Məhkəmə qərarları › İş №2-1(118)-1621/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1621/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1621/2021 19.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı “onun soyadının əvvəlki soyadına qaytarılmasına, soyadının “Əzizov” kimi yazılmasına və bu barədə müvafiq qeydiyyat aparmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsinin cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı soyadının əvvəlki soyadına qaytarılmasına, yəni soyadının “Əzizov” kimi yazılmasına və bu barədə müvafiq qeydiyyat aparmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin şöbənin 07 iyul 2021-ci il tarixli, 05/Q-165/62 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Laçın rayonunda anadan olmuşdur. Artıq uzun illərdir ki, Sumqayıt şəhəri Sumqayıt şəhər Sürücülük məktəbinin yataqxanasında məskunlaşmışdır. O, anadan olarkən doğum haqqında şəhadətnamənin ad qrafasında “Vəkil”, soyad qrafasında isə “Əzizov” kimi qeyd edilmişdir. Sonradan o, baba adının əbədləşdirmək məqsədi ilə soyadını “Əziziov” deyil, “Əşrəfli” kimi olmasını istəmiş və bununla bağlı 2015-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9315/2015 saylı, 18.09.2015-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, onun soyadının dəyişdirilərək “Əşrəfli “ kimi qeydə alınması qət edilmişdir. Həmin qətnamə əsasında AZ-İ 015186 №-li, 24.10.2015-ci il tarixli soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilmiş və yeni doğum haqqında şəhadətnaməmin soyad qrafasında "Əşrəfli” kimi qeyd olunmuşdur. Ona məxsus olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsində də İddiaçı yazılmışdır. Hal-hazırda ailədə hamının eyni soyadda olması, iddiaçının ayrı soyadda olması həm narazılıqlara səbəb olur. Həmçinin də bəzi sənədləşmə işlərində zərurətlər yaradır. Bu səbəbdən yenidən soyadının “Əzizov” kimi dəyişdirilməsini istəyir. İddiaçı bununla bağlı AR ƏN Sumqayıt Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi 07.07.2021-ci il tarixli, 05/Q/-165/62 №-li məktubu ilə imtina cavabı vermişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. AR Ailə Məclləsinin 53.1 maddəsinə əsasən, ad, ata adı və soyadı daşımaq hüququna malikdir. AR Ailə Məcəlləsinin 54.1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşma çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. AR Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşma çatdıqdan sonra yol verilir. AR Ailə Məcəlləsinin 192-ci maddəsinə əsasən, adın, ata admın və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. AR İPM-nin 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağl müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyində! müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); AR İPM-nin 3.1 maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının v ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zid olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inziba orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya münasibətini məhkəmə təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 saylı Qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın tələbinə əsasən iddiaçının soyadı 24.10.2015-ci il tarixdə dəyişdirilmişdir. “Qaydalar”-ın tələbinə əsasən soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9315/2015 saylı, 18.09.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.1969-cu il tarixdə anadan olmuş Əzizov Vəkil Lətif oğlunun soyadı dəyişdirilərək “Əşrəfli “ kimi qeydə alınması qət edilmişdir. Həmin qətnamə əsasında AZ-İ 015186 №-li, 24.10.2015-ci il tarixli soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilmiş və yeni doğum haqqında şəhadətnaməmin soyad qrafasında iddiaçının soyadı "Əşrəfli” kimi qeyd olunmuşdur. Ona məxsus olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsində də İddiaçı yazılmışdır. İddiaçı soyadının əvvəlki soyadına qaytarılmasına, yəni soyadının “Əzizov” kimi yazılmasına və bu barədə müvafiq qeydiyyat aparmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin şöbənin 07 iyul 2021-ci il tarixli, 05/Q-165/62 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 saylı Qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın tələbinə əsasən iddiaçının soyadı 24.10.2015-ci il tarixdə dəyişdirilmişdir. “Qaydalar”-ın tələbinə əsasən soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. (ər arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına dəyişməsi halları istisna olmaqla) Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cü bəndində adın növbəti dəfə dəyişdirilməsi müəyyən hallar istisna olmaqla qadağan edilmiş və istisna edilən hallar həmin qaydaların 6.24-6.28-ci maddələri ilə əhatə olunmuşdur. Həmin Qaydalarının 6.3-cü bəndində qeyd olunmuşdur ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-6.28-ci bəndlərinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilən hallar sözügedən qaydalarda imperativ olaraq öz əksini tapmışdır. Lakin hazırki işdə iddiaçının soyadının növbəti dəfə dəyişilməsi üçün həmin hallardan hər hansı biri müyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının soyadının dəyişilməsindən imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar