Məhkəmə qərarları › İş №2-1(118)-1628/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1628/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1628/2025 24.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X7 Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Bakı İnzibati Məhkəməsinin qərarına əsasən təyin edilmiş əlilliyə görə ödənişlərin xx.xx.2019-cu il tarixindən hesablanması, ödənişlərin birdəfələlik ödənilməsi və 24 min manat maddi-mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilk öncə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, Bakı İnzibati Məhkəməsinin qərarının icrasının təmin olunması və əlilliyin təyin olunma müddətinin 2018-ci ilin iyul ayından hesablanması, 24000 min manat maddi və mənəvi ziyana görə ödənişlərin verilməsi üçün cavabdelərin üzərinə öhdəlik qoyulması barədə qərar, vəzifəli şəxslər barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddiaçının nümayəndəsinə hüquqi yardım edilmiş, müvafiq tələbin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının səlahiyyətləri daxilində olması bildirilmiş, lakin iddiaçının nümayəndəsi yenidən ərizə təqdim edərək, cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul edilməsini və Bakı İnzibati Məhkəməsinin qərarına əsasən təyin edilmiş əlilliyə görə ödənişlərin xx.xx.2019-cu il tarixindən hesablanması, ödənişlərin birdəfələlik ödənilməsi və 24 min manat maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbindən görünür ki, iddiaçının hüquqi marağı təyin edilmiş əlilliyə görə müavinətin ona ödənilməsi və cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş maddimənəvi ziyanın ödənilməsindən ibarətdir. Normativ hüquqi aktların məcmusundan və məhkəmə praktikasından məlumdur ki, müvafiq iddiaya cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı cavab verməli inzibati orqandır. Ona görə də məhkəmə müvafiq orqanı cavabdeh qismində qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR Konstitusiyasının 1,7,14,24,26,38,41,57,71 görə dövlətin yeganə mənbəyi xalqdır, AR hüquqi dövlətdir, təbii sərvətlərdən xalqın rifahı üçün istifadə olunmalıdır, hər kəsin doğulduğu andan pozulmaz və ayrılmaz hüquq və zadlıqları vardır, sağlamlığın qorunması və hər kəsin müraciət etmək hüququ ardır, lakin bunların hamısına əməl olunmur. Belə ki, xəstəliyilə əlaqədar əlilliyin təyin olunmasına görə 2018-ci ilin iyun ayında AR ƏƏSMN-nin abelyindəld DTSERA-ə müracitə etmiş, lakin qərzəli olaraq ona əlilliyin təyin olunmasından imtina olunub. Bakı inzibati məhkəməsinə müraciət etmiş, lakin qanunsuz tətbiq edilmimiş karantinlərə görə xx.xx.2021-ci il tarixində qətnamə qəbul edilmiş, TSERA tərəfindən verilən qanunsuz qəbul edilən şikayət də təmin olunmuşdur. Ona 02 aprel tarixinə bildiriş göndərmələrinə baxmayaraq 08 aprel 2022-ci il tarixinə qərar çıxararaq qətnaməni ləğv edilib.Məhkəmələrdə qərəzli olaraq iş yubadılıb, Qüvvədə olan qanunvericiliyə görə əlillik 2018-ci ilin iyul ayından hesablanmalı və 24000 min manat maddi və mənəvi ziyana görə ödənişlər verilməlidir. Cavabdehlərin hərəkətləri qanunsuz olduğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi X6 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Fonda müraciət edərək müavinətin 2019-cu ilin fevralından hesablanması, həmin məbləğin birdəfəlik ödənilməsi, 24000 min maddi və mənəvi ziyana görə ödənişlərin verilməsini xahiş etmişdir. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən 17 fevral 2025-ci il tarixli 3-17-1/2-İ- 36635/2025 nömrəli məktubla “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.3-cü maddəsinə əsasən, ona xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvəl) xx.xx.2021-ci ii tarixinədək 110 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 120 manat, xx.xx.2023-cü il tarixindən 150 manat məbləğində proaktiv qaydada İİİ dərəcəli əlilliyə görə sosial müavinət təyin edildiyi, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək keçmiş dövr üzrə ödənilməmiş 2975,81 manat məbləğin Qanunun 9.1-2-ci maddəsinə uyğun olaraq ödənilməsi barədə məlumat verilmişdir. Narazı qalan İddiaçı hesablanan məbləğin birdəfəlik ödənilməsi, 24000 maddi və mənəvi ziyana görə ödənişlərin verilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar, vəzifəli şəxslər barəsində xüsusi qərardad qəbul edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, İddiaçı əlillik səbəbi “Ümumi xəstəliklə əlaqədar” olmaqla xx.xx.2019-cu il tarixdən İİİ dərəcəli əlillik müəyyən edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixli müraciətinə (ilkin müraciət) əsasən, xx.xx.2021-ci il tarixdən əlilliyə görə müavinət təyin olunmuşdur.“Sosial müavinətlət haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.3-cü maddəsinə əsasən, əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qanunun 9.1.2-ci maddəsinə əsasən əlilliyə görə müavinət əlillik müddətinə təyin edilir.Qanunun 9.1 -ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qanunvericiliyin tələbləri əsas götürülməklə iddiaçıya müavinət müraciət etdiyi xx.xx.2024cü il tarixindən 3 il əvvələ hesablanmışdır. İddianın birdəfəlik ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, Qanunun 9.1-2-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödənilir. xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək keçmiş dövr üzrə ödənilməmiş 2975,81 manat məbləğin ödənilməsi müəyyən edilmişdir.İddianın 24000 min maddi və mənəvi ziyana görə ödənişlərin verilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar,vəzifəli şəxslər barəsində xüsusi qərardad qəbul edilməsi hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) basa düşülür.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulmamazlıqla bağlı pozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da, digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiva”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid əlillik təyinatına dair sənədlərin surəti, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-228/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının nəticə hissəsindən çıxarışın surəti, DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən 17 fevral 2025-ci il tarixli 3-17-1/2-İ-36635/2025 nömrəli məktubun surəti, cavabdehin etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun əlilliyə görə müavinət aldığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin, təqaüdlərinin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehin yuxarı orqanlarına müraciət etmiş, cavabdehin mühasibatlıq filialının 17 fevral 2025-ci il tarixli 3-17-1/2-İ-36635/2025 nömrəli məktubunu almışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Quba şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Təqdim edilmiş iş materiallarından görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən müddətsiz İİİ dərəcə əlillik müvafiq qurum tərəfindən təyin edilmişdir. İddiaçı müavinətin ödənilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Cavabdeh təşkilat da qanunvericiliyə əsasən iddiaçının müraciət edilməzdən əvvəlki üç il üçün nəzərdə tutulan məbləği ödənilməklə, aylıq müavinəti iddiaçıya ödəməyə başlamışdır. Cavabdehin hərəkətlərindən narazı qalan iddiaçı, müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilatın hərəkətləri qanuni olmuşdur.Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.3-cü maddəsinə əsasən, əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən əlilliyə görə müavinət əlillik müddətinə təyin edilir. Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Göründüyü kimi, cavabdeh təşkilat qanunvericiliyin tələbləri əsas götürülməklə iddiaçıya müavinət üçün müraciət etdiyi xx.xx.2024-cü il tarixindən 3 il əvvələ hesablanmış və müvafiq məbləğ qanunvericiliyə əsasən iddiaçıya ödənilməyə başlanılmışdır.Müavinətin birdəfəlik ödənilməsi hissəsi də qanunvericilikdə tənzimlənmişdir. Belə ki, Qanunun 9.1-2ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödənilir. Cavabdeh təşkilat da xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək keçmiş dövr üzrə ödənilməmiş 2975,81 manat məbləğin ödənilməsi müəyyən etmiş və iddiaçının müavinətinin üzərinə hesablayaraq ödənilməmiş məbləği ödəyir. Belə olan halda cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. İddiaçının maddi-mənəvi təzminatın ödənilməsi hissəsinə münasibətdə bildirilir ki, onun əsas iddiası təmin edilmədiyindən, təzminatın ödənilməsi hissəsi də təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Bakı İnzibati Məhkəməsinin qərarına əsasən təyin edilmiş əlilliyə görə ödənişlərin xx.xx.2019-cu il tarixindən hesablanması, ödənişlərin birdəfələlik ödənilməsi və 24 min manat maddi-mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar