Məhkəmə qərarları › İş №2-1(118)-1626/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1626/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1626/2023 02.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “Əhədov Hafiz Xanbala oğlunun ona məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisi ünvanda yerləşən 2630E nömrəli evdən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Əhədov Hafiz Xanbala oğlu iddiaçının keçmiş həyat yoldaşıdır. Onlar xx.xx.2000-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş və birgə nikahdan 3 (üç) uşağı vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-205/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə rəsmi nikah qeydinin pozulmuşdur, birgə nikahdan doğulmuş uşaqların onun yanında qalması qət edilmişdir. Mübahisəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. H.X.Əhədov isə artıq onun ailə üzvü deyil və onlar ayrı-ayrılıqda yaşayır, formal qeydiyyatdan başqa mübahisəli evlə heç bir bağlılığı yoxdur və evdə ona məxsus heç bir əmlak belə yoxdur. Üçüncü şəxsin həmin evə olan qeydiyyatının ləğv edilməsi barədə cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, cavabdehin 123-48679Ə-3222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-47875Ş-3222 nömrəli, 30 noyabr 2022-ci il tarixli imtina məktubu, DƏDKR tərəfindən verilmiş **********88-11301 nömrəli, xx.xx.2014-cu il tarixli çıxarışın təsdiqlənmiş surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-205/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinin surəti, Nikahın pozulmasına dair şəhadətnamənin surəti, və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. DƏDKR tərəfindən verilmiş **********88-11301 nömrəli, xx.xx.2014-cu il tarixli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Corat bağları ərazisi ünvanda yerləşən 2630E nömrəli yaşayış sahəsinin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs – Əhədov Hafiz Xanbala oğlu iddiaçının keçmiş həyat yoldaşıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-205/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə onların rəsmi nikah qeydinin pozulması qət edilmiş və xx.xx.2013-cü ildə rəsmi nikah qeydinə xitam verilmişdir. İddiaçı tərəfindən mübahisəli mənzil isə 25 noyabr 2014-cu ildə onları rəsmi nikahları olmayan vaxtda əldə edilmişdir, yəni 3-cü şəxsin mənzildə olan istifadə hüququ Mülki Məcəllənin 228.5-ci maddəsinin təsiri altına düşmür. 3-cü şəxs – Əhədov Hafiz Xanbala oğlunun mənzildə pasport qeydiyyatında qalması iddiaçıya əlavə xərclər çəkməsinə səbəb olur. Göründüyü kimi 3-cü şəxsin qeyd olunan mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır. Belə olan halda onun müvafiq mənzildə pasport qeydiyyatında qalması iddiaçının mənafeyinə ziddir. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxs – Əhədov Hafiz Xanbala oğlu Sumqayıt şəhəri, Corat bağları ərazisi ünvanda yerləşən 2630E nömrəli yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Əhədov Hafiz Xanbala oğlunun İddiaçı məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisi ünvanda yerləşən 2630E nömrəli evindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar