Məhkəmə qərarları › İş №2-1(118)-1623/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1623/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1623/2023 24.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 372 nömrəli qərarı ilə Xırdalan bələdiyyəsi ərazisində yerləşən 0,0481 ha torpaq sahəsinin iddiaçının istifadəsində olan hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmaqla müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin imtinasının əsassız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, H.Z.Tağıyev küçəsində yerləşən 481 kv.metr torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddia tələbinin həcmini azaldaraq “cavabdehin imtinasının əsassız hesab edilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, H.Z.Tağıyev küçəsində yerləşən 481 kv.metr torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin № 2-1(118)-1371/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə iddia rədd edilmişdir. Daha sonra iddiaçı “Abşeron rayonu, Xırdalan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 372 nömrəli qərarı ilə Xırdalan bələdiyyəsi ərazisində yerləşən 0,0481 ha torpaq sahəsinin onun və digər vətəndaşların istifadəsində olan hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmaqla müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xırdalan Bələdiyyəsinin 21.11,2006-cı ıl tarixli, 372 nömrəli qərarı ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0481 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Bundan sonra dəyəri ödənildikdən sonra torpaq sahəsi ona təhvil verilmiş, həmin tarixdən bu torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində olmuş və hal- hazırda onun və başqa 3 nəfərin sahibliyindədir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi idarəsinə Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 21.11,2006-cı il tarixli, 372 nömrəli qərarı ilə Xırdalan bələdiyyəsi ərazisində istifadə və sahibliyinə verilmiş 0.0481 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı 21.11 2022-cı il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********14 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbim üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Tələbin hüquqi əsasları: 4 saylı Abşeron Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********14 saylı bildiriş məktubunda Abşeron rayonu Xırdalan Bələdiyyəsinin 21.11,2006-cı ıl tarixli, 372 saylı qərarı ilə Xırdalan bələdiyyəsi ərazisində 0.0481 ha torpaq sahəsinin ayrıldığı halda: Alqı-satqı aktının xx.xx.2007-ci il tarixdə tərtib olunduğu; X1 planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və üzərində döngə nöqtlərinın koordinatlarının qeyd olunmadığı qeyd edilmişdir. Alqı-satqı xx.xx.2007-ci il tarixdə tərtib edilməsi Xırdalan Bələdiyyəsinin nöqsanıdır. Əlavə olaraq bildirir ki, torpaq sahəsinin dəyəri tərəfimdən torpaq sahəsi alındıqdan sonra ödənilmiş və bu barədə qəbz iddiaçıya təqdim edilmişdir; Torpaq sahəsinin yerini təyin edən Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin yerquruiuşu planından çıxarışın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilməməsi də onun nöqsanı deyil və bu çatışmamazlığı aradan qaldırmaq iddiaçının səlahiyyətində deyil. İddiaçı iddia tələbini dəqiqləşdirərək Abşeron rayonu, Xırdalan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 372 nömrəli qərarı ilə Xırdalan bələdiyyəsi ərazisində yerləşən 0,0481 ha torpaq sahəsinin iddiaçının istifadəsində olan hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmaqla müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı:

1. Xırdalan Bələdiyyəsi tərəfindən İddiaçı 0.0481 ha torpaq sahəsinin 21 noyabr 2006-ci il tarixində, 372 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktının 25 sentyabr 2007-ci il tarixində verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edildiyi;

2. Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu X1 planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən olunmuşdur. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpaqın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Əsasnamənin 19-cu bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyqun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin qanunun 8-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı, və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, iddiaçı Abşeron rayonu, Xırdalan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 372 nömrəli qərarı ilə Xırdalan bələdiyyəsi ərazisində yerləşən 0,0481 ha torpaq sahəsinin iddiaçının istifadəsində olan hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmaqla müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı:

1. Xırdalan Bələdiyyəsi tərəfindən İddiaçı 0.0481 ha torpaq sahəsinin 21 noyabr 2006-ci il tarixində, 372 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktının 25 sentyabr 2007-ci il tarixində verilməklə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”na əlavəyə zidd tərtib edildiyi;

2. Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu X1 planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi müəyyən olunmuşdur. Cavabdehin 1-ci dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Abşeron rayon Xırdalan bələdiyyə Başçısının 21 noyabr 2006-cı il tarixli, 372 saylı Sərəncamı ilə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən İddiaçı Quşçuluq massivində üzərində fərdi yaşayış evi tikdiyi, uzun illər istifadəsində olan 481 kv.m torpaq sahəsinin ona satılması qərara alınmışdır. Alqı-satqı aktı 25 sentyabr 2007-ci il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Torpaq sahəsinin dəyəri iddia tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə araşdırması zamanı Abşeron rayon Dövlət Arxivinin 13 oktyabr 2023-cü il tarixli, 773 saylı məktubu ilə Abşeron rayon Xırdalan bələdiyyə Başçısının 21 noyabr 2006-cı il tarixli Sərəncamı və ona aid digər sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağayev Azər Tahir oğlu X5 və qeyrilərinə qarşı sərəncamın, bələdiyyənin qərarının etibarsız hesab edilməsi, torpaqdan istifadə hüququnun tanınması, mülkiyyətə verilməsi, torpağa köçürülmə, torpağa dair kadastrdan çıxarışın verilməsinin və hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin 02 oktyabr 2007-ci il tarixli qətnaməsi ilə (hakim Ş.R.Abasov, iş № 2-263/2007) iddia rədd edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Mübahisə üzrə Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron ərazi idarəsi tərəfindən verilmiş MH seriyalı ******* saylı 12 iyul 2007-ci il tarixli "Çıxarış"dan və 04 iyul 2007-ci il tarixli "Daşınmaz əmlakın Texniki pasportu"ndan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 2-ci küçə, döngə 2-də 0.043 ha torpaq sahəsində yerləşən 35 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Ağayev Azər Tahir oğluna məxsusdur. Abşeron rayon Xırdalan Bələdiyyə Başçısının 372 saylı 21 noyabr 2006-cı il tarixli Sərəncamından məlum olur ki, bələdiyyə ehtiyat fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən X3 Quşçuluq massivində üzərində fərdi yaşayış evi tikdiyi, uzun illər istifadəsində olan 481 kv. metr torpaq sahəsi ona satılmışdır və Abşeron rayon icra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 264 saylı 18 noyabr 2006-cı il tarixli rəyinə əsasən bələdiyyənin sərəncamına müsbət cavab verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən həmçinin 751 saylı, 20 noyabr 2006-cı il tarixli müsbət rəyi verilmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, işdə olan sənədlərə əsasən" iddiaçılara 0,043 ha torpaq sahəsi məxsusdur, cavabdeh tərəfindən torpaq sahəsi tam qanuni alınmış və bu səbəbdən də iddiaçının torpaq sahəsinin satılması haqqında sərəncamın, bələdiyyənin ümumi yığıncağının qərarının etibarsız hesab edilməsi, torpaqdan istifadə hüququnun tanınması, mülkiyyətə verilməsi, torpağa köçürmə, torpağa dair kadastrdan çıxarış verilməsinin və hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının qadağan edilməsi tələbi əsassızdır. Ağayev Azər Tahir oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, Abşeron rayonu Xırdalan Bələdiyyəsi mübahisəli torpaq sahəsinin İ.T.Ağayev və İddiaçı düzgün satılmamış, cavabdehlər İ.T.Ağayev və İddiaçı həmin torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi onun mülkiyyətinə verilməlidir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsinə A.T.Ağayevin heç bir hüququ yoxdur. Torpaq sahəsi onun istifadəsinə verilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, A.T.Ağayevin mübahisəli torpaq sahəsinə heç bir hüququ olmadığına görə, onun bələdiyyə tərəfindən İddiaçı torpaq sahəsinin satılmasını mübahisələndirə bilməz. A.T.Ağayev kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, İddiaçı satılmış torpaq sahəsi Abşeron rayonu Xırdalan Bələdiyyəsinin mülkiyyətində olmadığı halda bələdiyyə həmin torpaq sahəsini satmaqda səhvə yol vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə A.T.Ağayevin heç bir hüququ olmadığına görə onun bələdiyyə tərəfindən satılmış torpaq sahəsini mübahisələndirmək hüququ da yoxdur. Torpaq sahəsi başqasının mülkiyyətindədirsə, mülkiyyətçi onun bələdiyyə tərəfindən düzgün satılmadığını mübahisələndirə bilər. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının 20 may 2009-cu il tarixli, 2(102)-1509/09 saylı Qərarı) Göründüyü kimi iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı sərəncam və ona aid sənədlərin qanuniliyi mülki məhkəmə icraatı qaydasında müəyyən edilmişdir. Bu halda isə iddiaçının ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması hüququ məhdudlaşdırıla bilməz. Lakin işin hallarından da göründüyü kimi əvvəlcədən Məhkəmənin icraatında iddiaçının “Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, H.Z.Tağıyev küçəsində yerləşən 481 kv.metr torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair işi olmuş, Məhkəmənin № 2-1(118)-1371/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə iddia rədd edilmişdir. Qərarda qeyd edilmişdir : “Eyni zamanda məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin ortofotobaza xəritəsindən çıxarış, müayinə aktının surəti məhkəməyə təqdim edilmişdir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 20 iyul 2022-ci il tarixli, **********12 saylı məktubu ilə) Təqdim edilmiş sənədlərdən göründüyü kimi torpaq sahəsi ayrı-ayrı 4 hissədə yaşayış evləri ilə birgə göstərilmişdir. Bu həmdə işin mübahisə olunmayan halıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında etiraf etmişdir ki, torpaq sahəsində inşa edilmiş dörd yaşayış evindən üçü digər şəxslərin istifadəsindədir. İddiaçı tələbi yalnız torpaq sahəsinin faktiki istifadəsində olan hissəsi ilə bağlı deyildir. İddiaçı digər şəxslərində istifadəsində olan faktiki yaşayış olan evlərin yerləşdiyi torpaq sahələrinində üzərində mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Məhkəmə hesab edir ki, bu halda cavabdeh inzibati orqanın imtinası əsaslı hesab olunmalıdır. İddiaçıya qeyd edilən bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılsada, həmin torpaq sahəsinin üzərində faktiki olaraq digər şəxslərin istifadəsində olan yaşayış evləri olduğu halda, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməsi əsaslı hesab edilə bilməz. İdiaçı həmin şəxslərin torpaq sahəsindən çıxarılmasına mülki məhkəmə icraatı qaydasında nail olduqdan sonra, hazırkı tələbi irəli sürə bilər. Eyni zamanda iddiaçının torpaq sahəsinin faktiki istifadəsində olan hissəsi ilə bağlı tələb irəli sürməsi istisna edilmir. Lakin iddiaçının tələbi torpaq sahəsinin hamısı üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir.” Hazırda iddiaçı iddia tələbini dəqiqləşdirərək Abşeron rayonu, Xırdalan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 372 nömrəli qərarı ilə Xırdalan bələdiyyəsi ərazisində yerləşən 0,0481 ha torpaq sahəsinin iddiaçının istifadəsində olan hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmaqla müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini istəyir. Məhkəmənin 2-1(118)-1623/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur : - İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nədir? Həmin koordinatlar yerquruluşu planına uyğudurmu? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşürmü? Düşürsə hansı hissədə və kimlərlə üst-üstə düşür? (müvafiq xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası nədən ibarətdir? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 20 iyun 2023-cü il tarixli 3-21-3-32/2-6875 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan 0,0229 ha torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir. Məhkəmə tərəfindən təqdim olunmuş iş materialında X1 Planından Çıxarışda nəzərdə tutulmuş torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmədiyindən həmin torpaq sahəsi ilə uyğun gəlib-gəlməməsini müəyyən etmək mümkün olmamışdır. iddiaçının faktiki istifadəsində olan 0,0229 ha torpaq sahəsinin 6,5 kv.metr hissəsi baza məlumatlarına əsasən **********15-10301 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş 0.0273 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, (sxemdə göstərilmişdir) İddiaçının faktiki istifadəsində olan 0,0229 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları daxilində tikinti altında olan torpaqlarına aiddir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda onun faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququ inkar edilmir. Lakin mütəxəssis rəyindən də göründüyü kimi iddiaçının faktiki istifadəsində olan 0,0229 ha torpaq sahəsinin 6,5 kv.metr hissəsi baza məlumatlarına əsasən **********15- 10301 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş 0.0273 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Bu əsasla məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının faktiki istifadəsində olan 0,0229 ha torpaq sahəsinin 6,5 kv.metr hissəsinə münasibətdə təmin edilə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 372 nömrəli qərarı ilə ayrılmış Xırdalan bələdiyyəsi ərazisində yerləşən 0,0481 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan 0,0229 ha hissəsi üzərində 6,5 kv.metr hissə istisna olmaqla (mütəxəssis rəyinə əsasən **********15-10301 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş 0.0273 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissə) İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmaqla müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar