Məhkəmə qərarları › İş №2-1(118)-1619/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1619/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1619/2025 19.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı MMC-nin 19 oktyabr 2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 0.3492 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması, dövlət reyesterindən çıxarış və torpağın plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək “İddiaçı MMC-nin 19 oktyabr 2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 0.3492 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması, dövlət reyesterindən çıxarış və torpağın plan-ölçü sənədinin verilməsi xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, 19 oktyabr 2023-cü il tarixində “X2” QSC və İddiaçı MMC (VÖEN: **********) (bundan sonra “PDL”) arasında bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsinə uyğun olaraq “X2” QSC-nin mülkiyyətində olan **********86 reyester nömrəli, ********** qeydiyyat nömrəli 0.3492 ha torpaq sahəsi PDL tərəfindən satın alınmışdır. Buna müvafiq olaraq PDL sözügedən torpaq sahəsi üzərində əmlak hüquqlarının tanınması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4ə müraciət etmişdir. PDL-in müraciətinin nəticəsi olaraq Xaçmaz rayon 5 saylı Ərazi İdarəsinin əməkdaşı Xasay Məmmədov tərəfindən müvafiq torpaq sahəsinə baxış həyata keçirilmiş və baxış zamanı sözügedən torpaq sahəsinin faktiki olaraq 0.175 ha hissəsinin qonşular tərəfindən zəbt edilməsi faktı müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 139-cu, 238-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 19 oktyabr 2023-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 QSC tərəfindən ünvan 1i ünvanında yerləşən 0.3492 ha torpaq sahəsi Providense Doyç MMC-yə satılmışdır. Reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən torpaq sahəsi Gatdigital QSC-nin mülkiyyətində olmuşdur. Cavabdehin 10 fevral 2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məktubda göstərilən xx.xx.2023-ci il tarixli 4Ə-515 nömrəli Baki şəhəri 5 saylı notariat ofisinin notariusu tərəfindən Providense Doyç MMC-nin adına alqı-satqı müqaviləsinə əsasən ünvan 2i ünvanında yerləşən 0.3492 ha torpaq sahəsinə baxış keçirilmişdir və kameral araşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 2i ünvanında yerləşən iddiaçı Providense Doyç MMC- nin mülkiyyətinə verilmiş 0.3492 ha torpaq sahəsinin 0.175 ha hissəsi qonşular tərəfindən istifadə olunur. Torpağların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində qonşu sahə ilə birlikdə göstərilmişdir, iddiaçının torpaq sahəsinin plan-ölçüsünun sənədində olan istiqamətinə uyğun koordinatları təyin olunmuşdur. Qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 08 may 2025-ci il tarixli məktubu ilə reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan alqı-satqı müqaviləsinin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı Notariat Ofisinin 16 may 2025-ci il tarixli 390 saylı məktubu ilə xx.xx.2023-cü il tarixli, 4Ə-515 №li daşınmaz əmlakın alqı-satqı müqaviləsi və ona aid sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, “X2” QSC-nin əvvəlki adı "xxxx" QSC olmuşdur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, İddiaçı MMC-nin 19 oktyabr 2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 0.3492 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması, dövlət reyesterindən çıxarış və torpağın plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, 0.3492 ha torpaq sahəsi faktiki naturada azalaraq 0.175 ha ölçüdə öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, 19 oktyabr 2023-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 QSC tərəfindən ünvan 1i ünvanında yerləşən 0.3492 ha torpaq sahəsi Providense Doyç MMC-yə satılmışdır. Reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən torpaq sahəsi "xxxx" QSC-nin mülkiyyətində olmuşdur. "xxxx" QSC-nin adına 0.3492 ha torpaq sahəsinə dair A№468341 saylı, xx.xx.2020-ci il tarixli plan-ölçü sənədi verilmişdir. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, “X2” QSC-nin əvvəlki adı "xxxx" QSC olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqi əsas mövcuddur. Cavabdehin 10 fevral 2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məktubda göstərilən xx.xx.2023-ci il tarixli 4Ə-515 nömrəli Baki şəhəri 5 saylı notariat ofisinin notariusu tərəfindən Providense Doyç MMC-nin adına alqı-satqı müqaviləsinə əsasən ünvan 2i ünvanında yerləşən 0.3492 ha torpaq sahəsinə baxış keçirilmişdir və kameral araşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 2i ünvanında yerləşən iddiaçı Providense Doyç MMC- nin mülkiyyətinə verilmiş 0.3492 ha torpaq sahəsinin 0.175 ha hissəsi qonşular tərəfindən istifadə olunur. Torpağların elektron kadastrı uçotu informasiya (TEKUİS) sistemində qonşu sahə ilə birlikdə göstərilmişdir, iddiaçının torpaq sahəsinin plan-ölçüsünun sənədində olan istiqamətinə uyğun koordinatları təyin olunmuşdur. Qonşu torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə qeyd edir ki, torpaq sahəsindən qonşular tərəfindən istifadə edilməsi iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Təqdim edilmiş müayinə aktından görünür ki, torpaq sahəsinin plan-ölçü sənədində olan istiqamətinə uyğun koordinatları təyin olunmuş, qonşu torpaq sahələri ilə üst-üstə düşmə halı olmamışdır. Həmçinin məhkəmə sorğusu ilə reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan X1 və "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “İddiaçı MMC-nin 19 oktyabr 2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın notarial alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 0.3492 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması, dövlət reyesterindən çıxarış və torpağın plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar