Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1628/2023 31.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 iyul 2004-cü il tarixli 124 saylı protokol qərarı əsasında Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün ona 600 kv.m torpaq sahəsinə görə onunla alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 iyul 2004-cü il tarixli 124 saylı protokol qərarı əsasında Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün ona 600 kv.metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinin inşaat pasportu hazırlanmış, torpağın sxemi, eskiz layihəsi çəkilərək iddiaçıya təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsində tərəfindən yaşayış evi tikilmiş, artıq 18 ildir ki bu sahə onun faktiki istifadəsindədir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmaq məqsədilə AR DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh iddiaçının mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina etmiş və bu barədə ona xx.xx.2022-ci il tarixli məktub göndərmişdir. Həmin cavab məktubunda göstərmişdir ki, onunla bələdiyyə arasında alqısatqı müqviləsi olmalıdır. Bundan sonra iddiaçı cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə müraciət etmiş və ona ünvanlanan xx.xx.2022-ci il tarixli 3181 saylı məktubda bildirilmişdir ki, 2014-cü ildə torpaq qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən torpaq sahəsinin alqısatqı müqaviləsi notarial qaydada təsdiq olunmalıdır və alqı-satqı aktının qeydə alındığı AR DTXK-si ləğv edildiyi üçün həmin müqavilənin bağlanılması mümkünsüzdür. İddiaçı bu imtina ilə razı deyil, belə ki Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 iyul 2004-cü il tarixli 124 saylı protokol-qərarı əsasında Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün ona 600 kv.metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinin inşaat pasportu hazırlanmış, torpağın sxemi, eskiz layihəsi çəkilərək ona təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsində tərəfindən yaşayış evi tikilmiş, artıq 18 ildir ki bu sahə iddiaçının faktiki istifadəsindədir. Belə hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 hüquqi yardım edilmiş, iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı Sumqayıt şəhər Bələdiyyə Şurasının 22 iyul 2004-cü il tarixli 124 saylı protokol qərarı əsasında Sumqayıt şəhər 21-ci mikrorayon ərazisində fərdi yaşayış evi tikintisi məqsədi üçün ona 600 kv.m torpaq sahəsinə görə onunla alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığına və müqavilə ilə bağlı yaranan hüquq münasibətlərinin publik hüquq sahəsinə aid olmadığına görə, belə iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Müqavilə öhdəlikləri inzibati məhkəmə icraatının predmetini təkil etmir, müqavilə öhdəlikləri ilə bağlı tələblər tərəflərin subyektiv tərkibindən asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında irəli sürülə bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 6.2-ci bəndindədə qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi bir tərəf inzibati orqan olsa belə müqavilə bağlanması ilə bağlı tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçıya izah edilsin ki, alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı tələblə müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1628/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1628/2023
31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver