Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1619/2021 17.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı X1 xidmətdən xaric olunması barədə Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Vilayət Eyvazovun 29.05.2021-ci il tarixli, Ə 1751ş/h-001-21 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia qaldıraraq X1 xidmətdən xaric olunması barədə Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Vilayət Eyvazovun 29.05.2021-ci il tarixli, Ə 1751ş/h-001-21 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Vilayət Eyvazovun 29.05.2021-ci il tarixli, Ə 1751ş/h-001-21 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmasını məhkəmədən xahiş edir. Göründüyü kimi iddia inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının məhkəmədə mübahisələndirdiyi əmr onun işdən çıxarılması ilə bağlı olmaqla 29.05.2021-ci il tarixdə qəbul edilmişdir. Yuxarıda qeyd ediən normalardan göründüyü kimi onun həmin əmri 30 gün müddətində mübahisələndirmək hüququ olmuşdur, lakin buna baxmayaraq qanunvericilikdə müəyyən olunmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddiası üzrə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini və bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Buna əsas kimi məhkəmədə iddia qaldırmamışdan öncə Daxili İşlər Nazirliyinə şikayət etdiyini, cavab məktubu aldıqdan sonra məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, onun mübahisələndirdiyi əmrlə bağlı, əmri qəbul etmiş inzibati orqana müraciət etməsi həmin əmrin məhkəmədə mübahisələndirilməsi üçün müddətin axımını dayandırmır. Qanunvericilikdə şikayət insatnsiyasına müraciət edildiyi təqdirdə həmin orqanın qəbul etdiyi inzibati aktın təqdim edildiyi vaxtdan 30 gün müddətində məhkəməyə müraciət edilməsi müəyyən edilmişdir. Lakin əmri qəbul edən orqan hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin məqsədləri baxımından şikayət instansiyası hesab olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iddia müddətinin ötürülməsi ilə bağlı göstərdiyi dəlil əsassızdır və müddətin ötürülməsinin üzrlü səbəbi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə, qeyd olunan əmrdən şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi mümkün deyildir. İddiaçının ötürülmüş müddətin bərpasına dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı X1 xidmətdən xaric olunması barədə Azərbaycan Respublikası Daxili İşlər naziri cənab Vilayət Eyvazovun 29.05.2021-ci il tarixli, Ə 1751ş/h-001-21 nömrəli əmrinin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1619/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1619/2021
17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver