Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1630/2021 16.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Şamaxı rayonu, Çuxuryurd Bələdiyyəsinin 20 iyun 2007-ci il, 9 №-li qərarı əsasında X1 Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə mərhum X4 mülkiyyət hüququnun qeydiyyat alınması, buna dair çıxarış və texniki sənəd verilməsi öhdəliyinin cavabdeh 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Şamaxı rayonu, Çuxuryurd Bələdiyyəsinin 20 iyun 2007-ci il, 9 №-li qərarı əsasında X1 Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə mərhum X4 mülkiyyət hüququnun qeydiyyat alınması, buna dair çıxarış və texniki sənəd verilməsi öhdəliyinin cavabdeh 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Çuxuryurd bələdiyəsinin 20 iyun 2007-ci il, 9№-li qərarı ilə iddiaçının atası, X7 Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində 0,12 ha həyatyanı torpaq sahəsi satılmışdır. Həmin qərar qəbul edilənədək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən 11.06.2007-ci il tarixdə müvafiq rəy verilmiş, həmin torpaq sahəsinə görə müəyyənləşdirilmiş pul məbləği atası tərəfindən bələdiyyənin bank hesabına ödənilmiş, atasına satılacaq torpaq sahəsinin planı təsdiq olunmuş, torpaqların alqı-satqısına Çuxuryurd bələdiyyəsi rəhbərliyi ilə atası arasında akt tərtib olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qeyd olunan torpaq sahə ilə bağlı “Torpaq sahəsinin planı və ölçüsünü tərtib etmiş, X8 kitabını 13.09.2007-ci il tarixdə, 328 nömrə ilə uçota alınmışdır (A № 016560). İddiaçı bildirir ki, 2007-cü ildə mərhum atasına məxsus dövlət qeydiyyatına alınmış hüquq dövlət tərəfindən tanınmış və öz hüquqi qüvvəsini saxlayır, indiyə qədər hər hansı orqan, yaxud fiziki və ya hüquqi şəxs tərəfindən bununla bağlı reyestrə heç bir etiraz daxil olmamışdır. Göründüyü kimi, mərhum atasına məxsus hüquq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyata alındığından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 4.1-ci maddəsinə əsasən hal-hazırda da öz hüquqi qüvvəsini saxlamaqdadır. İddiaçının atası 21.01.2014-cü il tarixdə vəfat etmiş və ondan qalmış miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Bakı şəhəri 18 saylı notariat ofisinə tərəfindən müraciət olunmuş və həmin notariat ofisində vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən olunmuş və Notariat ofisinin notariusu 21.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə məktubla müracət edərək, mərhum X7 məxsus olan Şamaxı rayonu, Çuxuryurd bələdiyyəsi ərazisində yerləşən 1200 kv.m olan fərdi yaşayış tikmək üçün ayrılmış torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. Eyni, zamanda tərəfindən cavabdeh-orqana müraciət olunaraq, qeyd olunan torpaq sahəsinin mərhum X5 adına dövlət reyestrində qeydiyyata alınmasını, həmin torpaq sahəsinə dair çıxarış və texniki sənəd verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 14 saylı Şamaxı Ərazi İdarəsinin **********27 №li, 24 iyun 2021-ci il tarixli məktubu/bildirişi ilə mərhum atasının hüquqlarının qeydiyyata alınmasından imtina (bildiriş) etmişdir. Cavabdeh orqan 24 iyun 2021-iu il tarixli imtinanı onunla əsaslandırılmışdır ki, “Təqdim olunmuş sənədlər əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş elektron baza xəritəsində başqa mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşür. Torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə, həmin torpaq sahəsinin üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır ”. İddiaçı imtinanı əsassız və qanuna zidd hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, 1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir... Mülki Məcəllənin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını müəyyən edən 140-cı maddəsinə əsasən, Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda hüquqların qeydiyyatından imtinanın əsasları və qaydaları müəyyən edilmişdir. Lakin hüquqların qeydiyyatından imtina edilərkən bu Qanunun konkret normasına istinad olunmamışdır. Bu isə imtinanın əsassız olmasını söyləməə əsas verir. İddiaçı hesab edir ki, imtina/bildirişində qeyd edilən dəlil əsassızdır və qüvvədə olan qanunvericiliyə ziddir, inzibati orqan məhkəmədənkənar qaydada verdiyi ərizədə gətirdiyi dəlil və sübutlara münasibət bildirməmiş, qiymət verməmiş, müraciəti üzrə inzibati araşdırma aparmamış və faktiki olaraq inzibati icraatı həyata keçirməmişdir. Bu üzdən məsələyə inzibati iddia qaydasında məhkəmədə baxılmasına və hüquqlarının məhkəmə qaydasında qorunmasına zərurət yaranmışdır. Hüquqi əsaslandırılma: Qüvvədə olan qanunvericilik və bu qanunvericiliyin keşiyində duran dövlətimiz şəxsin daşınmaz əmlakının tanınmasına, qeydiyyatına, qorunmasına və müdafiə olunmasına, həmçinin daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı inzibati icraat qaydalarının qanuna müvafiq qaydada həyata keçirilməsinə, həyata keçirilmədikdə isə inzibati məhkəmə icraatı qaydasında həllinə təminat verir. AR Konstitusiyasının 26-cı maddəsinin (Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi) İ və İİ bəndlərinə əsasən, “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarım müdafiə etmək hüququ vardır. ” və “Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. ” AR Konstitusiyasının 29-cu maddəsinin (Maddə 29. Mülkiyyət hüququ) İ-İV bəndlərinə əsasən, “Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.” AR Mülki Məcəlləsinin 152-ci maddəsinin 152.1-ci bəndinə əsasən, “Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ”. 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 1.2.-Cİ maddəsi ilə (l)mülki hüquq subyektlərinin əmlak münasibətlərini tənzimləmək və (2)mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək bu Məcəllənin vəzifələri sırasında qeyd edilmişdir. Mülki Məcəllənin 2.2.-ci maddəsinə əsasən, mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Mülki Məcəllənin 4-cü maddəsinə (Maddə 4. Mülki hüquq münasibətlərinin obyektləri) əsasən, əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. İddiaçı bildirir ki, hüquq münasibətinin obyekti olan torpaq sahəsi mərhum atasına bələdiyyə tərəfindən satılmış, bununla bağlı bələdiyyə qərar qəbul etmiş, torpaq sahəsinin planı təsdiq olunmuş və atasının adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qeyd olunan torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin planı və ölçüsü”nü tərtib etmiş, X8 kitabında 13.09.2007-ci il tarixdə, 328 nömrə ilə uçota alınmışdır (A № 016560). Mərhum atasına məxsus torpaq sahəsinin koordinatları ləğv edildiyi halda bu barədə cavabdeh orqan atasına məlumat verməli idi. İddia ərizəsinə əlavə olunmuş sənədlərin surətindən göründüyü kimi mərhum atasına məxsus əmlak hüququ artıq tanınıbdır, mövcuddur, həqiqiliyi prezumpsiyası vardır. Belə ki, Mülki Məcəllənin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını müəyyən edən 140-cı maddəsinə əsasən, Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Əgər atasının dövlət orqanı tərəfindən tanınmış və qeydiyyata alınmış mülkiyyət hüquqları ilə bağlı texniki və ya hüquqi sənədlərimdə ondan asılı olmayan səbəblərlə hər hansı uyğunsuzluq yaranmışdırsa, yaxud hansısa texniki səhvə yol verilmişdirsə, bu, həmin sənədləri verən orqanın özü tərəfindən də əvvəllər tanınmış mülkiyyət hüququnun toxulunmazlığı saxlanılmaqla aradan qaldırılmalıdır. Qanunvericiliyin tələbinə görə, bu zaman elektron kadastr məlumat bazası məlumatlarına deyil, ilkin hüquqi sənədlərdəki məlumatlar əsas götürülməlidir. Bu isə onu deməyə əsas verir ki, qeydiyyat ilkin hüquqi sənədlərdəki məlumatlar əsasında aparılmalı idi. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 13.ll.-ci maddəsinə əsasən, “Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir”. Cavabdeh inzibati orqan bu normanı tətbiq etməmiş, elektron daşıyıcılardakı məlumatlarla kağız üzərindəki, yaxud qeydiyyat üçün əsas olmuş sənədlərdəki uyğunsuzluqlar aradan qaldırılmamışdır. Əgər əvvəllər qeydiyyata alınmış torpaq sahəsi ilkin qeydiyyat sənədlərində mərhum atasına məxsus torpaq sahəsi kimi qeyd edilmişdirsə, təkrar qeydiyyat zamanı da bu, əsas götürülməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adma rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.2-ci bəndinə əsasən, qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir-(bu normaya sonuncu düzəliş 06.12.2017-ci il tarixdə olunmuşdur). Beləliklə də, göründüyü kimi, cavabdeh inzibati orqan qanunvericiliyin məzmunundan və konkret normalarından irəli gələn funksiyalarını yerinə yetirməmiş, inzibati orqanın vəzifə öhdəlikləri üzrə hərəkətləri icra olunmamışdır. Konstitusiyaya, mülki və torpaq qanunvericiliyinə görə, hüquqları pozulduğu halda şəxsin məhkəmə müdafiəsi hüququ vardır. Mülki Məcəllənin 14.-cü maddəsində “Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları”( 14.2.3. ) mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından hesab edilmişdir. İddia ərizəsində açıqladığı faktiki hallardan, izahlardan, bu halları təsdiq edən dəlillərindən, istinadlarından və hər bir faktiki hala dair, həmçinin gətirdiyi hər bir dəlillərin təsdiqi ilə bağlı iddia ərizəsinə əlavə etdiyi yazılı sübutlardan görünür ki, tələbləri haqlıdır və ədalətlidir, qanunidir və əsaslıdır. AR İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən, ‘‘Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan(inzıbati aktın qəbııl edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... ”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, ona hüquqi yardım edilmiş, iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı Azərbaycan Respublikası Şamaxı rayonu, Çuxuryurd Bələdiyyəsinin 20 iyun 2007-ci il, 9 №-li qərarı əsasında X1 Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə mərhum X4 mülkiyyət hüququnun qeydiyyat alınması, buna dair çıxarış və texniki sənəd verilməsini istəyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun bu normasına əsasən, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış, miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. Bundan əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 1.2-ci bəndinə əsasən, bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Təlimatın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mövcud hüquqların qeydiyyatı ilə bağlı fərqli tənzimləmələr mövcuddur. Məhkəmə praktikasında “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a uyğun olaraq mübahisələrin həlli mövcud olsada, hazırda yuxarı instansiya məhkəmələrində bu çür mübahisələrin həllinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq həll edilməli olması mövqeyi formalaşdığına görə, hüquqi müəyyənlik prinsipi baxımından məhkəmə hesab edir ki, bu cür mübahisələr “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə uyğun həll edilməlidir. Hazırkı iş üzrə iş materiallarından görsənir ki, iddiaçı ölmüş şəxsin hüquqlarının qeydə alınması ilə bağlı inzibati orqana müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununla cavabdeh inzibati orqana bu cür səlahiyyət verilmədiyinə görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq cavabdeh inzibati orqana təkrar müraciət edə bilər, inzibati orqan imtina vəya hərəkətsizlik edərsə, məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1630/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1630/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver