Məhkəmə qərarları › İş №2-1(118)-1630/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1630/2023

03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1630/2023 03.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək Sumqayıt 2 saylı Trestin nəzdindəki PMK-168 də 4-cü dərəcəli dülgər, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək "xxxx" ATSC-də dülgər işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilədək Sumqayıt 2 saylı Trestin nəzdindəki PMK-168 də 4-cü dərəcəli dülgər, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək "xxxx" ATSC-də dülgər işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilə kimi 17 saylı Sumqayıt Texniki Peşə məktəbində dülgər ixtisası üzrə təhsil almışdır. 1973-cü ildən etibarən əmək fəaliyyətinə başlamaqla xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə kimi Sumqayıt 2 saylı Trestin 26 saylı Tikinti idarəsində, xx.xx.1975-ci ildə hərbi xidmətlə bağlı işdən azad olmuş və xx.xx.1975-ci ildən xx.xx.1977-cİ il kimi hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə kimi Sumqayıt 2 saylı Trestin 26 saylı Tikinti idarəsində, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə kimi Sumqayıt 2 saylı Trestin nəzdindəki SUM-23-də 3cü dərəcəli çilingər, xx.xx.1984-cü ildən xx.xx.2000-ci ilə kimi Sumqayıt 2 saylı Trestin nəzdindəki PMK-168 də (sonradan həmin müəssisənin adı dəyişdirilərək, X3 Kommunal Tikinti Tresti adlanıb) 4-cü dərəcəli dülgər, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə kimi "xxxx" ATSC də dülgər, xx.xx.2019-cu ildən indiyə kimi "xxxx" MMC-də fəhlə işləmişdir. 2022-ci il iyul ayında 65 yaşı tamam olduğundan cavabdehə müraciət edərək yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X3 Kommunal Tikinti trestində və xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Xırdalan ƏT’1 ATSCdə olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmış, müəssisələrin arxiv sənədləri mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyindən həmin dörvlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, İddiaçı qanunvericiliklə tələb olunan 25 il sığorta stajına malik olmadığından və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından az olduğundan yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı mübahisələndirilən stajı 9 il 15 gün, mübahisələndirilməyən stajı 22 il 2 ay 7 gün təşkil edir. İş materiallarında olan: - iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür. -İddiaçının adına xx.xx.1973-cü ildə açılmış əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə kimi Sumqayıt 2 saylı Trestin 26 saylı Tikinti idarəsində, xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə kimi Sumqayıt 2 saylı Trestin 26 saylı Tikinti idarəsində, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə kimi Sumqayıt 2 saylı Trestin nəzdindəki SUM-23-də 3-cü dərəcəli çilingər, xx.xx.1984-cü ildən xx.xx.2000-ci ilə kimi Sumqayıt 2 saylı Trestin nəzdindəki PMK-168-də 4-cü dərəcəli dülgər, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə kimi "xxxx" ATSC-də dülgər işləmişdir. xx.xx.2019-cu ildən hazırki tarixə kimi "xxxx"MMC-də fəhlə işləyir. - НЗ № 33904997 seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1975-1977-ci illrdə hərbi xidmətdə olmuşdur. -272 nömrəli xx.xx.1973-cü il tarixli attestatdan görünür ki. İddiaçı xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilə kimi 17 saylı Sumqayıt Texniki Peşə məktəbində dülgər ixtisası üzrə təhsil almışdır. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, “Xırdalan-ƏT” ATSC-nin sənədləri saxlanılması və mühafizə edilməsi məqsədi ilə Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyindın sorğunun icra mümkün olmamışdır. - Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubudan görünür ki, X3 Kommunal Tikinti Trestinin arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmədiyindən İddiaçı stajı barədə məlumat vermək mümkün olmamışdır. -ƏMDX tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 929 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı ət emalı kombinatının bazasında “X5 Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2010-cu il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Emissiya prospektinə əsasən bildiririk ki, müraciətinizdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısında aşkar olunmamışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfinfən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “ Xırdalan-ƏT ATSC xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 21.2,21.2.1-ci madəsinə görə işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti szığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, cavabdehin imtina cavabı iddiaçının 25 il iş stajına malik olmaması ilə bağlı olmuşdur. Belə ki, cavabdeh iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X3 Kommunal Tikinti trestində və xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Xırdalan ƏT’1 ATSC-də işlədiyi dövrləri onun sosial sığorta stakına daxil etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı 1973-cü ildən başlayaraq Sumqayıt 2 saylı Trestin nəzdində olan müxtəlif müəssisələrdə, tikinti idarələrində işləmişdir. Hətta 1990-cı ildə həmin müəssisədən ona orderlə 2 otaqlı mənzil də ayrılmışdır. O, 1992-ci ildə həmin müəssisədə yenidən işləməyə başlamamışdır, əmək kitabmasında aparılan qeydlərə görə hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1978-ci ildə 2 sayıə Testin nəzdində olan 26 saylı Tikinti İdarəsində işləməyə başlamış, 14.04.198-cü il tarixdə həmin Trestin 23 saylı Təmir Tikinti Quraşdırma İdarəsinə köçürülmüş, xx.xx.1984-cü il tarixdən həmin Trestin nəzdində olan 168 saylı PMK-ya keçirilmiş, xx.xx.1994-cü ildə həmin PMK “Sənaye Kommunal Tikinti” Birliyinin 4 saylı filialı, xx.xx.1996-c il tarixdə isə “Sənaye Kommunal Tikinti” Birliyinin 4 saylı Təsərrüfat hesablı sahəsi adlandırılmışdır. 14.03.200-ci il tarixdə öz xahişinə əsasən işdən azad edilmişdir. Beləliklə, nəzərə alınmalıdır ki, iddiaçının 1973-cü ildən başlayaraq 2000-ci ilin mart ayının 14-nə qədər əsas iş fəaliyyəti həmin müəssisə ilə bağlı olmuşdur. Hazırda cavabdeh idiaçının 1992-ci ilə qədər işlədiyi dövrü sosial sığorta stajına daxil etsə də, 1992-2000-ci illərdə olan dövrü sırf müəssisənin sənədlərinin arxivə təhil verilməməsi səbəbi ilə qəbul etməkdən imtina edir. Məhkəmə yuxarıda qeyd edilən normaların müddəalarının təfsirindən və işin faktiki hallarından çıxış edərək hesab edir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X3 Kommunal Tikinti trestində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməlidir. Bu halda onun sosial sığorta stajından artıq təşkil edəcəkdir ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya təyin edilməsinə əsas verir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının “Xırdalan-Ət” müəssisəsində işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi barədə tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iddiaçının həmin müəssisədə işləməsi əmək kitabmasından başqa heç bir sübutla təsdiq edilmir. “İnzibati icraat haqqında” Qanunun 19.1-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək X3 Kommunal Tikinti trestində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar