Məhkəmə qərarları › İş №2-1(118)-1627/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1627/2023

24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1627/2023 24.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı Sumqayıt Bələdiyyəsinin 22 iyul 2004-cü il tarixli 124 saylı protokol qərarı əsasında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona ayrılmış 600 kv m torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin 22 iyul 2004-cü il tarixli 124 saylı protokol qərarı əsasında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona ayrılmış 600 kv m torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Sumqayıt Bələdiyyəsinin 22 iyul 2004-cü il tarixli 124 saylı protokol qərarı əsasında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə 600 kv m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin inşaat pasportu hazırlanmış, torpağın sxemi,eskiz layihəsi çəkilərək ona təqdim edilmişdir. İddiaçı tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin ona imtina cavabı verilərək bələdiyyə ilə onun arasında alqı-satqı müqaviləsinin olmamasına istinad edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Murad Abbasov iddianı qəbul etməyərək artıq qanunvericilikd baş vermiş dəyişikliklərə və alqı-satqını qeydiyyata alan orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyinə görə hazırda alqı-satqı aktının verilməsi mümkün deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Mübahisənin xarakterindən göründüyü kimi iddiaçının tələbi mülki (alqı-satqı) münasibətlərdən yaranmışdır və müvafiq mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də iddia tələbinə inzibati mübahisə kimi inzibati-iqtisadi məhkəməsində baxıla bilməz. Beləliklə, cavabdeh inzibati orqan olsa da, hazırki mübahisə təbiətinə görə mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Bununla bağlı məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yarandığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərərək “hüquqi qənaət” prinsipi baxımından birbaşa mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə daşınmaz əmlakın dövlət reyestrini aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldırmaq hüququ və imkanını izah etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı Sumqayıt Bələdiyyəsinin 22 iyul 2004-cü il tarixli 124 saylı protokol qərarı əsasında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona ayrılmış 600 kv m torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar