Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-163/2021 03.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı pensiya təyinatına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına (DSMF-nin Qusar rayon şöbəsinə) müraciət etmiş, lakin cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixli, **********6 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtina məktubu ilə razılaşmayaraq, məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxx 1955-ci ildə Qusar rayonun Kirig kəndində anadan olmuş və hal-hazırda da Qusar rayonun Kirig kəndində yaşayır. İş fəaliyyətinə xx.xx.1972-ci ildən başlamışdır. xx.xx.1972-ci ildə Qusar rayonun “Qazıməmməd” adına sovxozuna fəhlə qəbul olunmuş və xx.xx.1974-cü ildə Sovet ordu sıralarına getməsi ilə əlaqədar həmin sovxozda fəhləlikdən azad olunmuşdur. xx.xx.1974cü ildən xx.xx.1976-cı ilə kimi Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra o xx.xx.1976-cı il tarixdən sabiq “Qazəməmməd” adına sovxoza traktorçu işinə qəbul olunmuş və həmin yəni, xx.xx.1976-cı il tarixdən xx.xx.1996-cı il tarixədək sabiq “Qazəməmməd” adına sovxozda və xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək isə sabiq “Qazıməmməd “ adına sovxozun əvəzində Həzrə və Kirig kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılması ilə əlaqədar Həzrə kənd təsərrüfatı istehsal kooperativində traktorçu işində işləmişdir. Əmək kitabçasında işlədiyi dövrlər qeyd edilərək təsdiq edilmiş və Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 76 saylı xx.xx.2020- ci il tarixli arayışda da həmin dövrlər öz əksini tapmışdır. O, Cavabdehnə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət etmiş, lakin ona bildirilmişdir ki, əmək fəaliyyətinə dair əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, onun əmək kitabçasında qeyd edilmiş xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilə kimi və xx.xx.1976-cı il tarixdən xx.xx.1996-cı il tarixədək sabiq “Qazəməmməd” adına sovxozunda və xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək isə sabiq “Qazıməmməd “ adına sovxozun əvəzində Həzrə və Kirig kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılması ilə əlaqədar Həzrə kənd təsərrüfatı istehsal kooperativində traktorçu işində işlədiyi dövrlərin müəssisə rəhbərinin imzası ilə təsdiq olunmadığını bildirmişdir. Onun həmin dövrlərə aid sığorta stajı məhkəmə qaydasında müəyyən olunmalı və əmək kitabçasında qeyd edilmiş xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilə kimi və xx.xx.1976-cı il tarixdən xx.xx.1996-cı il tarixədək sabiq “Qazəməmməd” adına sovxozunda və xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək isə sabiq “Qazıməmməd“ adına sovxozun əvəzində Həzrə və Kirig kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılması ilə əlaqədar Həzrə kənd təsərrüfatı istehsal kooperativində traktorçu işində işlədiyi dövrlər onun sığorta stajına daxil edilməli və ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, onun həmin dövrlərə aid əmək fəaliyyəti əmək kitabçasında və Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda da öz təsdiqini tapmışdır. Beləliklə, cavabdeh təşkilat Cavabdeh qanunsuz olaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İddiaçı əmək kitbcasında isə daxil olma əmri olsa da ,çıxış əmri yoxdur. İşçilərin əmək kitabçasının forması və onun tərtib edilməsi qaydalarının təsdiq edilməsi barədə xx xxxxxx 1996-cı il Nazirlər kabinetinin 186 nömrəli qərarının 7.1-ci bəndinə əsasən, Həmin əsasnamənin 3.10-cu bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. 7.2. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. 7.3. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Əmək kitabçasında İşçinin işdən çıxma tarixi qey olunmamışdır. xx xxx 2020-ci il tarixli Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; -İddiaçı arxiv arayışına əsasən 1996-cı ildən sonra əmək haqqı almamışdır. Yuxrıda qeyd edilən təməl prinsipə əsasən vətəndaş əmək haqqı almadığı üçün həmin dövr sığorta stajı kimi hesablana bilməz. Buna görə də xx.xx.1972-ci ildən xx.xx.1996-ci il tarixinədək işlədiyi dövr, 24 il 5 ay 25 gün edir və bu da lazım olan 25 illik stajın olmaması deməkdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt- işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 izahatında ki, bildirdiki, arxiv arayışları arasında ziddiyyət olduğu üçün şübhə yaranmış və iddiaçının işlədiyi dövrlərlə bağlı tərəflərindən araşdırma aparılmış, iddiaçının sığorta stajına daxil edilən əmək stajı və əmək haqları yerində qarşılıqlı yoxlanılmış və bu barədə idarənin nümayəndələri ilə yanaşı Quba rayon Dövlət Arxivinin də nümayəndəsinin iştirakı ilə akt tərtib olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının Qazıməmməd sovxozunda və Həzrə kənd təsrrüfatı istehsal kooperativində işlədiyi dövrlərin arxiv arayışları ilə təsdiq edildiyi və həmin dövrlərdə əmək haqqı aldıqları müəyyən edilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, arxiv arayışları nəzərə alınarsa iddiaçının pensiya hüququ yaranar. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və həmin iddianın qaldırılması üçün qanunvericilikdə prosessual müddətlər nəzərdə tutulmamışdır. İddianı mümkünsüz edən başqa hər hansı bir hal da müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana mürciət etmişdir. Cavabdeh isə iddiaçının xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilə kimi və xx.xx.1976-cı ildən xx.xx.1996-cı ilədək sabiq Qusar rayonu sabiq “Qazıməmməd” adına sovxozda traktorçu və xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə kimi Həzrə kənd təsrrüfatı istehsal kooperativində işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə almaqdan və ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi onun adına ИТ-İ ******* saylı əmək kitabçasının xx.xx.1998-ci il tarixdə tərtib olunduğu və həmin əmək kitabçasında iddiaçının işləməsi barədə qeydlərin sovxoz direktoru və ya müəssisə rəhbəri tərəfindən təsdiq edilmədiyi göstərilmişdir. Beləliklə imtinanın əsasını iki hal – 1) əmək kitabçasının gec tərtib olunması və 2) həmin əmək kitabçasında iddiaçının işləməsi barədə qeydlərin təsdiq edilməməsi göstərilir. Qeyd olunan məsələlərin araşdırılması ilə bağlı məhkəmə tərəfindən Qusar rayon Dövlət Arxivinə sorğu göndərilmişdir. Qusar rayon Dövlət Arxivinin sorğuya cavab olaraq göndərdiyi xx.xx.2020-ci il tarixli, 247 saylı arxiv çıxarışında X3 1) Qazıməmməd adına sovxoz üzrə 63 saylı, xx xxxx 1972-ci il tarixli əmrlə xx xxxx 1972-ci ildən 2 nömrəli briqadaya fəhlə qəbul edildiyi, həmin sovxoz üzrə 174 saylı, xx xxxxxxx 1974-cü il tarixli əmrlə işdən azad edildiyi, 2) Qazıməmməd adına sovxoz üzrə 115 saylı, xx xxxxxx 1976-cı il tarixli əmrlə sovxoza traktorçu vəzifəsinə qəbul edildiyi, xx xxxxxx 1996-cı il Həzrə kəndi Qazıməmməd adına sovxozun ləğv olunması, Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin yaradılması ilə əlaqədar Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin 3 saylı əmri ilə İddiaçı traktorist olaraq kooperativə qəbul edildiyi, 3) Qusar rayonu keçmiş Həzrə kənd təsərrüfatı istehsalat kooperativinin əmrlər kitabında İsmiyev Xanalinin işdən azad edilməsi haqqında əmrin qeydiyyatının aşkar edilmədiyi qeyd edilmişdir. Həmin arayışda iddiaçının işə qəbul və işdən azad olunması ilə bağlı məlumatlarla yanaşı həmçinin X10 kənd təsərrüfatı istehsalat kooperativinin 1) 25 saylı, xx xxxxxx 1996-cı il tarixli əmri ilə 1996-cı ildə fasiləsiz iş stajına görə üstəlik əmək haqqlarının ödənildiyi, 2) 81 saylı xx xxxx 1997-ci il tarixli əmrlə kooperativin hesabına preslenmiş samanın pulsuz verildiyi, 3) 12 saylı, xx xxxxxx 1998-ci il tarixli sərəncamla üstəlik əmək haqqı ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Milli X11 rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 247 saylı, xx xxxxxxx 2020-ci il tarixli arxiv arayışında İddiaçı rayon arxivində saxlanılan keçmiş Həzrə kənd təsərrüfatı istehsalat kooperativininşəxsi hesab kitablarında 1996, 1997 –ci ilillərin bütün ayları üzə, 1998-ci ilin avqust ayına qədər aldığı əmək haqqılarının miqdarı qeyd edilmişdir. Dövlət Arxivinin arayışında qeyd edilən dövrlər həmçinin iddiaçıya məxsus əmək kitabçasında da öz əksini tapmışdır. Məhkəmənin iclaslarının gedişatı zamanı cavabdehin nümayəndəsi tərəfindən də araşdırılma aparılmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsinin Qusar rayon Xidmət nümayəndəliyinin böyük mütəxəssisi X4, Qusar rayon Dövlət Arxivinin müdiri X2 iştirakları ilə dövlət arxivinin arayışları tədqiq edilmiş və xx xxxxxx 2020-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlarda iddiaçının İddiaçı Qusar rayonu Qazıməmməd adına sovxozda və Həzrə KTİK-də 1972-1998-ci illərdə aldığı əmək haqqlarının miqdarı qeyd olunmuşdur. Eyni zamanda həmin aktda qeyd olunmuşdur ki, İddiaçı müəssisədə işlədiyi dövr ərzində almış olduğu əmək haqqından məcburi dövlət sosial sığorta haqları hesablanaraq Dövlət Sosial Müdafiə Fondunun hesabına tam ödənilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apardıqları tədqiqatlardan sonra iddiaçının işlədiyi dövrlərin dövlət arxivinin arayışları ilə təsdiq edildiyini və həmin dövrlərin ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi dövrlər həm dövlət arxivinin arayışları ilə təsdiq edildiyindən, həm də ona məxsus ИТ-1668461 saylı əmək kitabçasında qeyd edildiyindən həmin dövrlər ona yaşa görə əmək pensiyasının hesablanması zamanı nəzərə alınmalıdır. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi qanunvericilikdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün vətəndaşın qanunla müəyyən edilmiş yaş həddinə çatması və 25 il sığorta stajına və ya pensiya kapitalına malik olması zəruri şərt olaraq göstərilmişdir. Hazırki işdə də iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan yaş həddinə çatması ilə yanaşı 25 il sığorta stajına da malikdir. Buna görə də məhkəmə hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Qusar rayon Dövlət Arxivinin xx xxxxxxx 2020-ci il tarixli, 247 saylı arxiv arayışlarında qeyd olunan dövlərin İddiaçı sosial sığorta stajı kimi nəzərə alınması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Qusar rayon Dövlət Arxivinin xx xxxxxxx 2020-ci il tarixli, 247 saylı arxiv arayışlarında qeyd olunan dövlərin İddiaçı sosial sığorta stajı kimi nəzərə alınması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-163/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-163/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver