Məhkəmə qərarları › İş №2-1(118)-1624/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1624/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1624/2023 09.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 Üçüncü şəxslər X4 və X5 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X4 və X5 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 29 ünvanında yerləşən 40 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, X4 və X5 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 29 ünvanında yerləşən 40 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 123-49795B- 3222 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. X9 və X10 zəruri cəlb etmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68 kvadrat metr olan 3 otaqlı mənzil iddiaçı ilə X9 arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda 30 sentyabr 2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında mülkiyyətinə keçmişdir. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 06 oktyabr 2021-ci il olan "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. X2 və X8 mülkiyyətinə keçmiş adı çəkilən mənzildə bu günədək qeydiyyatda qalmaqla həm mənzilin mülkiyyətçisi kimi iddiaçının hüquqlarını, həm mənzilin alqı-satqı müqaviləsinin tələblərini və müqavilə bağlanılarkən aralarında əldə olunmuş razılaşmanın şərtlərini pozmuşlar. Belə ki, iddiaçı ilə X9 arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda 30 sentyabr 2021-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin tələblərinə görə satıcı 30 oktyabr 2021-ci il tarixdən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. X3 onun ailə üzvü olan X10 ilə birlikdə adı çəkilən mənzildə pasport qeydiyyatında qalmış və bugünədək qeydiyyatdan çıxmamışlar. Həmin şəxslərin mülkiyyətində olan mənzildə əsassız olaraq pasport qeydiyyatında qalmaları səbəbindən mən ərizə ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək onların mülkiyyətimdə olan mənzildən pasport qeydiyytaından çıxarılmalarını xahiş etmişdir. Lakin Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyevin imzası ilə mənə ünvanlanmış 10 dekabr 2022-ci il tarixli,123-49795B-3222 saylı məktubda mənim müraciətimdən imtina olunaraq adı çəkilən şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğun sayıldığı bildirilərək mənə aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Hesab edir ki, adı çəkilən şəxslərin müllkiyyətində olan mənzilə qeydiyyatlarının ləğv edilməməsi mənzilin mülkiyyətçisi kimi iddiaçının mülkiyyət hüququnu pozur. X4 onun ailə üzvü olan X10 ilə birlikdə hal-hazırda harada yaşadıqları barədə məlumata malik olmadığından və həmin şəxslərin mülkiyyətində olan mənzildən qeydiyyatdan istər könüllü qaydada, istərsə də inzibati orqana etdiyi müraciət əsasında çıxarılmalarına nail ola bilmədiyindən işin məhkəmə qaydasında həllini seçmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X9 və X10 iştirak etmiş, iddianın təmin edilməsinə etiraz etmədiklərini, qeydiyyat düşməyə başqa yerlərinin olmadıqlarını bildirmişdirlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, AN-İ ******* saylı , 30 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ünvan 5, yeni qaydalarla ünvan 3 ünvanda yerləşən mənzil X9 tərəfindən İddiaçı satılmışdır. Reyestr nömrəsi **********12-05101-093069, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5, yeni qaydalarla ünvan 4 ünvanda yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 13 saylı mənzil kommunal sahəsi tərəfindən verilmiş 90 saylı, xx.xx.2023-cü il tarixli arayışda X9 və X5 ünvan 5 ünvanda yerləşən mənzili satıb köçdükləri, orada yaşamadıqları qeyd edilmişdir. Bundan əlavə məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddianın təmin edeilməsinə etiraz etmədiklərini bildirmişdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamırlar və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 və X5 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 29 ünvanında yerləşən 40 saylı mənzildən (yeni qaydalarla Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Gənclik küçəsi, 168, M2, m2) pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar