi 5000 manata (1 sotu 1.111 m) satılmış alqı-satqı müqavilələri üzrə bir sotunun qiymətini müəyyən etməklə, yəni 1-ci – 0.0072 sot 28.600 manat, 2-ci – 0.0062 sot 35000 manat, 3cü – 10 sot 5000 manat olmaqla, 1 sotun orta qiyməti təqribən (21.700+20.059+1.111=42.870:3=14.290) 14.290 manat edir. İddiaçının mülkiyətində olan torpaq sahəsindən 0.2763 sotu tikinti altına düşüdüyünü nəzərə alaraq torpaq sahəsinin qiyməti 394.832 manat (14.290 x 27.63 = 394.832) təşkil edəcəkdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Notariat ofisi tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələrindən məhz yuxarıda qeyd edilən üç müqaviləyə istinad olunması mübahisəli torpaq sahəsinin infrastruktur baxımından çox əlverişli yerdə yerləşməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçının mülkiyyətində olmuş torpaq sahəsinin sahibkarlıq məqsədi üçün ayrılması, iddiaçı tərəfindən həmin torpaq sahəsində iri anbar binasının inşa edilməsinin nəzərdə tutulması (eskiz lahiyəsi mövcuddur) o, cümlədən həmin ərizinin ətrafında çoxsaylı Sahibkarlıq obyektlərinin (fabrik, zavodlar və s.) mövcud olması torpağın dəyərinin Masazır kəndinin digər ərazilərindən daha yüksək olmasına dəlalət edir. İddia tələbinin torpaq sahəsinin qiymətləndirilməsinin aparılması üçün özəl ekspert şirkətinə ödənilmiş 300 manatın verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mövcud məhkəmə təcrübəsinə əsasən torpaq sahəsinin bazar dəyəri eyni ərazi üzrə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında müəyyən olunduğuna görə və "xxxx" MMC-nin müvafiq qiymətləndirmənin aparılması üçün rəyin torpağın dəyərinin qiymətləndirməsi zamanı nəzərə alınmadığına görə həmin vəsaitin cavabdeh təşkilatdan tutulması yolverilməzdir. Kompensassiyanın vaxtında ödənilməməsi nəticəsində əldən çıxmış fayda olaraq 174.150 (yüz yetmiş dörd min yüz əlli) manatın ödənilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olunan torpaq sahəsinin üzərində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və torpaq sahəsinin yol tikintisi altına düşməsi nəticəsində mənfəətdən məhrum edilməsi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Başqa sözlə desək iddiaçı tərəfindən inşa etdirmək niyyətində olan tikilinin inşa edilərək təyinatı üzrə istifadə edilib gəlir verməsi mücərrəd xarakterlidir.Bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya ona ayrılmış torpaq sahəsinin dövlət ehtiyacları ilə əlaqədar alınması üçün dəymiş maddi ziyan 394.832 manat məbləğindədir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının kompensassiya tələbi ilə bağlı tələbi qismən əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 394.832 (üç yüz doxsan dörd min səkkiz yüz otuz iki) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qismən təmin edildiyinə görə iddiaçı tərəfindən vəkilə hüquqi yardım üçün ödənilən 130 manat puldan 100 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Abşeron rayonu Masazır kəndində yerləşən və yol tikintisi altına düşən 0,2763 ha torpaq sahəsi üçün 394.832 manat məbləğində kompensasiyanın və hüquqi yardım göstərilməsi üçün vəkilə xidmət haqqının əvəzi olaraq ödənilən vəsaitdən 100 manat pulun İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Avtomobil Yolları X1 hüquqi şəxsin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar