Məhkəmə qərarları › İş №2-1(118)-1626/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1626/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1626/2025 11.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Məmmədli Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli 03/71 saylı qərarına əsasən Abşeron Rayon Bələdiyyə inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən satılmış, habelə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə 1164 nömrə ilə uçota alınmış A №142202 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmiş 0,06 ha torpaq sahəsinin ümumi istifadəyə düşən 0,01 ha hissəsi istisna olmaqla digər 0,05 ha hissəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və həmin torpaq sahəsi ilə bağlı digər texniki sənədlərin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Abşeron rayon Məmmədli Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli 03/71 saylı qərarına əsasən Abşeron Rayon Bələdiyyə inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən satılmış, habelə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə 1164 nömrə ilə uçota alınmış A №142202 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmiş 0,06 ha torpaq sahəsinin ümumi istifadəyə düşən 0,01 ha hissəsi istisna olmaqla digər 0,05 ha hissəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və həmin torpaq sahəsi ilə bağlı digər texniki sənədlərin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayon Məmmədli bələdiyyəsinin 31 mart 2008-ci tarixli 03/71 saylı qərarına əsasən Abşeron Rayon Bələdiyyə inkişaf fondunun alqı-satqı predmetı olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. 18 aprel 2008-ci ii tarixində 1180/08 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt ilə 0,06 ha torpaq sahəsinin dəyəri olan 600 manat pul tərəfindən X4 rayon filialdakı Məmmədli bələdiyyəsinin adına açılmış **********0001 saylı hesaba köçürülmüşdür. Yuxarıda qeyd olunan bələdiyyə qərarına alqı-satqı aktına əsasən Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə komitəsindən xx.xx.2009-cu il tarixdə 11642 nömrə ilə üçota alınmış A №142202 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bununla bağlı, Abşeron rayon Memmedli Bələdiyyəsinin 31 mart 2008-ci ıl tarixli 03/71 saylı qərarına əsasən Abşeron Rayon Belediyyə İnkişaf fondunun alqı-satqı predmetı olan kənd təsərüfatına yararsız olan torpaq sahəsindən satılmış və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsin tərəfindən xx.xx.2009-cu il tarixdə 1164 nömrə ilə üçota alınmış A №142202 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmiş 0.06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair çıxarış verilməsini xahiş etmişdir. Lakin cavabdeh 32/332/2-2-0030-8/24 nömrəli xx.xx.2024-cı il tarixli məktubu ilə qanunsuz və əsassız olaraq çıxarış verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın əsassız və qanunsuz çıxarışın verilməsindən imtina etməsi onun mülkiyyətçi kimi hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak edərək iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş emişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etiraz təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, izahatında bildirmişdir ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli, 03/71 saylı qərarı ilə torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdir. Bundan başqa alqı-satqı aktının qanunamüvafiq qaydada təsdiq (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin imzası ilə) olunmadığı aşkar edilmişdir. Əlavə olaraq sözügedən fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu, faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus sənəd ilə üst-üstə düşdüyü, həmçinin sənəd üzrə torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan yola düşdüyü müəyyən edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon Məmmədli bələdiyyəsinin 31 mart 2008-ci tarixli 03/71 saylı qərarına əsasən Abşeron Rayon Bələdiyyə inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 18 aprel 2008-ci il tarixli rəyində torpaq sahəsinin qanunamüvafiq olduğu və hüququ sənəd verilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. Torpaqların alqı-satqısına dair akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsində 18 aprel 2008-ci il tarixdə 1180/08 nömrə ilə qeydiyyata alınmışdır. Bələdiyyənin yerquruluşu planından çıxarış, torpaq sahəsinin plan-ölçü sənədi iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, faktiki torpaq sahəsi **********61-10301 reyestr nömrəli X2 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür.Torpaq sahəsi təyinatına görə KPİ təyinatlı torpaqlarına aid edildiyi aşkar edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin yararlıq dərəcəsi (az yararlı və yararsız vəziyyəti) barədə məlumatın verilməsi idarənin səlahiyyəti xaricində olduğundan "xxxx" MMC-yə müraciət olunması məqsədəuyğun hesab edilir, Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Torpaq sahəsi təyinatına görə KPİ təyinatlı torpaqlara aid edilmişdir. Torpaq sahəsinin müayinə aktının surəti və torpaq sahəsinin ortofoto görüntüsü təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə Abşeron rayon Məmmədli bələdiyyəsinin 31 mart 2008-ci tarixli 03/71 saylı qərarının və qərarla əlaqəli sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 24 dekabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayon Məmmədli bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 03/71 saylı qərarı əsasında İddiaçı satılmış Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinin 0.01 ha hissəsi ümumi istifadədə olan yola düşür. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 13 fevral 2025-ci il tarixli məktubu ilə torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli, 03/71 saylı qərarı ilə torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdir. Bundan başqa alqı-satqı aktının qanunamüvafiq qaydada təsdiq (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin imzası ilə) olunmadığı aşkar edilmişdir. Əlavə olaraq sözügedən fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu, faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus sənəd ilə üst-üstə düşdüyü, həmçinin sənəd üzrə torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olan yola düşdüyü müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə satılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Abşeron rayon Məmmədli bələdiyyəsinin 31 mart 2008-ci tarixli 03/71 saylı qərarı hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Cavabdehin imtinasının digər əsasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı faktiki torpaq sahəsinin bir hissəsinin digər şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi, bir hissəsinin ümumi istifadədə olan yola düşməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilmiş, 0,06 ha torpaq sahəsinin ümumi istifadəyə düşən 0,01 ha hissəsi istisna olmaqla digər 0,05 ha hissəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəmişdir. Məhkəməyə təqdim edilmiş ortofoto görüntüsündən görünür ki, iddiaçının tələbini azaltdığı 0,05 ha hissə ümumi istifadədə olan yol ilə və digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməyən hissəni təşkil edir. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Məmmədli Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli 03/71 saylı qərarına əsasən Abşeron Rayon Bələdiyyə inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən satılmış 0,06 ha torpaq sahəsinin ümumi istifadəyə düşən 0,01 ha hissəsi istisna olmaqla, digər 0,05 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar