Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-162/2024 31.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba bələdiyyəsinin 15 aprel 2004-cü il tarixli, 49 saylı qərarı ilə iddiaçıya ayrılmış Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla faktiki istifadəyə uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət XidmətiDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Quba bələdiyyəsinin 15 aprel 2004-cü il tarixli, 49 saylı sərəncamına əsasən iddiaçının aldığı Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, 2004-cü ildə yaşadığı ünvan 1 ünvanında yerləşən ərazidə ona həyətyanı torpaq sahəsi ayrılması üçün ərizə ilə Quba Bələdiyyəsinə müraciət etmişdir. Quba Bələdiyyəsində ərizəyə baxılmış və Bələdiyyənin 15 aprel 2004-cü il tarixli, 49 saylı sərəncamı ilə ona fərdi mənzil tikintisi məqsədilə 0,05 ha torpaq sahəsi ayrılmışdır, 04 may 2004-cü ildə Quba Bələdiyyəsinin hesabına torpağın qiyməti olan 500000 manat məbləğində pulu 507420 saylı kassa mədaxil orderinin qəbzi ilə köçürmüşdür. Bundan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsinin müvafiq arayışı və satılması nəzərdə tutulan torpaq sahəsinin Qoba bələdiyyəsinin mülkiyyətində olması və perspektiv inkişaf fonduna daxil olmaqla həmin məqsəd üçün satılmasının qanunamüvafiqliyi barədə rəyi verilmişdir. Quba Bələdiyyəsinin yuxarıda qeyd olunan qərarı əsasında Quba bələdiyyəsi ərazisindən 0,05 ha torpaq sahəsinin ona satılması barədə 01 iyul 2011-ci il tarixli torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və bu akt Quba rayon torpaq şöbəsində qeydiyyata alınmışdır. Həmçinin aldığı torpaq sahəsinin planı və cizgisi tərtib edilmiş, X10 kitabında 14iyul 2011ci il tarxdə 3050 nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə İddiaçı Quba Bələdiyyəsinin 15 aprel 2004-cü İl tarixli qərarı əsasında qanunla müəyyən edilmiş pulunu ödəməklə Quba Bələdiyyəsinin ərazisindən 0,05 ha torpaq sahəsini almışdır. Torpaq sahəsi sahibliyində və istifadəsindədir. Hal-hazırda həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin 18 avqust 2022-ci il tarixli, **********01 nömrəli cavabı ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdeh təşkilatın mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası ilə razılaşmır, hesab edir ki, ərizənin icrasının qeyri-mümkün hesab edilməsi əsassızdır. Belə ki, o, yuxarıda qeyd etdiyi kimi, bir vətəndaş və Quba şəhər sakini kimi Quba Bələdiyyəsinə torpaq ayrılması məqsədilə müraciət etmişdir, ərizəyə əsasən Quba Bələdiyyəsi 15 aprel 2004-cü il tarixli 49 saylı qərar qəbul etmişdir. Həmin qərar əsasında iddiaçı haqqını ödəməklə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini almışdır. Bu barədə həmin zaman buna səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qürumunun rəyi vardır, alqı-satqı müqaviləsi bağlanmışdır. Sadalanan sərəncam, müqavilə hal-hazırda da qüvvədədir, nüsxələr rayon arxivində də saxlanılır. Belə olduğu təqdirdə 2004-cü ildə tam qanuni əsaslarla aldığı torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin verilməməsini qanunsuz sayır, bununla da cavabdeh təşkilat tərəfindən onun mülkiyyətlə bağlı hüquqları pozulur. İddiaçı bələdiyyə mülkiyyətində olmuş torpaq sahəsi ilə bağlı sənəd rəsmiləşdirən subyekt deyil, qanunla onun üzərinə belə bir vəzifə qoyulmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək Quba bələdiyyəsinin 15 aprel 2004-cü il tarixli, 49 saylı qərarı ilə iddiaçıya ayrılmış Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla faktiki istifadəyə uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı səlahiyyətli nümayəndəsi X2 şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022- ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********01 nömrəli məktubla bildirilmişdir ki: “Təqdim etdiyiniz sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizənizə əlavə olunmuş Quba rayonu, Quba bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 49 saylı qərarı ilə fərdi mənzil tikintisi üçün ayrılmış 0.05 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrindən kənarda yerləşir və bələdiyyənin ehtiyat fondu kimi göstərilmiş əraziyə düşür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Bundan əlavə bildiririk ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etdiyiniz 0.05 ha torpaq sahəsi Quba bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 49 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. Bildiririk ki, həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla ‘Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Qeyd olunan səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. ”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb- düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli orqandır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Quba bələdiyyəsinin 15 aprel 2004-cü il tarixli, 49 saylı qərarı ilə iddiaçıya ayrılmış Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla faktiki istifadəyə uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Quba rayonu, Quba bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 49 saylı qərarı ilə fərdi mənzil tikintisi üçün ayrılmış 0.05 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrindən kənarda yerləşir və bələdiyyənin ehtiyat fondu kimi göstərilmiş əraziyə düşür. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etdiyiniz 0.05 ha torpaq sahəsi Quba bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 49 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. Həmin dövrdə 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla ‘Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi.. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir: İş materialları ilə müəyyən edilir ki, Quba Bələdiyyəsinin 15 aprel 2004-cü il tarixli, 49 saylı Qərarı ilə X1 uzun illərdən bəri Quba şəhərinin Qız bənövşə adlanan ərazisində ailəsi ilə qeyri rəmi olaraq tikdiyi evdə yaşadığını və adına mülkiyyət hüququnu təsdiqləyən heç bir torpaqayırma sənədinin olmamasını nəzərə alaraq yaşadığı evin də yerləşdiyi 500 kv.m torpaq sahəsinin rəsmiləşdirilməsi məqsədəuyğun hesab edilmişdir. 04 may 2004-cü il tarixli, 507420 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən tam şəkil ödənilmişdir. Torpağın alqı-satqısına dair akt 01 iyul 2011-ci il tarixdə tərtib və təsdiq edilmişdir. A № 360514 saylı torpaq sahəsinin planı və ölçüsü X10 kitabında 14 iyul 2011-ci il tarixdə 3049 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Məhkəmənin 02 dekabr 2022-ci il tarixli, 2-1(118)-3093/2022 saylı Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınması qərara alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nədir? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları torpaq sahəsinin plan və ölçüsü sənədinə uyğundurmu, deyilsə hansı hissələrdə uyğun deyil? -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası nədən ibarətdir? -iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarına əsasən digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşürmü? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 may 2023-cü il tarixli, 3-21-3-34/2-6075/2023 saylı məktubu ilə iş üzrə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları torpaq sahəsinin plan və ölçüsü sənədindən fərqlidir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında təyinatı ehtiyat fondu torpaqları, uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarına əsasən digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə torpaq sahəsinin plan və ölçüsü sənədi arasında uyğunsuzluq olsa da faktiki istifadə vəziyyəti üzrə torpaq sahəsi ilə bağlı hərhansı mübahisə mövcud deyildir. Lakin iddiaçının tələbindən də göründüyü kimi o, 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla faktiki istifadəyə uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hüquqları məhdudlaşdırıla bilməz. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Quba bələdiyyəsinin 15 aprel 2004-cü il tarixli, 49 saylı qərarı ilə iddiaçıya ayrılmış faktiki istifasində olan Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır . Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Quba bələdiyyəsinin 15 aprel 2004-cü il tarixli, 49 saylı qərarı ilə iddiaçıya ayrılmış faktiki istifasində olan Quba şəhəri ərazisində yerləşən 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-162/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-162/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver