Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1620/2021 12.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Talıbova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 23.07.2021ci il tarixli **********9112 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi olaraq 08.06.2021-ci il tarixli DVX seriyalı 004482 nömrəli Akt tərtib edilmişdir. Aktda qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində güya həmin obyektdə 8796079,48 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən satıldığı aşkar edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı tərəfindən 23.07.2021-ci il tarixli **********9112 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmiş və həmin qərar əsasında cəmiyyətə 879607,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən qəbul edilnıiş 23.07.2021-ci il tarixli **********9112 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı qanunsuz və əsassız hesab edirlər. Cavabdeh vergi orqanı tərəfindən cəmiyyətə məxsus təsərrüfat subyektində operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və 8976079,48 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilməli olduğu halda elektron qaimə-faktura verilmədən vergi ödəyicilərinə təqdim edilməsi aşkar edilmişdir. İlk öncə qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən operativ vergi nəzarəti keçirilən gün (08.06.2021-ci il tarixdə) cəmiyyətə məxsus obyektdə 8796079,48 manat dəyərində malların satışı həyata keçirilməmişdir. Həmin məbləğ 2020ci ilin fevral ayından yoxlama keçirilən günədək satılan malların dəyəridir ki, həmin mallar pərakəndə ticarət qaydasmda satılmış və malların dəyəri Nəzarət kassa aparatına mədaxil edilmişdir.Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63-cü maddəsinə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 16.1.11-6-cı maddəsinə əsasən bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi (16.1.11-6.1), dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatlan tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi (16.1.11-6.2) və notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi (16.1.11-6.3) istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. 16.1.11-7-ci maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Sadalanan normalardan aydın olduğu kimi, mallar alıcıya son istehlak məqsədi ilə təqdim edildiyi halda həmin fəaliyyət pərakəndə, malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçiin təqdim edildiyi halda isə lıəmin fəaliyyət topdansatış fəaliyyəti hesab edilir. Vergi ödəyicisi malların (işlərin, xidmətlərin) alıcılarına alınan pulun müqabilində pərakəndə ticarət fəaliyyəti zamanı nəzarət-kassa aparatının çekini, topdansatış fəaliyyəti zamanı isə elektron qaimə-faktura təqdim etməyə borcludur. Pərakəndə ticarət fəaliyyəti zamanı elektron qaimə-faktııranın təqdim edilməsi yalnız malın (işin, xidmətin) alıcısı tələb etdiyi halda, məcburi xarakter daşıyır. "xxxx" MMC avtomobil ehtiyyat hissələrinin pərakəndə və topdansatışı fəaliyyəti ilə məşğul olur və malları istehlak məqsədi ilə aldığını qeyd edən şəxslərə nəzarət kassa aparatının çekini, satış məqsədilə aldığını qeyd edən şəxslərə isə elektron qaimə-faktura təqdim etməklə qanunla onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra edir. Buna baxmayaraq cavabdeh vergi orqanı özünü istehlakçı qismində təqdim edən şəxslərə satılmış və dəyəri nəzarət kassa aparatına mədaxil edilmiş malları elektron qaimə-faktura təqdim edilmədən satılmış mallar kimi qiymətləndirmişdir. Halbuki, qanunverici yalnız topdansatış fəaliyyəti zamanı, yəni malı alan şəxs həmin malı sahibkarlıq fəaliyyəti üçün, başqa sözlə desək yenidən satış, emal və digər məqsədlər üçün aldığı zaman ona elektron qaimə-fakturamn təqdim edilməsini vergi ödəyicisinin vəzifəsi kimi təsbit etmişdir. Malların alıcısının həmin malları hansı məqsədlə almasını müəyyən etmək isə satıcının vəzifəsi deyil, məhz alıcının məsuliyyətidir. Malın alıcısı həmin malları istehlak məqsədilə aldığını qeyd etdiyi halda, həmin şəxsə elektron qaimə-fakturamn təqdim edilməsi qeyri-mümkün olur. Başqa sözlə desək, elektron qaimə-faktura alıcı tələb etdiyi halda təqdim edilir, əks halda isə alıcıya nəzarət kassa aparatının çeki təqdim edilir. Göründüyü kimi, "xxxx" MMC qanunvericiliklə onun üzərinə qoyulan öhdəliyi tam şəkildə icra etdiyi, yəni malların alıcılarına pərakəndə ticarət zamanı nəzarət kassa aparatının çekini təqdim etdiyi halda, vergi orqanı həmin malların sənədləşdirilmədən satıldığını iddia edərək, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Burada bir məqamı qeyd etdi ki, vergi orqanı bir kassa çekində böyük miqdarda məbləğin mədaxil edilməsini cəmiyyətin topdansatış fəaliyyəti ilə məşğul olmasına dəlil kimi göstərir. Bununla bağlı bildirir ki, vergi qanunvericiliyində topdansatış və pərakəndə ticarət fəaliyyəti üzrə vergi tutulan əməliyyatın məbləğinə dair hər hansı hədd müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh vergi orqanı nəzarət kassa aparatına mədaxil edilən məbləğlərin əslində vergi ödəyicilərinə satılmış mallara dair olduğunu iddia etsə də, buna dair hər hansı mötəbər sübutu (satılan vergi ödəyicisinin adı, ondan alanın hər hansı izahat və s.) cəmiyyətə təqdim edə bilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bundan əlavə olaraq, Vergi Məcəlləsinin 50-ci maddəsində əsasları və qaydaları müəyyən edilən operativ vergi nəzarəti tədbirinin mahiyyəti ondan ibarətdir ki, həmin yoxlama əvvəlcədən xəbərdarlıq edilmədən qəfil reyd şəklində həyata keçirilir və yalnız tədbir keçirilən zaman (gündə və saatda) aşkar edilən qanun pozuntuları rəsmiləşdirilərək onlara münasibətdə hər hansı cəza tədbiri (maliyyə sanksiyası) tətbiq edilir. Belə ki. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və 50.1.1-50.1.14-cü maddələrdə sadalanan məsələləri, o cümlədən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasmda təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasımn tərtib edilməsinə nəzarət edilməsini (50.1.13) əhatə edən vergi nəzarəti formasıdır. 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. İş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş 08.06.2021-ci tarixli aktda həmin gün deyil, 01.02.2020-ci il tarixdən yoxlama keçirilən günədək satılmış və Nəzarət kassa aparatına mədaxil edilmiş malların dəyəri əsas götürülərək, iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. Beləliklə, "xxxx" MMC malların alıcısına satılmış mallara görə qanunla müəyyən edilmiş sənədləri (pərakəndə satış zamanı nəzarət kassa aparatının çekini, topdansatış zamanı isə elektron qaimə-faktura) təqdim etdiyi halda, vergi orqanı əsassız şəkildə həmin malları elektron qaimə-faktura təqdim edilməli olduğu halda təqdim edilməmiş mallar kimi qiymətləndirərərk, cəmiyyətə əsassız maliyyə sanksiyası tətbiq etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı ünvanında yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 17.05.2021-ci il tarixdən 15.06.2021-ci il tarixədək (15.06.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 08.06.2021-ci il tarixdə Baş İdarə tərəfindən "xxxx" MMC-yə məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı ünvanında yerləşən anbarda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 8796079,48 manat məbləğində malların ayrıayrı vergi ödəyicilərinə topdan qaydada satılması faktı aşkar olunmuş və 08.06.2021-ci il tarixli 004482 nömrəli Akt tərtib edilmişdir. 08.06.2021-ci il tarixli 004482 nömrəli Akt "xxxx" MMC-nin rəhbəri X4 təqdim edilsə də, nümayəndə aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir və imtina etməsi barədə Baş İdarənin əməkdaşları tərəfindən 08.06.2021-ci il tarixli Akt tərtib edilmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 08.06.2021-ci il tarixli 004482 nömrəli aktına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən "xxxx" MMC-nin 879.607,94 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə 17.05.2021-ci il tarixində təqdim etdiyi arayışda qeyd etmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyektləri aşağıdakılardır: Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı - 29003 kodlu anbar; Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı - 29002 kodlu anbar, Sumqayıt şəhəri, şəhərin girəcəyi, magistral yolun yaxınlığı - 31001 kodlu anbar. Anbarlarda olan mallar cəmiyyətə məxsusdur, malların ticarət əlavəsi 5% tətbiq olunur. Cəmiyyətin iş rejimi həftənin 6 günü olmaqla səhər saat 10:00-dan axşam saat 17:00dəkdir, 6-cı günlər iş rejimi səhər saat 10:00-dan günorta saat 14:00-dəkdir. Bu obyektdən başqa yerdə obyektimiz və saxlancda olan malımız yoxdur. Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı ünvanında yerləşən 150 m2-lik anbarın 298 nömrəli icarə müqaviləsində və Sumqayıt şəhəri, Bakı-Rostov şosesi, maşın bazarı ünvanında yerləşən 180 m2-lik anbarın 299 nömrəli icarə müqaviləsində (icarədar "xxxx" MMC və icarəçi "xxxx" MMC) həmin anbarın topdansatış fəaliyyəti üzrə icarəyə verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63 maddəsində topdansatışın anlayışı verilmişdir: topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaiməfaktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Dövlət Vergi Xidmətinin məlumat bazasında "xxxx" MMC-nin fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilmişdir. Eyni zamanda Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında olan məlumatlarda da "xxxx" MMC-yə məxsus olan Sumqayıt şəhəri, Bakı- Rostov şosesi, maşın bazarı ünvanında yerləşən anbarın topdansatış fəaliyyəti üzrə icarəyə götürüldüyü görünür. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlardan əlavə onuda bildirdi ki, ümumiyətçə iddiaçı təşkilat apardığı alqı-satqı əməliyyatlarını kassa aparatında qeyd etməmiş,yəni alıcılara müvafiq kassa çeki verməmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli 94 nömrəli qərarı ilə təstiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının 5.1-ci bəndinə əsasən toptansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Lakin iddiaçı buna varmadan topdansatış həyata keçirdiyi ambarında pərakəndə satışın həyata keçirməsini bildirmişdir. Bu isə bir daha iddia tələbinin əsassız olmasına dəlalət edir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara - vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 23.07.2021-ci il tarixli **********9112 nömrəli qərarın surəti, cavabdehin etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi orqanının Operativ vergi nəzarətinin həyata keçirilməsi məqsədilə "xxxx" MMC-nin Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, maşın bazarı ünvanında yerləşən yerləşən təsərrüfat subyektində (anbarında) operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş və tədbirin nəticəsi olaraq 08.06.2021-ci il tarixli 004482 saylı akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin anbarında ümumi dəyəri 8796079,48 manat məbləğində malların e-qaimə faktura qaimə tərtib edilmədən satışın həyata keçirilməsi müəyyən edilmişdir. Şirkətin rəhbərliyindən yoxlamanın nəticəsi olaraq izahat alınmış və o, satılan malların bir qisminin fiziki şəxslərə kassa mədaxil orderi, hüquqi şəxslərə satılan mal isə qaimə hesab fakturası əsasında rəsmiləşdirilməsini bildirmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarışa əsasən operativ vergi yoxlamasının 17.05.2021-ci ildən 15.06.2021-ci il müddətinə keçirilməsi nəzərdə tutulmuşdur. Vergi orqanının gətirdiyi arqument ondan ibarətdir ki,"xxxx" MMC-nin ixtisaslaşmış topdansatış fəaliyyəti ilə məşğul olmasıdır. Ona görə də “BƏRDƏ "xxxx" MMC tərəfindən aparılan əməliyyatlar pərakəndə deyil, topdansatış kimi qəbul edilməlidir. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Qanunverici operativ vergi nəzarəti tədbirini özünə məxsus cəhəti ilə kameral və səyyar vergi yoxlamalarından fərqləndirmişdir. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3-cü maddəsinə görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmçinin, Vergi Məcəlləsinin 56.1-ci maddəsinin ikinci cümləsində göstərilmişdir ki, bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Məlumdur ki, səyyar vergi yoxlaması ilə yanaşı operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə qərarlar da Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun olaraq qəbul edilir. Məcəllənin 56.1-ci maddəsi isə həmin normanın əvvəlki müvafiq dövrə aid edilməsini yalnız səyyar vergi yoxlaması ilə əlaqələndirmişdir. Eyni zamanda, yuxarıda qeyd olunan Məcəllənin 83.3-cü maddəsindən də göründüyü kimi, Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi orqanlarının yenidən hesablama aparmaq hüququ yalnız səyyar və kameral vergi yoxlamalarına şamil edilir. Göründüyü kimi, vergi orqanlarının səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq, operativ vergi nəzarəti tədbiri zamanı yalnız nəzarət tədbiri keçirilən vaxtda Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunubolunmamasına nəzarəti həyata keçirmək hüququ vardır. Həmçinin qeyd olunmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə 23.07.2021-ci il tarixli **********9112 nömrəli qərardan müəyyən olunur ki, tədbirin 17.05.2021 il tarixdən 15.06.2021-ci il tarixləri aralığında keçirilməsi müəyyən olunmuşdur. Belə olan halda, nəzarət tədbirinin qərar üzrə müəyyən olunan əvvəlki tarixin əməliyyatlarına şamil edilməsi yolverilməzdir. Eyni zamanda, vergi orqanı tərəfindən 17.05.2021-15.06.2021-ci il tarix aralığında aparılan əməliyyatlar nəzarət tədbiri zamanı nəzərə alınmışdır ki, qeyd olunan halın nədən irəli gəlməsi, hansı əsaslara görə məhz həmin tarix aralığı üzrə satışların tədbirlə əhatə olunması tərtib olunan sənədlərdə əsaslandırılmamışdır. Bununla yanaşı, o da nəzərə alınmalıdır ki, hər hansı malın (işin, xidmətin) hansı həcmdə (həddə) satışının topdansatış qaydasında olması meyarları qanunvericilikdə müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatında bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği ayrı-ayrı nömrələr altında müxtəlif çeklərdə əks olunmadan mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi arqumenti əsassız sayılmalıdır. Bu səbəbdən vergi orqanları tərəfindən öz subyektiv yanaşması ilə aparılan əməliyyatın ehtimal üzərində topdansatış qaydasında həyata keçirildiyinə görə maliyyə sanksiyasının tətbiq olunması qanunauyğun deyil. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.62-ci və 13.2.63-cü maddələrinin məzmunundan aydın olur ki, qanunverici pərakəndə satış ilə topdansatış fəaliyyətinin fərqləndirici əlaməti olaraq malların alıcı tərəfindən hansı məqsədlə alınmasını müəyyən etmişdir. Belə ki, mallar alıcı tərəfindən son istehlak məqsədilə alındığı zaman həmin əməliyyat pərakəndə satış, satış məqsədilə alındığı halda isə topdansatış fəaliyyəti hesab edilir və birinci halda alıcıya qəbz və ya nəzarət-kassa aparatının çeki, ikinci halda isə elektron-qaimə faktura təqdim edilir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış zamanı malların alıcısına qəbz və ya nəzarət-kassa aparatının çeki ilə yanaşı elektron qaimə faktura yalnız alıcı tələb etdiyi halda təqdim edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, parakəndə ticarət satışını həyata keçirən iddiaçı malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamış və hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi işdə olan sənədlərlə təsdiq olunmamışdır. Cavabdeh etirazının əsası kimi iddiaçının malların alıcıya satışının son istehlak məqsədi ilə həyata keçirilmədiyini, malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün həyata keçirildiyini bilirsə də etirazının əsasını sübut edəcək dəlilləri, o cümlədən malları satış məqsədilə alan vergi ödəyciləri tərəfindən iddiaçıdan elektron qaimə faktura tələb edildiyi halda, iddiaçı tərəfindən onlara elektron-qaimə faktura təqdim edilməməsi barədə vergi orqanına hər hansı şikayət və müraciətlərin daxil olması barədə məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, cavabdeh iddiaya qarşı etirazında bildirir ki, iddiaçının məlumat bazasında fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olaraq qeyd edilmiş və obyektinin qeydiyyatı haqqında olan məlumatlarda da anbarın topdansatış fəaliyyəti üzrə icarəyə götürüldüyü görünür. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus “Hüquqi şəxslərin məlumat dəyişikliyi barədə” 10.04.2020-ci il tarixli arayışdan görünür ki, iddiaçının faəliyyət növləri “SAXLAMA VƏ ANBARLARA YİĞMA”, “AVTOMOBİLLƏR ÜÇÜN EHTİYYAT HİSSƏLƏRİNİN, QOVŞAQLARİN VƏ LƏVAZİMATLARİN PƏRAKƏNDƏ SATİŞİ” və “İXTİSASLAŞDİRİLMAMİŞ TOPDANSATİŞ” olmuşdur. Həmçinin, 15.05.2019-cu il tarixli nəzarət kassa aparatının qeydiyyat vərəqəsindən aydın olur ki, vergi orqanı iddiaçıya məxsus Sumqayıt şəhəri, Bakı-Rostov şossesi, Maşın bazarı ünvanında yerləşən obyektdə quraşdırılmış Merkuri-130F-01 markalı 00224174 zavod nömrəli Nəzarət kassa aparatının qeydiyyatdan keçirildiyini təsdiq etmişdir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, iddiaçının fəaliyyət növlərindən biri pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğuıl olmasına razılığını ifadə edir. Cavabdeh təşkilatın nümayəndəsinin məhkəmədə gəridiyi arqumentlər ilə məhkəmə razılaşmır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014cü il tarixli 94 nömrəli qərarı ilə təstiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin etmək məqsədi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər arasında alqı-satqı və digər xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Hesab olunur ki, vergi orqanı tərəfindən Qaydaların 5.1-ci bəndinə istinad edilməsi düzgün deyil. Belə ki, qeyd olunan Qaydaların 5.1-ci bəndi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə sahibkar arasında olan münasibətləri tənzimləyir. İddiaçı tərəfindən qeyd olunan Qaydaların 5.1-ci bəndinə riayət etmədiyini iddia edən vergi xidməti iddiaçıya məxsus olan anbarda parakəndə satış üçün nəzərdə tutulmuş kassa aparatının yerləşdirməsi ilə özünündə qeyd olunan Qaydalara riayət etməməsini dolayı yolla etiraf edir. Bundan başqa vergi orqanı tərəfindən operativ vergi yoxlamasının əhatə etdiyi dövrdən sonra iddiaçı tərəfindən aparılan əməliyyatlara görə vurulan kassa çeklərində olan məlumatların iddiaçının keçmiş fəaliyyətilə deyil, yeni fəaliyyəti üzrə yenidən vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas ola bilər. Qeyd olunanlara əsasən məhkmə hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərar əsssız olduğu üçün ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul etdiyi 23.07.2021-ci il tarixli **********9112 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ləğv olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1620/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1620/2021
12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver